ÜRFAN MƏMMƏDLİ

Qarabağa üç baxış

Qarabağa üç baxış

ÜRFAN MƏMMƏDLİ
Qarabağda 30 ilə yaxın davam edən status-kvo dəyişib. Bunu heç kəs inkar etmir.
2020-ci ilin sentyabrın 27-dən başlayaraq 44 gün davam edən müharibədə Azərbaycan ötən əsrin 90-ci illərində işğal olunmuş bütün torpaqlarını azad etdi. Amma ərazi bütövlüyünün tam bərpa olunması məsələsi hələ də açıq qalır. Belə ki, SSRİ dövründən erməni icmasının məskunlaşdığı Azərbaycan ərazilərində suverenliyimiz bərqərar olunmayıb.
Müharibə bitib, yerdə qalan problemli  məsələlər diplomatik yollara  həll edilməlidir. Suverenliyimizin bərqərar olunmadığı ərazilərdə əsasən mülki əhali yaşayır. Mülki əhali ilə müharibə etmək olmaz. Məhz bu amil Qarabağ barədə bir neçə fikir yaradıb. Qarabağa biz və ermənilər muxtəlif bucaqlardan baxırıq. Real baxış isə həm bizim, həm də ermənilərin baxışından fərqlənir.
Azərbaycanlı baxışı
Bizim öz baxışımız iki cürdür.
Birinci baxış: Biz müharibədə qalib gəlmişik. Erməniər kapitulyasıya aktına imza atıblar. Qarabağda vəziyyət bizim istədiyimiz kimidir. Problemlər var, amma həmin problemlərin həll edilməsi üçün zamana ehtiyac var.
İkinci baxış: Biz müharibəni yarımçıq saxladıq. Daha 3-4 gün davam edib Xankəndini almalı idik ki, məsələ kökündən həll olunsun. Hazırkı vəziyyətdə Qarabağda yaşayan mülki ermənilər Azərbaycan hökumətini tanımır. Hətta bizə meydan oxumaq istəyirlər. Belə ki, biz Ağdamdan Şuşaya, Tərtərdən Kəlbəcərə qısa yollarla gedə bilmirik. Ermənilər isə Ermənistana və geriyə sərbəst hərəkət edə bilirlər. Özü də təkcə ermənilər deyil, istənilən ölkənin vətəndaşı bizdən icazə almadan erməni icmasının yaşadığı əraziyə sərbəst daxil ola bilir.
Bizim baxışımızın hər iki istiqamətində həqiqət payı var. Amma heç bir istiqamət reallığı tam əks etdirmir.
Erməni baxışı
Ermənilər də Qarabağa iki prizmadan baxırlar.
Birinci baxış: Uzun illər bizi inandırmağa çalışdılar ki, Qarabağı Azərbaycandan alacağıq. Amma bu baş vermədi. 30 il nəzarət etdiyimiz ərazilər bir anda əlimizdən alındı. Əgər bu torpaqlar bizim deyildisə, niyə bu qədər qurbanlar verirdik? Artıq Azərbaycan istədiyinə nail olub. Bundan sonra bizim əsgərlərimiz ölümə getməli deyillər.
İkinci baxış: Biz bu qədər qurbanlar verib azad etdiyimiz torpaqları xainlər satdılar. 90-ci illərdə əldə etdiyimiz uğurları təkrar etməliyik, buna bizim gücümüz var. Qarabağ heç vaxt Azərbaycanın olmayıb, bundan sonra da olmayacaq.
Göründüyü kimi, Ermənistanda özləni aldanmış sayanlar da var, revanşistlər də.
Real baxış
Sovet dövründə mövcud olmuş Dağlıq Qarabağ Muxtər Vilayətinin (DQMV) ərazisi 4,4 min kvadrat kilometr olub. Ermənilər 90-ci illərdə Rusiya ordusunun köməyi ilə bizim daha 7 rayonu işğal edib “Dağlıq Qarabağ Respublikası” elan etdilər. Düz 27 il 13 min kvadratkilometr əraziyə nəzarət edib buranı öz dövlətləri saydılar.
Üzücü danışıqlar nəticə verməyəndən sonra Azərbaycan ordusu bir həmlədə torpaqlarımızın 10 min kvadrat kilometrini azad etdi. 
Hazırda bizim torpaqlarımızın 3,2 min kvadart kilometrlik hissəsində erməni icması məskunlaşıb. Bu keçmiş DQMV ərazisindən 1,2 min kvadrat kilometr azdır.
Son
Erməni icmasının yaşadığı ərazidə mülki əhali ilə birgə Azərbaycan dövlətinə qarşı cinayət törətmiş separatçı qurum və onun rəhbərləri yaşamaqdadır. Təəssüf ki, onları zərərsizləşdirmək hələ ki, mümkün olmayıb. Artunyanlar, Balasanyanlar barədə Azərbaycan prokurorluğunda cinayət işi açılsa da, onlar Azəraycan ərazisində yaşamaqda və Azərbaycan dövlətinə meydan oxumaqda davam edirlər.
Bütün bunlar isə Azərbaycan ordusunun Ermənistan üzərində qazandığı qələbəyə kölgə salmamalıdır. Biz bu gün Şuşaya, Kəlbəcərə qısa yollarla gedə bilməməyimizdən gileylənirik, ermənilər isə...
Gəlin aldanmış və revanşist olmasından asılı olmayaraq, Qarabağa bir də ermənilərin gözü ilə baxaq: dünən harda idilər, bu gün hardadırlar?


 

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top