ÜRFAN MƏMMƏDLİ

Paradokslar

Paradokslar

ÜRFAN MƏMMƏDLİ
Koronavirusdan qorunmanın 3 bəsit qaydası var: məsafə saxlamaq, maska geymək, gigiyenik qaydalara əməl etmək. Tətbiq edilən digər məhdudiyyətlərin hamısı bu üç qaydanın təmin olunmasına xidmət edir.
***
Koronavirusun maskanı həyatımızın bir parçasına çevirdiyini iddia edirik.Bu iddia saxtadır...
İzah etməyə çalışıram...
Bir maska bir dəfə istifadə olunmalıdır, özü də 2 saat müddətində.  2 saatdan artıq istifadə olunan maska qoruyucu deyil, azarpaylayandır.  Bu, mütəxəssislərin fikridir.
Əgər maskanı 2 saatdan bir dəyişmiriksə, deməli, onu koronavirusdan qorunmaq üçün deyil, başqa məqsədlə geyirik. Başqa sözlə, maskanı həyatımızın bir parçasına çevirən koronavirus deyil.
***
Açıq və qaplı məkanlarda maska geymək məcburidir. Bu, qaydaların tələbidir. Bu tələb məntqsizdir.
İzah etməyə çalışıram...
Qaydaların bu tələbinə görə, hər bir adamın sutkada ən azı 5 ədəd (və daha çox) maskaya ehtiyacı var.
Azərbaycanın əhalisinin sayı 10 milyondan çoxdur. Bunun yarısının 5 yaşına qədər uşaqlar, evdən çıxmaq imkanı olmayan qocalar və xəstələr (maskaya ehtiyacı olmayanlar)olduğunu hesab etsək, onda maskadan istifadə etməli olanların sayı 5 milyona qədər azalar.
Bu o deməkdir ki, Azərbaycan əhalisinin maskaya olan sutkalıq təlabatı 25 milyon ədəddir.
Bu hesabla 2021-ci ilin yanvar ayında bizim 775 milyon ədəd maskaya ehtiyacımız olub. Bu günlərdə rəsmi qaydada elan olundu ki, ötən ay Azərbaycanda 3,3 milyon ədəd maska istehsal olunub.
Bu aylıq tələbatdan 771,7 milyon ədəd azdır.
Əgər qapalı və açıq məkanlada maska geymək məcburidirsə, onda ötən ay ölkəyə 771,7 milyon ədəd maska idxal edilməli idi.Edilibmi? İnandırıcı deyil.
Əhaliyə gündəlik təlabatını ödəyəcək qədər maska təklif edə bilmirsənsə, onda maska geyinməyin məcburi olması tələbi məntiqsizdir.
***
Rəsmi informasiya vasitələri Azərbaycanın koronavirusa qarşı mübarizəsinin dünya üçün örnək olduğu barədə bar-bar bağırırlar, amma yalandan....
İzah etməyə çalışıram...
Gigiyenik qaydalara əməl olunmasına dövlətin nəzarət etməsi mümkün deyil. Deməli, bu məsələdə dövlətin mübarizəsini də örnək adlandırmaq olmaz.
Qalır məsafə saxlamaqla, maska geymək.
Məsafə saxlanılmasına və maska geyilməsinə polis nəzarət edir. Gəlin görək bu nəzarət (və ya mübarizə) örnək sayıla bilərmi?
Bu gün insanlar marketlərdə, sərnişindaşıma vasitələrində sıx toplaşmaq məcburiyyətindədirlər. Deməli, nəzarətçi orqan – polis bu sahələrə daha çox diqqət ayırmalıdır.
Polis koronavirusla mübarizə üçün avtobuslarda, marketlərdə məsafənin saxlanmasına nəzarət edirmi? Etmir. Məsafə saxlanılmasına nəzarət olunmalı yerlərdə polis gözə dəymir. Açıq məkanlarda, parklarda, istirahət yerlərində isə polis maskasızlar ovuna çıxır. Budurmu bizim dünyaya örnək olan mübarizə üsulumuz?
Keçək yenə maska məsələsinə.
Maska geyməməyə görə 100 manat məbləğində cərimə tətbiq edilir.
Mütəxəssislər deyir ki, uzun müddət fasiləsiz maska geymək sağlamlığa zərərdir, digər insanlarla təmas olmayan yerlərdə maskaya ehtiyac yoxdur.Polis isə deyir ki,bu, onu deyənin şəxsi fikridir, qaydalar açıq və qapalı məkanlarda maska geyməyin zəriri olduğunu tələb edir.
Polisin məntiqnə görə, harda olursan ol, maskan yoxdursa, cərimə olunacaqsan!
Bütün qanunlar, qaydalar insanların sağlamlığına, rifahına, güzəranına xidmət etməlidir. Əgər tətbiq edilən qayda ilə insanın sağlamlığna zərər verilirsə, bu mübarizə üsulu dünya üçün örnək ola bilməz.
***
Nəticə
Biz bir maskanı 2 saat deyil, 2-3 gün istifadə edirik. Bu, virusa qarşı mübarizə deyil.
Polisin mübarizə üsulu camaatı qoruyucu deyil, azarpaylayıcı geyməyə məcbur edir.
Hazırkı şəraitdə, biz maskanı xəstəlikdən qorunmaq üçün yox, cərimədən qaçmaq üçün geyirik.
Biz koronavirusla mübarizə edirik?

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top