ƏLİ ÇƏRKƏZOĞLU

Səba Tümərin gülüşü

Səba Tümərin gülüşü

ƏLİ ÇƏRKƏZOĞLU
Biz tərəflərdə biri gülərkən ölçünü qaçıranda, yəni qaqqıltısı bir az yüksək çıxanda "gülüşaa quzu kəsim" - deyirlər. Kimsə kimsənin gülməyinə quzu kəsməz, sadəcə qınaq anlamındadır, yəni "səsini bir az qıs" deməkdir, amma Səba Tümərin yenicə yumurtlamış toyuq qaqqıltısına oxşayan gülüşünü bir iş adamı 90000 lirəyə satın aldı. Bilməyənlər bilsinlər ki, Səba Tümər Türkiyə telekanallarında aparıcılıq edib və apardığı proqramlar da ən çox onun şaqqanaq çəkib gülməyi ilə yadda qalıb. Səba xanımın gülməyini qoyaq bir tərəfə, sizin də xoşunuza gəlməsə, mənim kimi kanalı dəyişərsiniz, məsələ tamam, amma bir adamın gülüşünün necə satılıb-alındığını anlaya bilmirəm. Görəsən gülüşünü satmış Səba xanım bundan sonra ancaq həmin iş adamının icazəsi iləmi şaqqanaq çəkə biləcək? Ya həmin iş adamı Səba xanımdan satın aldığı o gülüşdən necə faydalanacaq? Avtomobilinə siqnal düzəltsə, yol polisi nəfəsini kəsər; telefonunun zənginə qoysa, evdə xanım haqlı olaraq dava salar ki, dəf ol get corabını da Səba Tümər yusun; qapıya siqnal olaraq quraşdırsa, adam dəli olar. Təsəvvür edin ki, səhər səkkizin yarısında gözünü açıb yerinin içində gərnəşdiyin yerdə birdən Səba Tümərin qaqqıltısı evi başına götürür. Dözüləsi hal deyil. Bəlkə o iş adamının içindən gəlmişdi ki, o pulu Səba Tümərə versin, ona görə də bu işə bir ad qoymaq üçün belə alqı-satqı oyununu çıxardılar. Deyirlər Hülya Avşar da gözlərinin rəngini satır, Gülbən Ərgən də bir neçə sözü yüksək məbləğ qarşılığında satışa çıxarıb. Başını çevirib dünyaya baxanda görürsən ki, indi gözlə görünün, əllə tutulan şeylərdən daha çox mücərrəd matahların bazarıdır. Alın təri ilə qazanılan, arxasında qızıl dayanan pullar qalıb bir tərəfdə, indi hər kəs kriptovalyuta adlanan mücərrəd, arxasında əməyin, alın tərinin və ya hər hansı dəyərin dayanmadığı pula meyllənib. Bu kriptovalyutanın dünyada əsas dəstəkçisi olan TESLA şirkətinin icraçı direktoru Alan Maskın bir gecədə 25 milyard dollar qazanması xəbəri uzun müddət dünya mediasının gündəmindən düşmədi. Ona görə də indi 16-17 yaşlı yeniyetmə çalışaraq, alın təri ilə pul qazanmaq haqqında düşünmür, kompyter arxasında oturub başını əlləri arasına alır və tək düşüncəsi də odur ki, kəsə yoldan, kiminsə hesabına girərək necə eləsin ki, bir neçə milyonu öz adına keçirə bilsin. Sabirabadın Həşimxanlı kəndindən həftədə iki dəfə 140 kilometr yol sürüb Yasamalda həyətimizə göyərti gətirən Əlövsət iri-iri 8 dəstəni 1 manata zar-zor satır, gəlib-gedəndə yolda yandırdığı yanacağın haqqını hesablayanda da görürsən ki, o yetimə qəpik-quruş qalır. Neyləsin, o boyda zəhmətlə əkib-becərib, gözünün qabağında qartalıb getməsinə laqeyd qala bilməz ki. Ona görə də dəyər-dəyməzinə satmalıdır. Köhnə kişilər "dünyanın çivisi çıxıb" deyərdilər, biri qaqqıltısını bir kişinin bir neçə illik qazancına satır, biri bir gecədə 25 milyon dollar pul qazanır, biri kosmosa çıxıb ordan yerə tamaşa eləmək üçün iki milyon verir, biri 90 dəqiqə futbol