NAZİM MUSTAFAYEV

Qurani-Kərimdə biomimetika elmi

Qurani-Kərimdə biomimetika elmi

NAZİM MUSTAFAYEV
Qabil və Habil hadisəsi barədə, demək olar ki, əksəriyyətimiz oxumuşuq və bilgi sahibiyik. Dünyada bəşər övladı tərəfindən ilk qan tökülməsi, ilk cinayət... Bu yazıda öldürdüyü qardaşını dəfn etmək üçün Qabilə ağıl verən, yol göstərən qarğa haqqında yazmaq istəyirəm.
Qurani-Kərimdə və mötəbər hədis kitablarında Həzrət Adəmin (ə.s) bu iki oğlunun adlarının Habil və Qabil olduğu qeyd olunmayıb. Həzrət Adəm (ə.s) peyğəmbərin bu iki oğlunun adları əvvəlki peyğəmbərlərə göndərilmiş səmavi kitablarda keçir.
Qabil və Habil hadisəsində ilk dəfə insan oğlunun necə dəfn olunacağını və ya ölən insanın cəsədinin nə ediləcəyini qarğa göstərmişdir. Ya da Qabil qarğaya baxaraq öyrənmişdir. Quran ayəsində bu hadisə belə izah olunur: “Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (Qabil) dedi: “Vay halıma! (Gör nə günə qalmışam!) Bu qarğa qədər də olub qardaşımın cəsədini basdıra bilmədim!..” (Maidə, 5/31)
Qabil pis bir yol açmış, yer üzündə ilk cinayəti işləmiş və bir insanın qanını axıtmışdır. Bu hadisədə əsas məsələ öldürdüyü qarğanı gömmək üçün digər qarğanın yer eşməsi deyil, bu hadisəni Qabilə göstərərək ona yeni bir şey öyrətmək, insanı necə dəfn etməyi göstərməkdir. Ona qalası olsa, bu hərəkət bəlkə də qarğaların o günə qədər yüzlərcə dəfə etdiyi bir iş idi.
Qabilin bir işi qarğadan görüb öyrənərək həyata keçirməsi əslində düşünməyə dəyər bir məsələdir. Hətta burada başqa suallar da ortaya çıxır... Görəsən, insan oğlu həyatının başqa məqamlarında da təbiətdən, heyvanlar aləmindən, həşəratlardan, quşlardan nələrisə öyrənə bilərmi? Bu məqamda isə ağla biomimetika elmi gəlir.
Bu elm sahəsi hələ təzə sayılsa da, biomimetika (bio-təqlid) insanların kainatda var olan heyvanları, quşları, bitkiləri, bir sözlə, 30 milyona yaxın canlı növünü araşdıraraq, burada cəmləşmiş təcrübəni başqa sahələrdə tətbiq etməklə məşğul olan bir elm sahəsidir.
Biomimetika ortaya qoyduğu minlərcə nümunə ilə hazırda həyatımızı rahatlaşdırır. Gələcək illərdə də biomimetika elminin əhəmiyyəti nəinki azalacaq, əksinə, daha da artacağını söyləyə bilərik. Təbiətdəki canlı orqanizm və mexanizmlər üzərində aparılan tədqiqatlar onu göstərir ki, fil, zürafə və s. kimi böyük heyvanlardan hörümçək, qarışqa və başqa həşəratlara qədər bütün canlılar, bir çox dizayner və mühəndislər üçün zəngin ilham mənbəyidir.
Onu da vurğulamaq lazımdır ki, ən gözəl biçimdə və üstün mövqedə yaradılan insanın (Tin, 95/4) təbiətdən və canlılar aləmindən nələrisə tədqiq etməsi, elmi metodlarla təqlid edərək bəşər həyatına tətbiq etməsi insanın insan olma məziyyətinə xələl gətirməz. Əksinə, Quran ayələrində Allahın birliyini sübut edən dəlilləri anlamayan qəlb sahiblərinin, Allahın möcüzələrini görməyən gözlərin, öyüd-nəsihət eşitməyən qulaqların heyvan kimi, hətta daha da aşağı olduğu (Araf, 7/170) xəbər verilir.
Bir müəllim riyaziyyat kitabındakı yüzlərlə tənlik və misalın hamısını sinifdə həll etməz, onların həlli yollarını göstərər. Geri qalan yüzlərlə tənlik isə tələbə və şagirdlərin öhdəsinə verilər. Eynilə bunun kimi Quran ayələrində qarğadan nümunə verilir, bir dəvənin necə yaradıldığına diqqət etməmiz istənilir, səmanın necə ucaldıldığı, dağların necə dikəldildiyi, yerin necə döşəndiyi və s. mövzularda düşüncə və təfəkkürə təşviq edilir. Bir mənada canlılar aləmindən və təbiətdən bir sıra ipucu və əlamətlər verilir, geri qalan milyonlarla nümunə isə tədqiq edilməsi üçün insanların öz öhdəsinə buraxılır.
Gəlin mövzu ilə bağlı aşağıdakı ayələrə nəzər yetirək: “Həqiqətən, heyvanlarda da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan (süddən) sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır...” (Muminun, 23/21) “O kəslər ki, ...göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan!” (Ali-İmran, 3/191) “Göylərdə və yerdə neçə-neçə əlamətlər (nişanələr) vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər” (Yusuf, 12/105).
Nəticə olaraq deyə bilərik ki, Uca Allahın heyvanlara, quşlara, bitkilərə, həşəratlara və başqa bütün canlılara verdiyi və min illərdir qüsursuzca işləyən mexanizmləri tədqiq edərək, buradan insanların mənfəəti üçün bir sıra yeniliklər çıxarmaq, təbiətə zərər vermədən təbiətdən istifadə etməkdir. Başqa bir yanaşma tərzi isə içərisində yaşadığımız bu dünyada, sırf maddi mənfəət uğrunda canlılar aləminin, meşələrin, heyvanların və s. məhvinə səbəb olmaqdır. Gəlin aradakı fərqi özümüz görək... Təbiətə zərər vermədən təbiətdən istifadə etmənin yollarını axtaraq...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top