ƏLİ ÇƏRKƏZOĞLU

Bizim eranın birinci ili

Bizim eranın birinci ili

ƏLİ ÇƏRKƏZOĞLU
Tarixə təkan verən, yeni mərhələ başladan hadisələr var. Bu gün dünyada ən geniş yayılmış miladi təqvimi İsa peyğəmbərin (ə.s) doğulduğu tarixdən hesablanmaqdadır. Ərəb coğrafiyasında işlədilən və hicri-qəməri adlanan taqvim isə İslam peyğəmbəri Həzrət Muhamməd əleyhissalamın Məkkədən Mədinəyə hicrət etməsindən başlanır. Göründüyü kimi, hər iki təqvim başlanğıcını dini hadisələrdən almışdır. Qəbul edirəm ki, müqayisələr qüsurludur, amma inandığım bir həqiqət var ki, yola saldığımız 2020-ci il bir xalq, bir ulus olaraq bizim üçün yeni təvəllüd, yenidən doğulma ilidir. Dünya miqyasında sel, daşqın, yanğın, zəlzələ, sunami kimi təbiət hadısələriylə başlayan 2020-ci il bizim üçün möhtəşəm bir sonluqla tamamlandı. Yüz illik arzularımız gerçəyə döndü; 30 ildir göz yaşları ilə dua edənlərimizin duaları qəbul edildi; haqlı olduğumuz qədər də güclü olduğumuzu dünyaya isbat və qəbul etdirdik; bizə rişxənd edən düşmən ayaqlarımız altında zəlil oldu; qaçqın, qısxınc, qorxaq və hər cür bənzəri eyhamlar üstümüzdən götürüldü; 27 il dözməyimizin gücsüzlüyümüzlə deyil, səbrimizlə bağlı olduğuna hər kəs inandı; əli bıçaqlı igidlərimiz əli avtomatlı erməniləri iti qovan kimi qovaraq xalqımız üçün namus abidəsi halına gəlmiş Şuşanı geri aldılar və erməniyə sübut elədilər ki, bizim əlimizdəki bıçaq onların əlindəki avtomatdan güclüdür; ana yurdlarımıza qovuşduq; ata-baba məzarlarını ziyarət haqqı qazandıq. Gəncliyimizdə böyük coşqu, vətənpərvərlik hissi var. İndi hərbçi olmaq istəyənlərimizin sayı ötən illərlə müqayisədə qat-qat artıq olacaq. 
 Əslində çox şey saymaq olar, amma qısaca olaraq onu demək yetər ki, 2020 bizim dünyaya yeni təqdimat ilimiz oldu və qarşımızda yeni bir mərhələ, yeni era açılmış oldu. 2021 bizim eramızın birinci ili kimi çox mühüm və məsuliyyətli ildir. Ötən müddətdə bir idmançımız hansısa yarışda bir ermənini məğlub edəndə az qala bayram havasına girirdik, indi isə bütün erməniləri külli ilə yerə sərmişik. Doğrudur, bu gün Qarabağda hələ də həllini gözləyən suallar var, amma inanırıq ki, yaxın illərdə onlar da bizim maraqlarımıza uyğun öz həllini tapacaq. Yəni Xankandidə dövlət idarələrinin üzərində Azərbaycan bayrağı dalğalanacaq, orada işləyən bütün məmurlar Azərbaycan rəhbərliyi tərəfindən təyin ediləcək, ermənilər ya bu reallığı qəbul edəcək, ya da rədd olub gedəcəklər. Daha doğrusu, bu qələbəmiz bir az zamana yayılmış qələbədir və biz bunu istədiyimiz sonluğa qovuşdurmaq üçün çox böyük işlər görməliyik. Ən başlıcası ölkədə demokratik sistemin, azad düşüncənin və şəffaf idarəçiliyin bərqərar olmasını, ümummilli gəlirin ədalətli bölgüsünü  təmin etməliyik. "Ədalət mülkün təməlidir" prinsipi hər sahədə hakim olmalıdır. Rüşvətə, oğurluğa, dövlət büdcəsini talana son qoyulmalıdır. Qarabağımızın o boyda kəndləri, şəhərləri xaraba halda ikən Milli Bank üçün yarım milyard manatlıq yeni bina eşqinə düşmək israfdan və ən yumşaq desək, insafsızlıqdan başqa bir şey deyil və nə yaxşı ki, xalq sosial şəbəkələrdə bu söhbətə kəskin etirazını bildirdi. 
Biz yeni mərhələyə, yeni eraya başlamışıq. Hər dəfə bu mövzuda düşünəndə Musa peyğəmbərin (ə.s) İsrailoğullarını Misirdə fironun zülmündən qurtararaq Qırmızı dənizdən keçirməsi və 40 il Tih səhrasında gəzdirməsi hadisəsi ağlıma gəlir. Köhnə eradakı, müharibədən əvvəl içimizdə kök salmış yalanı, rüşvəti, oğurluğu, talanı, vətəndaş haqqını yeməyi günümüzə daşısaq, ilk növbədə bu savaşda canını verərək bizə baş ucalığı qazandıran şəhidlərimizin ruhuna hörmətsizlik etmiş olacağıq. 
