RAHİB ALPANLI

İki standart, bir məqsəd...

İki standart, bir məqsəd...

RAHİB ALPANLI

Azərbaycan-Ermənistan münaqişəsi başlanandan bəri bu məsələyə əncam çəkməyə məsul beynəlxalq təşkilatların yeritdiyi siyasətdə ikili standartın onsuz da dərin olan münaqişəni daha da qızışdırmaqdan başqa heç bir şeyə yaramadığını görmək o qədər də çətin deyil. Minlərlə insanın həlak olduğu bu qanlı münaqişə bəşəri dəyərləri ağız dolusu hayqıran sivil dünyanın hansı üzünə yaraşır? Sivil dünya ermənilər tərəfindən bənzəri olmayan silsilə vəhşiliklərin baş alıb getməsinə könül rahatlığı liə dözməsini, daha doğrusu, göz yummasını vicdanının hansı küncündə rahatca uyuda bilir?

***

12-16 iyul 2020-ci il tarixində Tovuz rayonu ilə sərhəddə Ermənistanın törətdiyi növbəti təxribatı da onun xislətini bir daha bütün dünyaya göstərdi. Rəhmətlik S. Vurğunun yazdığı kimi:

Keçinin əcəli yetişən zaman,

Çoban çomağına sürtünər heyvan.

Ermənistan nəyi bacardığını – bütün vəhşi hərəkətlərinə göz yuman beynəlxalq ictimaiyyətə ərköyünlük eləmək, dünyanın qəbul etdiyi qayda-qanun və qadağaları pozmağı, əliyalın, alnının təri, əlinin qabarı ilə yaşayan dinc əhalinin evlərini hədəf seçməyi, həyasızcasına “adımı qoyum sana, sən də qal yana-yana” prinsipi ilə sudan quru çıxmağa cəhd etməyi, dara düşəndə havadarlarının ətəkləri altında gizlənməyə çalışdığını –özünğməxsus şəkildə bir daha nümayiş etdirdi. İnsafən demək lazımdır ki, beynəlxalq aləm bu hadisəyə dərhal reaksiya verdi, əgər buna əsl reaksiya demək mümkündürsə. Hamı Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi əməliyyatları qınayıb, hər iki tərəfi döyüşü dayandırmağa və atəşkəs rejiminə əməl etməyə dəvət etməklə kifayətləndi. Bircə qardaş Türkiyə BMT-nin məlum dörd qətnaməsini xatırladaraq Ermənistanın həddini aşdığını və Azərbaycanın haqq işində ona dəstək olacağını dəfələrlə bəyan etdi.

***

İllər boyunca verilən bəyanatlarda işlənən “hər iki tərəf” ifadəsini heç cürə anlaya bilmirəm. Ay dünya, Ermənistan bütün beynəlxalq və humanitar qayda-qanunu tapdalayıb ərazi bütövlüyü və müstəqilliyini tanıdığınız Azərbaycanın 20% ərazisini “Böyük Ermənistan” yaratmaq xülyası liə işğal edıb. Ona başa sala bilmirsiniz ki, küçük böyüyüb olsa-olsa it olar, aslan olmaz? Ermənistan Təkləməkan səhrası üçün xarakterik olan tamarisk ağacına oxşayıb. Bu kiçik ağac yerüstü gövdəsindən dəfələrlə uzun kökləri ilə böyük həcmdə su ehtiyatı əldə edə bilir və ermənilər kimi ətrafında heç bir bitkinin yaşamasına imkan vermir. Özü duzlu şəraitə dözümlüdür, üstəlik arxayın yaşamaq üçün öz duzunu da yarpaqları ilə ətrafına səpib diğər bitkiləri məhv edir. (“Barron’s Essenttal words for the IELTS” səh. 28) Dünya artıq çoxdan monomillət olmuş Ermənistanın qulağını çəkib onun etnik təmizləmə siyasətini qınamaqdan çəkinir. Niyə?

***

İşğalçı Ermənistanın da, ikili standart meyarına söykənən seyrçi dünyanın da məqsədi gün kimi aydındır. Ermənistan dişi qana dəymiş canavar kimi yeni ərazilərimizi işğal edib, artıq işğal etdiyi əraziləri yadımızdan çıxarmaq istəyir, necə deyərlər, dadananla quduran bir olar. Havadarlar da bu faşistlərin bədnam niyyətlərinə züy tutaraq “hər iki tərəfi” atəşkəs rejiminə əməl etməyə, problemin dinc yolla həllinə çağırmaqla öz işlərini bitmiş hesab edirlər. Özlərinə sərf edən problemləri anındaca həll etmək təcrübəsinə malik dünya beynəlxalq normalara şıllaq atan bir ovuc erməninin nazı liə oynayır, “susmaq qızıldır” düsturuna əməl edir. Uşaq da bilir ki, burada heç bir problem yoxdur. Ortada müstəqil bir ölkənin ərazisinin işğal faktı var. Bu işğal faktına son qoymaq üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi beynəlxalq ədalətin yolunu gözləməkdədir. Ədalətdən söz düşmüşkən:

Zənn eyləmə axşam-səhərə şaddı, ədalət,
Gəlmiş qoca dünyaya qərib, yaddı ədalət.
 
Şər dağa dönüb, zirvəsi göylər dəlir, Allah,
Düşmüş qırılıb qolları - Fərhaddı ədalət.
 
Ağ yelkən açıb, şövq ilə dəryalara çıxsa,
Dalğalar içində boğulub batdı ədalət.
 
İllərlə siyasət yeyənin mədəsi doymaz,
ATƏT-mi yoğurmuş, duzu yox, matdı ədalət.
 
Arxalı köpəklər əziz imiş yiyəsindən,
Kim haqqa güvəndi, onu ağlatdı ədalət.
 
Aləm qarışıb, hobbidi öldürmək, asandı,
Cəllad əlinə qüvvədi, sursatdı ədalət.
 
Xocalı faciəsin, Rahib, unutmaz xalqım,
Qəlbində sağalmaz yaradı, catdı ədalət.
 
İnsanlar ədalətə qarşı ədalətsizlik etsələr də, Allah onun bu qədər ucuzlaşdırılmasını qəbul etməz.
Bu gün dünyanı cənginə almış koronavirus pandemiyası elə bu cür ədalətsizliklərin cəzasıdır. Allah bütün qövmləri qoyduğu həddi aşdıqları üçün məhv etməyibmi? Ermənistanın təcavüzkar fəaliyyəti bir növ Amerika yazıçısı Ambroz Birsin “Zalım qurbağa” hekayəsindəki əhvalata bənzəyir:
Əlində dəyənək olan bir naturalist qurbağanı başından tutub udmaqda olan bir ilana rast gəlir.
İlan bacardığı qədər məsum bir tərzdə deyir:

Ay mənim xilaskarım, düz vaxtında gəlmisən. Gördüyün kimi, bu sürünən heç bir təxribat olmadan mənim içimə soxulur.

Naturalist deyir: - Ser, mənə kolleksiyam üçün ilan dərisi lazımdır. Bu izahatı verməsəydin, sənə mane olmazdım. Mən elə bildim sən nahar edirsən.

Bax, ermənini də bu cür, yəni öz dilində başa salmaq lazımdır. Yaxın gələcəkdə bu nankoru başa salan tapılmazsa, Azərbaycan xalqı, şanlı ordumuz Ali Baş Komandanın çoxdan həsrətində olduğumuz əmri ilə ona layiq olduğu cavabı verəcək!
 
Rahib Alpanlı (Sədullayev),
ADPU Quba filialının müəllimi, qabaqcıl təhsil işçisi

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top