ƏLİ ÇƏRKƏZOĞLU

Yuxarılarda hesablaşma: Paqon mandata qarşı

Yuxarılarda hesablaşma: Paqon mandata qarşı

ƏLİ ÇƏRKƏZOĞLU
Son zamanlarda deputatlarla bağlı elə əcaib, biədəb əməllərə rast gəlirsən ki, matın-qutun quruyur. Bəs nə oldu, millətin ələyə-ələyə seçib ortaya çıxardığı, özünə vəkil seçdiyi adam bu imiş? And içərəm ki, millətin onlardan xəbəri yoxdur, o cür deputatlar kimin, ya da nəyin hesabına o mandatı ələ keçiriblər, bu məsələ bir yazıya sığmayacaq qədər böyük sualdır. A kişilər, səksən yaşlı, ömrü boyu vəzifələr görmüş, alim, onlarla kitabı çıxmış yazıçı, dəfələrlə mandatla mükafatlandırılmış, tərcümeyi-halına baxanda əxlaq mücəssiməsi kimi görünən, iqtidar partiyasının ən böyük rayon şöbələrindən birinə rəhbərlik edən Hüseynbala müəllimin sözün hər mənasında tumarlı əli sözlə ifadəsi mümkün olmayan yerdə yaxalandığı halda, bu kişi onu ifşa edənlərin Allahın qəzəbinə gələcəyini söyləyir. Yəni tutulmamış oğru, bəydən, xandan doğru. Bu cür əməllərin ifşa edilməsinin xoş əməl olmadığını qəbul eləyə bilərik, amma sən dünyanın hər üzünü, hər cür naz-nemətini görmüş, axtarsaq, bəlkə də "həci" mandatını da daşıyan birisi kimi heç düşünmədinmi ki, elədiklərini kimsə görməsə də Allah görür? Adam istər-istəməz düşünür ki, bu cür adam o nəhəng müəssisələrə rəhbərlik eləyəndə nə oyunlar törətmiş ola bilər. Tək o deyil ki... Professor, kafedra müdiri, partiya rəhbəri, iyirmi il mandat gəzdirmiş, türlü-türlü təltiflərə layiq görülmüş, amma bütün bu üstün məziyyətlərinə baxmayaraq, iki kəlməni ard-arda gətirə bilməyən Xanhüseyn müəllim uzun götür-qoydan sonra ölkə rəhbərinə məktub yazır və sən də mətbuatda çap olunmuş o məktubu dəfələrlə oxuyandan sonra başa düşürsən ki, bu kişi mandatının bundan sonra qızına verilməsini xahiş edirmiş. Bilmirsən nə deyəsən, təəccübdən adam mat qalır, amma heç sübhəsiz, hamıdan çox Prezident məəttəl qalıb ki, yəni bu qədər?.. Ramiz Mehdiyevin mandatlı kürəkəni burdan yasaq elan edib, ordan övladına böyük toy edir, akademik depuatat Abel müəllim çaxır biznesi ilə məşğul olur, bir başqası sərxoş olub əcaib açıqlama verir...
İndi də Xaçmazın deputatı Eldəniz Səlimov rekord sayıla biləcək əməlləri ilə gündəmdədir. Gecə saat 1-də zəng edib polisi ayağına çağırır, sonra da nə yemisən, turşulu... Doğrudur, polisin döyülməyi o qədər də təəssüf və təəccüb doğuran hal deyil, amma məsələ ondadır ki, haqsız haqlını döyüb, təhqir edib, üstəlik paqonunu da cırıb. Bəlkə də işin bu qədər böyüməsinə səbəb elə o paqonun cırılması olub. Çünki paqon məsələsi DİN üçün namus məsələsi kimidir, ona görə də məsələ ictimailəşən kimi nazir Vilayət müəllim var gücü ilə əməkdaşının müdafiəsinə qalxdı və inanıram ki, sabah Xaçmaz rayonu deputatsız qalacaq. Karantin qaydalarını pozan, qaydalara xidmət eləməyə borclu olan polisi də Şabanın məşhur filmindəki "bana Mazlumu gətirin" deyərcəsinə basıb döyən deputat Eldəniz Səlimov guya hər kəsdən üzr istədi. Ona görə "guya" deyirəm ki, bu üzrdə peşmançılıqdan çox, hədə-qorxu var, "qoy məsələ sovuşsun, görün başınıza nə oyun açacam" kimi. Adamda hikkəyə bax ki, obyektinə gəlib xəbərdarlıq edən polisi gecənin yarısı ayağına çağırtdırır və döyür. Sən indi beləsindən hansı ədaləti gözləyə bilərsən?! Deputatın halı başa düşüləndir, adamın gözü ayağının altını görmür, mən döyülən, söyülən, sonra da gedib evində səssizcə yatan o polisin mağmunluğunu, hər hansı bir tərzdə müqavimət göstərməməsini anlaya bilmirəm. Qanun keşikçisinin canında bu qədər qorxu, bu qədər acizlik nə deməkdir axı?
