ƏLİ ÇƏRKƏZOĞLU

Bu müharibə iki halda dayana bilər

Bu müharibə iki halda dayana bilər

ƏLİ ÇƏRKƏZOĞLU
Uşaq vaxtı tez-tez dalaşardıq. Özünə güvənən uşaqlar o qədər də davakar deyildilər. Adətən cığallar, cırtqozlar ona-buna ilişər, axırda da ağzı-burnu qanayıb rahat olardılar. Hər dəfə də belə olurdu, o cığal, davakar uşaq davanı başlayar, altda qalıb əziləndə də aşağıdan yuxarıya qışqırardı ki, burax məni, gör durub səni neyləyəcəm?  Döyənin səsi çıxmırdı, səssizcə işini görürdü, basmarlayıb yerə yıxdığı "düşmən"in harasına gəldi döşəyirdi. Döyülən də var gücü ilə bağırır, söyür, "burax" deyib hədə-qorxu gəlirdi. Əldən çıxanda yenə həmin mənzərə təkrarlanırdı. Axırda hər şeydən əli üzülən o "düşmən" ağlaya-ağlaya aralanıb daşa girişər, ondan da bir şey çıxmayanda ya senzurasız bir söyüş söyüb qaçar, ya da evə gedib anasını "düşmən evi"nə davaya göndərərdi.
Ermənistanın baş naziri Paşinyanın bir tərəfdən Azərbaycan ordusunu dayandırmaq üçün ona-buna yalvarması, o biri tərəfdən də "Dağlıq Qarabağın müstəqilliyi bizim qırmızı xəttimizdir" açıqlaması həmin o cığal uşaqları yadıma saldı. El arasında deyirlər ki, eşşəkdən yıxıldığı bəs deyil, hələ "höt-höt"ünü də yerə qoymur. Yəni yıxılıb canı hayındadır, amma yenə ona-buna hədə-qorxu gəlir. Ona görə də beləsini "... yedim" deyib yalvarana qədər əzmək lazımdır. Erməniyə bu dəfə elə dərs verməliyik ki, bundan sonra Zəngəzuru, Göyçəni itirməyin qorxusu ilə yaşasın. Bu həqiqət bir daha təsdiqləndi ki, bizim Türkiyə kimi qardaşımız, köməyimiz var, ermənilərin isə nə qardaşı, nə də doğru-düzgün havadarı var, onlar həmişə kiminsə maşası olublar və maşaların aqibəti sonda satılmaq olur.
Paşinyanın son açıqlaması daha "cazibədar" oldu, dedi ki, Dağlıq Qarabağ müharibəsinin diplomatik yolla həlli yoxdur. Əgər xatırlayırsınızsa, yaz aylarında Dağlıq Qarabağdan bir çoban erməni də eyni şeyi söyləyirdi. Deyirdi ki, biz bu torpağı qanla almışıq, danışıqlarla vermərik. Əgər erməninin çobanı belə düşünürsə, gör yekələri nə iddiadadır. Həqiqətən də, əgər ermənilər Dağlıq Qarabağın müstəqilliyi iddiasından əl çəkməyəcəklərsə, bu münaqişə savaş meydanında başladığı kimi, savaş meydanında da tamamlanacaq. Tamamlanacaq deyəndə ki əslində tam qurtarmayacaq, biz ermənini qovub, torpaqlarımızı azad edəcəyik, əgər erməni də öz haqsız, azğın iddiasından əl çəkməyəcəksə, heç masa qurmağa da ehtiyac qalmayacaq.Biz sərhədlərimizi bərpa edəcəyik və ara-sıra sərhəd boyunca atışmalar olacaq. Ola bilsin ki, kənar qüvvələr, beynəlxalq təşkilatlar tərəfindən referendum yolu ilə Dağlıq Qarabağın müstəqilliyi məsələsi gündəmə gəldi, o zaman da referendumun masştabı dəyişməli, bütün Azərbaycan üzrə, ya da hansısa başqa müstəvidə, məsələn 27 il işğal altında qalmış rayonların da iştirakı ilə keçirilməlidir. Bəli, mən də o fikirdəyəm ki, erməni həqiqətə boyun əymədikcə bu münaqişənin həlli yoxdur, sonu açıq, güc sahibinin iradəsilə həll ediləcək məsələ olaraq qalacaq. Ola bilsin ki, erməni bu iddiası ilə bizə yaxın gələcəkdə Zəngəzur və Göyçə mövzusunda yeni və haqlı dəlillərimizi dilə gətirmək fürsəti verdi. Azərbaycan Prezidentinin qətiyyətli açıqlamaları onu deməyə əsas verir ki, biz sona qədər gedəcəyik və bu yolda dayanmaq yoxdur. Haqq da bizim tərəfimizdə, güc də bizdədir. Ermənistanda artıq Rusiya əleyhinə mitinqlər gedir, təhqiramiz şüarlar səslənir. Fransa bu müharibəni dayandırmaq üçün faktiki olaraq lider roluna