Hər şeyin təməlində ədalət durur, dünya bu savaşda bizim haqlı olduğumuzu çox gözəl bilir. Qələbəmizin ilkin səbəbi də ədalətin bizim tərəfimizdə olmasıdır. Amma o ədaləti həyatımıza daşıya, cəmiyyətimizdə hakim hala gətirə bilməsək, mütləq tənəzzülə və uğursuzluğa məhkum olacağıq. Biz azad, demokratik dəyərlərə yönəlmiş, dünyəvi dövlətə sahibik.  Dinimizin dövlətdən üç tələbi var: Ədalət, ləyaqət (yəni dövlət vəzifələri satılmamalı, qohuma, dosta peşkəş çəkilməməlidir, kim layiqsə, xalqa daha çox xeyir verə bilərsə, vəzifəyə o gəlməlidir) və icmanın rəyi (demokratiya, azad seçim, idarəçilikdə vətəndaş hüquqlarının təmin edilməsi). Əslində bu saydıqlarımız bu və ya digər şəkildə bir çox Avropa ölkələrində mövcuddur. Bu gün dünya dəyərlərə üz tutub, cəmiyyətlər dəyərlər ətrafında birləşirlər. 
Bu yazdan etibarən Qarabağ boydan-boya böyük bir inşaat meydanına çevriləcək. Hava limanları, Bakı-Naxçıvan dəmir yolu və avtomobil yolu, ölkə əhəmiyyətli digər yollar, meydanlar tikiləcək, yeni şəhərlər, kəndlər inşa olunacaq, su, elektrik, qaz, kanalizasiya xətləri çəkiləcək. Bir sözlə 30 il ərzində xaraba qoyulmuş torpaqlarımıza yeni nəfəs, yenə həyat gələcək, çox sayda iş yerləri açılacaq. Əgər əvvəllər olduğu kimi yenə dünyanın ən bahalı və yararsız yolları bizdə tikiləcəksə, inşaatda çalışan fəhlələrin haqqı kəsiləcəksə, vay bizim halımıza! Bakının mərkəzində müxtəlif nazirliklər, komitələr üçün gözqamaşdıran binalar inşa edərək, hərbi sənayemizi unutsaq, vay bizim halımıza! Əgər bundan sonra da iyirmi beş yaşlı polis serjantı 1200, qırx ilin müəllimi isə 300 manat maaş alacaqsa, vay bizim halımıza! Cəmiyyətdə fərdlər arasında təbəqələşmə inkişaf edəcəksə, sosial rifah mövzusunda arada uçurumlar olacaqsa, vay bizim halımıza. Bu zəfəri Allah-Taala bizə kimin, ya kimlərin duası ilə verib, Allah bilir. Unutmayaq ki, insan və ya cəmiyyət əmanətə riayət etməyəndə Allah-Taala verdiyini geri də ala bilir. O hala düşməyi Allah-Taala bizlərə rəva görməsin!
Yeni eraya yeni əxlaqla başlamalı, əsl vətəndaş olmalıyıq. Vətəndaşlıq da, vətənpərvərlik də elə dürüst, ədalətli insan olmaqdır. Ümid eləyək ki, hər şey yaxşı olacaq. Yazımızı da parlaq qələbəmizlə tamamlanan müharibə ilə bağlı bir söhbətlə tamamlamaq istəyirəm. 
Laçından didərgin düşmüş səksən yaşlı Cümşüd baba müharibə başladığını eşidən kimi hönkür-hönkür ağlayır. Onun bu halına təəccüb qalan arvad-uşaq başına yığışıb deyir ki, a kişi, dünənə qədər vətən deyib nalə çəkən sən deyildin, indi nə oldu belə ağlayırsan? Cümşüd baba da qayıdır ki, mən qorxudan ağlamıram ee, sevindiyimdən ağlayıram. Bu zamana qədər qorxurdum ki, birdən erməni danışığınan yumşalar, bizim qayıtmağımıza razı olar, biz də hamımız ölüncə başı töhmətli, canı minnətli qalarıq, dədəmizin, babamızın qəbrinin üstünə getməyə, başımızı qaldırıb o dağlara baxmağa üzümüz olmaz.  Amma indi inanıram ki, qanınan verdiyimizi qanınan da alacağıq, başımız uca, dilimiz də uzun olacaq. 
Cümşüd kişinin dediyi oldu, təqvimimizdən qara rəqəmlər silindi, yaralarımıza məlhəm qoyuldu, başımız uca, alnımız açıq oldu. Allah-Taala bundan sonra bizə o otuz ildə yaşadıqlarımızı bir daha yaşatmasın, imanımıza iman, gücümüzə güc, zəfərimizə zəfər qatsın! Amin, amin, min dəfə amin!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top