Görünür bu deputatlar arasında camaatın düşündüyü qədər də normal olmayanlar az deyil. Bəlkə heç olmasa ildə bir dəfə deputatları tibbi müayinədən keçirmək, onlardan geniş təyinatlı qan analizi götürmək, qollarını yaxşı-yaxşı yoxlamaq lazımdır ki, kimin nəyi var-nəyi yox ortaya çıxsın? Yoxsa xalqın vəkili kimi uca bir məqamı sahiblənmiş birisinin bu qədər əcaib, anormal davranışlarına bir ad tapa bilmirsən.
Yəqin ki, iqtidar bu məsələ ilə bağlı sərt tədbirlər alaraq digər deputatlara da toxunulmaz olmadıqlarını xatırladacaq. Elə hesab eləmək olar ki, Eldəniz Səlimova bu gücü verən maliyyə mənbəyinin böyük bir həssəsi əlindən alınacaq. Ümumiyyətlə deputatların bizneslə məşğul olması qanunla qadağan edildiyi halda, onların bu qədər şirkət, holding işlətmələrinə, kiminə "krışalıq", kiminə "sponsorluq" eləməyinə niyə göz yumulur ki, nəticəsi də belə olur? Bizdə belədir ki, əgər adam özünü yaxşı aparırsa, çepe çıxarmırsa, neyləyir-eləsin onun işinə göz yummaq olar. Amma qanun bunu demir, ona görə də bizdə qanun güclü deyil, güclü olan qanundur. Nəticəsi də belə olur.
Bu cür adamı kim deputatlığa namizəd irəli sürübsə, indi onunla birlikdə cavab verməlidir. Bu adam iqtidar partiyasını təmsil edir, indi o partiya bir açıqlama verməlidir ki, niyə onu bu mandata layiq görüb. Çox güman ki, sabah Səlimovun mandatı əlindən alınacaq, çünki belələri hava şarının səbətindəki qum torbası kimidir, birini tullayırsan, bir qədər yüksəlirsən. Bu cür deputatların xalq arasında xətir-hörməti olmadığı kimi, onları bu mandata layiq görənlərin yanında da bir dəyərləri yoxdur. Xatırlayırsınızsa, son seçkilərdə iqtidar yüngül, çox yüngül bir eksperiment keçirdi, ən sanballı, layiqli bildiyi Aydın Mirzəzadə, Fəzail Ağamalı kimi bir neçə namizədi dəstəksiz-filansız seçicilərin arasına göndərdi və o namizədlər getdikləri yerdən qovuldular. İş orasındadır ki, qovulanlar sonradan o qovulduqları yerin mandatını sahibləndilər. Yəni iqtidar partiyası elə düşünürdü ki, bunların başını bəzəyib adam arasına çıxarmaq olar, amma bir daha məlum oldu ki, xalq onun səsini eşitməyən, seçkidən-seçkiyə ortalıqda görünən adamı özünə vəkil eləmək istəmir. Başqa-başqa rayonların seçiciləri deputat Qənirə Paşayevaya ona görə üz tuturlar ki, bu xanım çoxlarından fərqli olaraq seçicilərini dinləyir, gücünün yetdiyi qədər kömək eləməyə çalışır.
Sabah Eldəniz Səlimovun mandatı alınacaq və ola bilsin ki, elə oradaca qandallanacaq, amma Eldənizin biri gedəcək, o biri gələcək. Qədərdə islah olmaq varsa, Allah islah eləsin, yoxdursa, Allah bu xalqın haqqını yeyən, yetim-yesirə zülm eləyən hər kəsin bəlasını versin! Bir də yazının sonunda o ağlıma gəldi ki, əgər deputatın döydüyü polis deyil, həyatını bu xalqın maariflənməsinə həsr etmiş, heç bir seçki saxtakarlığına bulaşmamış gözəl bir müəllim olsaydı, imtahanlarda gic-gic suallarla müəllimlərin başına oyun açılmasına göz yuman təhsil nazirimiz görəsən neyləyərdi?

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top