oynayaraq yarım milyon qazanır... Təkcə Messinin bir komandadan digərinə transferi üçün ortada oynanan məbləğə bütün Afrika qitəsini doyurmaq olar. Halallığa, alın tərinə qarşı səlib yürüşü gedir. Dinbilməz camaatımızın gözündə uzun ağ geyimləri, başındakı çalmaları ilə İslam təmsilçisi kimi görünən, halal zəhmətlə əlləri qabar olmayan, tər tökməyən, bütün həyatı əyləncə ilə keçən ərəb şeyxlərinin (şeyləri kimi də oxuna bilər) Kürdəmir çöllərində satın aldıqları göyərçinləri diri-diri öz şahinlərinə yem eləməsini görən cavanlarımız istər-istəməz düşünürlər ki, bu nə ədalətdir, biz səhərdən-axşama qədər bostanda qan-tər töksək də adam kimi dolana bilmirik, amma bunlar çölün ortasında çadır qurub quşuçurdur, ov edir, istədikləri kimi yeyib-içir, əylənir, kefə baxırlar. Eeh, ay qardaş, istər xarici şeyx olsun, istər yerli şeyx, geyim-gecimini, danışığını bir tərəfə burax, sən onun adamlığına bax, yaşayışına bax, halal olub-olmadığına bax. Əgər başqalarına yasaq olan bir şey o şeyx üçün açıq qapıdırsa, demək o şeyx julikdir, maşennikdir (bilərək bu ifadələri seçdik) və sənin hörmətinə layiq deyil.
Hər dəfə bu mövzuda düşünəndə istər-istəməz bu dünyanı da, biz insanları da yaradan və bu dünyanı biz insanlara əmanət edən Allah-Taalanın Cəbbar adı ağlıma gəlir. Cabbar, cəbr, məcbur sözləri eyni kökdən gəlir, hamısı da bir məcburiyyəti ifadə edir, amma Allah-Taalanın insanı məcbur etməsi əlini-qolunu tutması, məcburən bir səmtə yönəltməsi anlamına gəlmir, bizi zərərə götürən bir qapını bağlayır və bizə yeni seçim imkanları verir. İnsan iradəli varlıq olduğu üçün hər zaman önündəki variantlardan birini seçmək haqqına sahibdir və aqibəti də ona görə tənzimlidir. Yaxın keçmişə qədər ölkəmizdə toy adlı bir bataqlıq vardı və hamımız bir-birimizi o bataqlıqda boğurduq. Pandemiya məsələsi gündəmə gələndən toylar yığışdırıldı və evlənənlər də kiçik bir məclislə məsələni yola verməyə başladılar. Əslində doğru olan da budur, yoxsa sənəti beş quruşa dəyməyən bir manısa 3-4 saat üçün 5-10 min manat ödəmək bir ailənin yox, bir xalqın bərəkətini yuyub aparar. Ölkəmizin yüngül sənayesindən daha çox toy sənayesində çalışanlar var, indi çoxları da oturub bu mərhələnin nə zaman başa çatacağını, toyların yenidən qızışacağını gözləyirlər. Yəqin ki, toy məclislərimiz yenə olacaq, amma məni üzən odur ki, yaşadığımızdan dərs almaq istəmirik. Allah-Taala bizi bu pandemiya ilə tərbiyə edir, israfdan çəkinməyə səsləyir, biz də yaşadıqlarımızı doğru-düzgün oxumaq istəmirik. Allah-Taalanın insana yönəlik məcburiyyəti hər zaman insanin mənfəəti istiqamətindədir, amma nə yazıq ki, görə-görə, bilə-bilə bu mənfəətdən uzaq durmağa, başımızı bəlaya soxmağa can atırıq. Xeyir bildiyimiz bir çox şeydə zərər, zərərli hesab elədiklərimizdə isə bizim üçün xeyir var. Ağıllı adam odur ki, yaşadıqlarından doğru nəticə çıxara bilir. Doğru nəticə üçün də doğru-düzgün düşünmük lazımdır. Düşünək, əzizlərim, düşünək, doğru-düzgün düşünmək də ibadətdir axı.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top