ÜRFAN MƏMMƏDLİ

Palçıqlı kənddə dövlət quran kişi

Palçıqlı kənddə dövlət quran kişi

ÜRFAN MƏMMƏDLİ
Bu gün yanvarın 31-dir. Mediaya nəzər salsaq görərik ki, təqvimin adi günlərindən birini yaşayırıq.  Təbii ki, kiçik istisnalar var. Elə mənim bu yazım da həmin istisnalardan biridir.

Əslində bu gün bizim təqvimin adi günlərindən hesab olunmamalıdır. Çünki bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Milli Qurtuluş Hərəkatının ideoloqu Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu gündür.

Hər ölkənin tarixində belə şəxsiyyət var və onlar yeganə olurlar. Çünki dövlət bir dəfə qurulur və həmin quruculuq hərakatının bir lideri olur. Doğrudur, tək adam dövlət qura bilməz. Amma tarixin yetişdirdiyi müstəsna şəxsiyyətlər var ki, onlar məhz liderlik qabiliyyəti ilə ətrafına həmfikirlər, silahdaşlar toplayır, əqidəsi uğrunda mübarizə aparır, bu yolda həyatın daş-kəsəkli cığırlarından bacarıqla keçir və nəhayətdə istədiyinə nail olur. Rəsulzadə məhz həmin liderdir.

Biz ötən əsrin 80-ci illərinn axırlarına qədər bu böyük siyasi xadim barədə müsbət yüklü əsərlər oxumamışdıq. Onu bizə “vətəni yadlara satan şarlatan kimi” tanıtmaq istəyiblər. Amma XX əsrin sonlarında Azərbaycan Milli Azadlıq Hərəkatı alovlandıqdan sonra kimin kim olduğu aydınlaşdı.

İndi stolumun üstündə Nəsiman Yaqublunun "Azərbaycan Milli İstiqlal Mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" adlı monoqrafiyası və tərtibçiləri V. Allahverdiyev və Ş. Mehdiyev olan "Azərbaycan Demokratik Respublikası" adlı kitab var. Bundan başqa Şirməmməd Hüseynovun və Cəmil Həsənlinin də bu mövzuda araşdırmaları ilə tanış olmuşam.

Biz 1991-ci ildə müstəqilliyimiz bərpa etmişik. Amma o zaman artıq əlimizdə pis-yaxşı bir dövlət modeli var idi. Azərbaycan SSR prezidentli dövlət quruluşuna malik müstəqil olmayan bir ölkə idi. Hər nə qədər orada ölkə başçısı prezident olmasa da, Kommunist partiyasının rəhbəri, kağız üzərində də olsa, Prezident səlahiyyətlərinə malik idi və bu hazır strukturu müstəqilləşdirmək və demokratikləşdirmək lazım idi. Ötən əsrin sonlarında müstəqilliyimizin əldə olunasında əməyi olanların xidmətinə kölgə salmadan demək istəyirəm ki,  sovet dövründən qalma strukturlar üzərində islahatlar aparmaqla müstəqillik yoluna çıxmaq mümkün idi və bu, yeni müstəqil dövlətin qurulması deyil, 70 il əvvəl qurulmuş dövlətin müstəqilliyinin bərpası idi.

İndi qarşımdakı kitablara baxır və yaddaşımı silkəlyirəm. Azərvaycan Xalq Cümhuriyyətinin qurulduğu şəraiti təsəvvür etməyə çalışıram. Gözümün qarşısında işığı, qazı, suyu, yolu, telefonu, televiziyası, radiosu olmayan palçıqlı bir kənd canlanır. Bu cür şəraiti olan 114 min kvadrat kilometrlik (bəzi mənbələrdə 97,3 min kv.km. göstərilir) bir ərazidə sən dövlət qurmalısan.

İyirminci əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarının əlində hazır dövlət strukturu yox idi. Rəsulzadə belə bir şəraitdə dövlət quruculuğu işinə rəhbərlik edib. Necə  deyərlər, palçıqlı bir kənddə dövlət qurub.
Bəzən belə deyirlər ki, Rəsulzadə Azərbaycan hakimiyyətində rəhbər vəzifə tutmayıb. Bu cür yanlış fikirlər Rəsulzadəni tarixdən silmək üçün bədxahların ortaya atdığı antitəbliğat vasitəsindən başqa bir şey deyil.

Yuxarıda qeyd etdiyim kimi 1918-ci ildə Azərbaycan istiqlalını elan edən zaman dövlət strukturları yox idi və buna görə də Zaqafqaziya Seymindən ayrılan müsəlman deputatlar ölkəni müvəqqəti idarə etmək üçün Milli Şura yaratdılar. Parlament qurulana - dekabrın 7-ə qədər ölkəni məhz həmin Milli Şura idarə edib və Şuranın sədri də Rəsulzadə olub.

Qeyd etməliyəm ki, Şuraya sədr seçilən iclasda Rəsulzadə özü iştirak etməyib. O zaman o Batumda türklərlə Azərbaycanın gələcək inkişaf istiqamətləri və birgə fəaliyyət barədə danışıqlar aparırdı.

1918-ci il dekabrın 7-də parlamentin ilk iclasını da Rəzulzadə açmış, çıxışında deputatları firqə ehtiraslarını, şəxsi qərəzləri bir yana qoyub, vətən qayğılarını hər şeydən üstün tutmağa çağırmış və buna nümunə olaraq parlament sədrliyinə namizədliyini verməmişdir. Parlament fəaliyyədə başladıqdan sonra Məhəmməd Əmin Rəsulzadə fraksiya rəhbəri kimi mübarizəsini davam etdirmişdir.

Onu da xatırlatmaq lazımdır ki, o zaman da Azərbaycan ərazi bütövlüyü uğrunda ermənilərlə mübarizə aparırdı, özü də onda hələ ərazilərimiz, indiki kimi, beynəlxalq təşkilatlatlar tərəfindən tanınmamışdı. Digər tərəfdən Bakıda Şaumuyanın rəhbərlik etdiyi rus tökülüntüləri də milli hökuməti devirmək üçün var qüvvəsi ilə çalışırdı. Rəsulzadə və onun fədakar silahdaşları belə çətin bir şəraitdə Azərbaycan adlı dövlət qurdular və onu dünyaya tanıtdırdılar.

Məlumdur ki, aprel işğalından sonra Rəsulzadə həbs olunmuş, lakin Stalin onu azadlığa buraxdıraraq Moskvaya aparmış və ömrünün qalan hissəsini firavan yaşaması üçün ona şərait yaratmışdı. Rəsulzadə isə ilk imkan düşən kimi bu "firavan" həyatdan imtina etmiş, “bir dəfə qalxan bayrağın bir daha enməyəcəyini” sübut etmək üçün Azərbaycan davasını mühacirətdə davam etdirmyə qərar vermişdir. Beləcə, palçıqlı kənddə dövlət quran bu böyük insan həyatını da qürbətdə başa vurmuşdur.

P.S. Bu başlıq altında 15 il əvvəl də yazı yazmışdım. Heç nə dəyişmədiyinə görə bu mövzuya yenidən qayıtdım və həmin yazıdakı faktları yenidən xatırlatmalı oldum.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top