NAZİM MUSTAFAYEV

Çantaya nə qoyaq?

Çantaya nə qoyaq?

NAZİM MUSTAFAYEV

Bəzən belə deyilir ki, hansısa bir ölkə fürsətlər diyarıdır. Orada iş və karyera qurmaq çox asandır və s. Bunun yanlış, ya da doğru olduğu müzakirə edilə bilər. Ancaq əsl fürsətlər ölkəsi və əsl fürsətlər diyarı məhz həyatın özüdür. Nə qədər ki sağsan, deməli, əlində fürsətin var. Heç nəyə fürsətin olmasa belə, sağsansa deməli, hələ Uca Yaradana iman etməyə, Ona gözəl bəndə olmağa fürsətin var. İslamda Uca Yaradana (c.c.) iman etmək və saleh əməl işləməkdönüşü olmayan bir səyahətə gedərkən aparılacaq ən mühüm azuqədir.

Görəsən, onlarla, yüzlərlə insanın ah-naləsini, qəsb edilmiş haqlarını alaraq ağır bir yük altında axirət aləminə köç edən şəxsin halı necə olur? Belə insanlar geri dönərək çantasına daha məqbul azuqə qoya, çantasını yeniləyə bilərmi? İkinci bir fürsət varmı? O ağır yüklərini bir az yüngülləşdirmək üçün heç olmasa bir günlük, bəlkədə, bir saatlıq möhlət verilirmi?

Quran ayələri belə bir möhlətin verilmədiyini, geri dönmək üçün Ona (c.c.) çarəsiz yalvaranların səsini bizə xəbər verir: “Ey Rəbbim! Məni geri, dünyaya qaytar! Zay etdiyim ömrüm müqabilində tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!” (Muminun, 23/99-100), “Ey Rəbbimiz! Bizi buradan çıxar ki, saleh əməllər edək (Fatir, 35/37). “Ey Rəbbimiz! Dünyada yalan hesab etdiyimiz qiyaməti və onun əzabını gördük. İndi bizi dünyaya qaytar ki, yaxşı iş görək (Səcdə, 32/12). Bunlar Quranın bizə xəbər verdiyi həqiqətlərdir. Məsələyə bu aspektən baxanda dünya həyatının “fürsətlər diyarı” olduğunu anlaya bilərik. Bu istəklərə isə: “Məgər orada sizə düşünəcək kimsənin düşünəcəyi qədər ömür verilmədimi?! (Fatir, 35/37) cavabı verilmişdir.

Keçənlərdə belə bir dialoqa şahid olmuşdum: “Nə yaxşı ki insan ölümünün nə vaxt olacağını bilmir. Əgər bilsəydi, son nəfəsinə doğru nə pisliklər, nə cinayətlər törədərdi. Onsuz da, o biri dünyaya gedir. “Bəli, belə bir “ruh xəstəsi” insan ölüb gedəcəyi üçün törətdiyi cinayətlərə görə bu dünyada yaxasını cəzadan qurtara bilər. Bəs sonrası? Sonrasını Quran bizə xəbər verir? “Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!” (Qiyamə, 72/36).

İmanlı bir mömin ömrünün son dəmlərində nəinki şər əməl edər, hətta son fürsəti də əldən verməyərək saleh əməl işləməyə çalışar. İslama görə, insan ömrünün təkcə son dəmlərində ya da qocalıq çağında deyil, ömrünün hər bir anında Yaradana (c.c.) gözəl bəndə olmaya çalışmalı, saleh əməl sahibi olmalıdır. İnsanların haqq və hüquqlarını tapdalayanlar, rüşvət yeyənlər, yalan danışanlar, böhtan atanlar və s. kimi şər əməllərin sahiblərinə gəldikdə isə onlar, onsuzda, bu əməlləri üçün hər hansı vaxtı gözləmirlər.Əllərinə fürsət keçən hər anda bu əməllərini işləyirlər.

Yetərincə azuqə, lazımi əşyaları özü ilə götürmədən səfərə çıxan bir insan düşünək. Ya da kosmik stansiyaya lazımi cihaz parçalarının, alət və ləvazimatların gətirilmədiyini, dünyada qaldığını zənn edək. Hər iki halda edilən səhvi bərpa etmək mümkündür. Milyon manatlarla əlavə xərc tələb edilsə də, unudulan cihaz və alətləri kosmik stansiyaya yenidən göndərmək olar. Səfər çantasını da geri qayıdaraq yenidən hazırlamaq mümkündür.

Bəs, görəsən, axirət aləminə əli boş getmək, edilən xəbərdarlıqlara baxmayaraq, lazımi azuqəni almadan bu səyahətə çıxmağın hökmü nədir? Bir geoloq fay xətti üzərində qurulmuş şəhərin başına gələcək fəlakəti hamıdan yaxşı dərk edir. Ancaq əksər insanlar bu həqiqəti, bəlkə də, qulaq ardı edirlər. Axirətin varlığı ilə bağlı həqiqət də bunun kimidir. Quran ayələri bu həqiqəti xəbər verir. Hər gün ora gedənlər, bir daha geri qayıtmayanlar bizə səssiz-sədasız mesaj verirlər. Geridə qalanlar isə bu həqiqəti gözardı edirlər.

Əgər aramızda, sözün əsl mənasında, oraya gedib gələn insanlar dolaşsaydı, ya da hər birimiz oranı ziyarət edib gəlsəydik, hər kəs azuqəsini elə hazırlayardı ki, gəl görəsən. Hətta insanlar ömrünün bütün dəqiqələrini bu səyahət üçün azuqə toplamaqla keçirərdi. Ancaq bu zaman da imtahanın heç bir mənası qalmazdı.

Nəyi isə məcburiyyət altında qalaraq qəbul etmək, əslində, qəbul etmək deyil. Bu mənada İslamda məcburiyyət yoxdur (Bəqərə, 2/256). Gərək hər bir insan öz iradəsi və öz seçimi ilə bu dünyada ikən o səyahət üçün öz azuqəsini toplasın. Səyahətdən əvvəl öz boğçasını imanla, saleh əməllərlə doldursun.

İnsanlar sırf bu dünya üçün, bəlkə “min illik” azuqə toplayırlar. Səyahət vaxtı gəlib çatanda isə bu azuqə boğçasını özləri ilə apara bilmirlər. Əminliklə söyləmək olar ki, hər kəs bu dünyada ikən əsas “oraya” aparacağı, “orada” qəbul ediləcək azuqələr toplamaqla məşğul olsa, cənnətin bir nümunəsi də elə bu dünyada yaşanar. Bir dənə ac, yoxsul, təhsilsiz insan qalmaz.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top