ÜRFAN MƏMMƏDLİ

“Azər-Türk Bank” cibgirlik edir...

“Azər-Türk Bank” cibgirlik edir...

ÜRFAN MƏMMƏDLİ
“Azər-Türk Bank” necə bankdır? Bu sualı özüm özümə dəfələrlə vermişəm. Cavabım da həmişə müsbət olub.
Öncə onu deyim ki, bu bankın müştərisiyəm. Maaşımı bu bankın vasitəçiliyi ilə alıram. Maaşımı bankomatlardan çıxaranda, nağdsız ödənişlər edəndə indiyə qədər heç bir əngəllə rastlaşmamışam. Hər hansı bir əməliyyatın icrası üçün bankın ofisində olarkən ideal xidmətin şahidi olmuşam.
Bir dəfə ofisdə bir bank əməkdaşının müştəri ilə kobud danışmasının şahidi oldum. İşimi başa çatdırandan sonra mənə verilmiş kağız parçasının müvafiq bölməsində şahidi olduğum hadisə barədə məlumat yazdım. Bir neçə gündən sonra bankdan mənə zəng edib hadisəni təfsilatı ilə danışmağımı xahiş etdilər. Danışdım.
Növbəti dəfə bankın ofisinə gedəndə həmin əməkdaşı orada görmədim.
Yuxarıda yazdıqlarım əsasında məndə belə təəssürat yaranmışdı ki, bu bank bütün işlərini müasir standartlar üzərində qurub və müştəri onun üçün  hər şeydən öndədir. Hətta bütün tanışlarıma bu bankın xidmətindən istifadə etməyi tövsiyə edirdim.
İyulun 7-də şahidi olduğum hadisə isə “Azər-Türk Bank” barədəki bütün təəssüratlarımı alt-üst etdi.
Qeyd etdiyim tarixdə aldığım təyyarə bileti üçün maaş kartımdan onlayn 434,90 avro ödədim. Telefonuma ödəniş barədə SMS gəldi.  Həmin SMS-i olduğu kimi oxuculara təqdim edirəm (texnoloji dildə desəm, copy-paste edirəm):

Mebleg: - 434.90 EUR
Odenis: ECOM ***0372
Unvan: TRAVELGENIO, ES
07.07.22 13:44
Balans: 373.68 AZN

Əməliyyatın bildirişi telefonumdakı mobil tətbiqdə də öz əksini tapdı. Bildirişi olduğu kimi bura yazıram:

TRAVELGENIO
Səyahət
-434.9
757.29 AZN, məzənnə 1,741
Əməliyyatdansonraqalıq 373.68₼

(Bildirişin skrinşotu)

Hörmətli oxucu, gördüyünüz kimi, hər iki bildirişdə əməliyyatdan sonra kartımda 373.68 manat qaldığı qeyd olunur.
Üç gün sonra təsadüfən mobil tətbiqə baxdım. Kartımın balansında 368.15 manat qaldığını gördüm. O gündən bəri (təyyarə bileti alandan sonra) heç bir əməliyyat etməmişdim. Bəs məbləğ niyə azalıb?
Bankla əlaqə saxladım.  Bankın cavabı mənə qəribə gəldi:
“Hörmətli müştəri əməliyyatın təsdiqi olunan zaman günün məzənnəsinə uyğun olaraq, məzənnə fərqi yaranmışdır. Bununla bağlı konvertasiya olunub, qarşı tərəfin hesabına köçürülmüşdür”. (Cavabı olduğu kimi köçürdüm (copy-paste elədim), orfoqrafik səhvlər mənə aid deyil).
Doğrusu, izahı tam dəqiqliyi ilə başa düşmədim. Anladığım bu oldu ki, mən əməliyyatı edəndən bir qədər sonra (bəlkə də günün sonunda) avronun məzənnəsində dəyişiklik olub. Ona görə də mənim kartımdan əlavə 5 manat silinib.
Təbii ki, banka etirazımı bildirdim: mən ödəniş etdiyim anda məzənnə nə olubsa, hesabımdan pul həmin məzənnəyə əsasən silinməli idi və silinib də. Bu barədə mənə həm bankdan, həm də bileti satan agentlikdən məlumat verilib. Sonradan məzənnənin dəyişməsinin müştəriyə nə dəxli var? Lap deyək ki, dəxli var. Axı siz müştərinin hesabından ondan xəbərsiz vəsait silə bilməzsiniz. Ən azı bu barədə müştəriyə xəbər verməli idiniz.
Bankın növbəti cavabı:
“Xarici valyutada ödənişlər zamanı məzənnə fərqindən bu kimi hallar yaşanır. Qeyd edilən balans fərqi həmçinin müsbətə doğruda dəyişə bilərdi və yaranan fərq EUR valyutasının volatil olması ilə bağlıdır. Şikayətinizi həmçinin növbəti linkdən keçid edərək bildirə bilərsiniz: https://atb.az/ivt/”.
Əvvəla, fərqin müsbətə doğru dəyişməsi müştərinin xeyrinə olar, bu halda məlumat verilməyə bilər. Çünki bu hal banka başıaşağılıq gətirməz, əksinə müştəridə banka inamı daha da artırar. İkincisi, müştəriyə onun başa düşəcəyi formada izah verilməlidir. Mən bank işçisi, iqtisadçı deyiləm, “EUR valyutasının volatil olması” mənə heç nə demir. Bəlkə də oxuculardan bunu anlayanlar var. Amma müştərinin hamısı bank mütəxəssisi deyil və “volatil”in mənasını bilməyə borclu deyil.
“Azər-Türk Bank” üçün bu “volatil”lik öz hərəkətinin nəticəsini ört-basdır etmək cəhdindən başqa bir şey deyil.
Mən maaş kartımla dəfələrlə xarici valyutada onlayn alış-veriş etmişəm. Hər alış-verişdən sonra bankın mənə göndərdiyi bildirişə inanıb balansımı yoxlamamışam. Görəsən, həmin əməliyyatlarda “Azər-Türk Bank” mənim hesabımdan əlavə pul götürməyib ki? Allah bilir....
Müştərinin bank hesabında olan pul banka verilmiş əmanətdir. “Azər-Türk Bank”ın etdiyi hərəkət əmanətə xəyanət deyilmi?
Mənim bank hesabım mənim cibimdir. Hesabımdan məndən xəbərsiz pul götürmənin adını nə qoyum?
“Azər-Türk Bank” mənim bank hesabımda etdiyi hərəkətə nə ad qoyur qoysun, özü bilər. Əgər sən birinin cibindən özündən xəbərsiz pul götürmüsənsə, bunun bir adı var: CİBGİRLİK.
“Azər-Türk Bank” cibgirlik edir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top