ƏLİ ÇƏRKƏZOĞLU

Ölümün mübarək, ustad!

Ölümün mübarək, ustad!

ƏLİ ÇƏRKƏZOĞLU
Bu gecə şəbi-ərusdur, toy gecəsi. Düşünməyin ki, kiminsə ad günü, ya da toyunun ildönümüdür, Mövlana Cəlaləddin Ruminin öldüyü gecədir bu gecə. Hər ilin dekabr ayının 17-sini Mövlana adına bağlayıblar könül ərbabları, söz anlayanlar. İnsanın könlü Allahla olanda ölümü qovuşmaq olur. Balığın sudan başını çıxarıb bir qurtum hava udaraq yenidən dərinliklərə daldığını, ya da bir quşun suya baş vurub çıxdığnı və sonsuzluğa qanad açdığını görmüsənmi, dünya üzərindən gəlib keçdiyimiz ömür adlı bu yolçuluq ondan da qısa, bir göz qırpımı qədərdir. Ölüm ən sevimli yolçuluqdur, sevgilinin sevdiyinə doğru qanad açıb pərvazlanmasıdır, əlbəttə Mövlana kimi gözləri üfüqlərin ötəsinə dikilmiş aşiqlər üçün. Heç diqqət etmisinizmi, meyvə yetişəndə budağından üzülüb torpağa düşmək üçün xəfif bir meh qədər fürsət, bəhanə gözləyir. Allahdan ölüm istənməz, amma ən şirin sevda kimi sevənlərin könlündə boy atıb böyüyər ölüm istəyi. Tərəzinin o gözü bu gözündən ağır basar Yunus Əmrənin dediyi ərmişlər, bişmişlər, yetişmişlər üçün. İstər ərmiş de, istər bişmiş, istər yetişmiş, kimdir bu kamil insanlar, bilirsənmi? – Ölüm qorxusunu ölüm sevgisinə çevirə bilmiş uca ruh sahibləri. Sevgi dedinmi, çoxumuzun ağlına bir xanım, rütbə, məqam, sərvət, şöhrət gələr. Həqiqi sevgi bəndənin Xaliqə bağlanmasıdır. Yerdə qalan bütün sevgilər mücərrəd sevgidir, qısır sevgidir, itirmək qorxusu ilə titrəyən qorxudur. İtirmək qorxusu olan sevgi həqiqi sevgi ola bilməz, həqiqi sevginin itirmək qorxusu olmaz.
Çoxlarının adını belə eşitmədiyi Səməd Mənsur adlı bir şairimiz olub yüz il əvvəl. Bir şeirində yazır ki, bu kainatda gördüyün nə varsa, hamısı sadəcə rəngdir. Yəni hər şeyin əsli, özü, həqiqəti burda deyil, gözümüzün görmədiyi başqa bir aləmdədir. O başqa aləm ölüm adlı bir qapıdan keçməklə başlayır.
Ölüm günahkarlar və cahillər üçün qorxudur, ariflər və aşiqlər ölümü sevgiliyə qovuşmaq biliblər. Mövlana bu qənaətin parlaq bir örnəyidir. Əsərlərinə də sevdiyi Allahı elə bir bərəkət verib ki, 500 ildən artıq İslam aləmində insanların uca dinimizi anlamaq, mahiyyətini dərk edə bilmək üçün dərslik kimi tədris olunub və olunur. Çünki hər hekayəsi, hər nağılı  nəticə etibarı ilə səni bir ayənin, bir hədisin ayağına götürür və uca bir həqiqəti bir udum su kimi sənin könlünə, ruhuna içirir.
Bu gün onun günü, bu gecə onun gecəsi, bu şölən, bu bayram hamısı Mövlananındır. Bu gecə bir ölümü bayram edirik. Elə yeri gəlmişkən bir sirri açımmı sizə? – Bir söz var, düşüncəni iflic edir, doğru yoldan sapdırır. Adına xoşbəxtlik deyirlər o zəhərli sözün. Lüğətlərdə bu sözün ərəbcə qarşılığına səadət deyirlər. Amma işin mahiyyətinə varanda bu iki məfhumun daban-dabana zidd anlayışlar olduğu üzə çıxır. Xoşu, ya naxoşu bəxtə bağlayan düşüncə şikəstdir, qısırdır, İslam anlayışına düşməndir. Bəxt deyilən bir şey olsa-olsa Allahın təqdir elədiyi imtahandır, nəticə deyil. Səadətsə Allah-Taalanın razılığını qazanmış olmaqdır. Ən böyük səadət dünyanın sonunda ölüm qapısının ağzında aşiqin gördüyü ilk münasibətlə anlaşılır və sonsuza qədər davam edir.
Bu gecə sənin gecəndir, bu şölən sənin düyünündür. Aşiqin məşuqa quvuşduğu, şəkərin suda əriyib gözəgərünməz olduğu kimi, sənin də Allah sevgisində əriyib yox olduğun, nəfsini heçlik məqamına ucaldıb Haqq hüzurunda dəyər bulduğun gündür, böyük ustad, ölümün mübarək!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top