girib. Erməni elçiləri Avropanı qapı-qapı dolaşaraq Azərbaycan Ordusunu durduracaq güc axtarırlar. Amma Azərbaycanın bu savaşda haqlı olduğu 2x2 kimi aydın olduğu üçün kimsə bəyanat verməkdən o yana addım atmağa cəsarət etmir. Təbii ki, Avropanın və eləcə də Rusiyanın müharibəyə seyirçi mövqeyində qalmasında Türkiyə faktoru həlledici rol oynayır. Bu, bizim qardaşlığımızın daha bir tarixi isbatıdır. Hər kəs inanır ki, kənardan Qarabağa müdaxilə olarsa, Türkiyə də meydana çıxacaq və bu da artıq böyük bir coğrafiyanın alovlanması anlamına gəlir. El arasında deyirlər ki, çay keçəndə atları dəyişməzlər. Bu qədər kritik anında ermənilərin rəsmi Moskvadan üz döndərərək Qərbə meyllənməsi ancaq bizim işimizə yarayır. İndi də ABŞ-ın dövlət katibi Mayk Pompeonun üstünə qaçıb ondan kömək istəyirlər. Azərbaycan ordusu isə şanlı tarix yazmaqda davam edir. Güc baxımından ordumuz ermənilərdən dəfələrlə üstündür və bu üstünlük getdikcə yüksələn xətt üzrə inkişaf etməkdədir. ATƏT-in Minsk Qrupu üçlüyündən hər hansı birinin məsələyə müdaxiləsi öz tüpürdüyünü yalamaqdan başqa bir anlama gəlməz. Çünki 1993-cü ildə ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını nəzərdə tutan 4 qətnamə qəbul edilib və o sənədlərin altında bu üçlüyün imzası var. Əslində bu gün Azərbaycan Ordusu BMT-nin, ATƏT-in görməli olduqları işi yerinə yetirir və bunun üçün Azərbaycana təşəkkür edilməlidir, əgər o adı çəkilən dövlət və təşkilatlarda ədalət hissi varsa.
Paşinyan yaşından, cinsindən asılı olmayaraq bütün erməniləri Qarabağ uğrunda müharibəyə çağırır. Əslində bu çağırış ölümə çağırışdır, "gedin ölün" deməkdir. Hərbdən bir azca başı çıxan anlayar ki, qeyri-bərabər güclərin üz-üzə gəldiyi bu savaşda ermənilərin qazanmaq şansı sıfıra bərabərdir, ermənini ölüm, ən yaxşı halda isə fərarilik, ya əsirlik gözləyir. Hər kəs bilir ki, qırılan ermənilərin sayı rəsmi rəqəmlərdən qat-qat artıqdır və hər yeni gün yüzlərlə erməni ailəsi üçün matəm deməkdir. Paşinyan və komandası normal düşünmə və qərar qəbul etmək qabiliyyətini itirib. Hazırda ermənilərin ən böyük düşməni bu savaşı davam etdirən, yəni Paşinyandır. Mövcud durumda erməni üçün ən doğru çıxış yolu qoşunları Qarabağdan çıxarmaqla bağlı təqvim vermək və Qarabağda ermənilər üçün hansısa mədəni muxtariyyət şərti ilə müharibəni dayandırmaqdır.  Bu müharibəni iki gücdən biri dayandıra bilər: ya ermənilər məğlubiyyəti və bizim iradəmizi qəbul edərək dayandıra bilərlər, ya da şanlı Azərbaycan əsgəri Azərbaycan ərazisindəki sonuncu ermənini də öldürərək dayanacaq. Üçüncü seçim görünmür.
Qarabağda döyüşlər gedir, daha doğrusu ermənilər qaçır, biz qovuruq. Hər gün ondan çox yaşayış məntəqəmizin işğaldan azad olduğunu böyük coşqu ilə eşidirik. Və sevindirici haldır ki, Azərbaycan döyüş gedə-gedə özünün yeni nəsil silahlarını, pilotsuz uçuş aparatlarını istehsal etməyə başlayır. Bu uçan silahımıza da uğurlu ad verilib: iti qovan. Bu sözün ilk dəfə kimin dilindən səsləndiyi və xalqın ürəyindən tikan çıxardığı da məlumdur, amma mən də öz peşə xəstəliyimdən irəli gələn daxili tələblə bu ada kiçik bir redaktə etməyi təklif edirəm, yəni ortadan bircə hərfi çıxaraq və sözləri birləşdirək, olsun: itqovan. Məna baxımından heç nə dəyişməyəcək, kimin qovduğu, kimin qovulduğu da məlum olacaq, amma deyilişi və yazılışı daha asan olacaq. Bu qədər. Şanlı Azərbaycan əsgərinin alnından öpürəm.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top