ANAR QARAXANÇALLI

Polisin xüsusi “canfəşanlığı” kimə lazım idi?

Polisin xüsusi “canfəşanlığı” kimə lazım idi?

ANAR QARAXANÇALLI

Oktyabrın 19-u Bakıda keçirilən razılaşdırılmamış aksiyaya çıxan insanların əsas dərdi sosial çətinliklər, qarşılaşdıqları haqsızlıqlar, hüquq sistemində yaşanan ədalətsizlik və bu kimi bir çox problemləri dilə gətirmək idi. Aksiya müxalifət tərəfindən təşkil olunan siyasi bir addım olsa da, orada iştirak edən insanların dərdi başqa idi. Kimi işini itirib, kimi məmur özbaşınalığından şikayətçi idi, kimi yardım istəyirdi və s. Yəni, əslində çox sadə metodlarla həll edilə biləcək problemlər, şüurlu olaraq bəzi məmurlar tərəfindən dövlət əleyhinə nifrətə çevrildi. Kimə lazım idi bu?
Məsələn, Əli Kərimlinin həbsi. Əgər onun saxlanılması nəzərdə tutulmuşdusa, bu insani şəkildə də edilə bilərdi. Evindən çıxanda, ya da normal yaxınlaşıb polis maşınına dəvət edilə bilərdi. Amma nə baş verdi? 7-8 nəfər üstünə çullandı. Bu günə kimi Əli Kərimliyə məsafəli olan, nifrət edənlər belə o görüntünü xoş qarşılamadı. Kameraların önündə 7-8 nəfər hündür bir adamın yerə paralel sürüyürdü. Sonra yaxınlarındakı avtobusa mindirmirlər, kameralar daha yaxşı görüntü alsınlar deyə uzaqdakı avtobusa aparırlar. Kimlərə lazım idi bu?
Jurnalist Mehman Hüseynovun saxlanılması tam bir tragikomediyadır. İki polis Mehmanın qolundan tutub avtobusa tərəf aparırlar, ÇPA-nın komandiri general-mayor Səhlab Bağırov polislərə müdaxilə edir:
- Sizə kim dedi götürün? Polislər Mehmanın qolunu buraxırlar. Arxadan bir xanım jurnalistin səsi gəlir:
- Belə olmaz, özbaşınalıqdır. General cavab verir:
- Nədir?! Təzədən qoydurum içəri?
- Qoydura bilməzsiniz!
- Onu qoyun içəri. Polislər yenidən Mehmanı tutub avtobusa aparırlar.
Məsələn, o xanım jurnalist desəydi ki, cənab general, “28 Mall” ticarət mərkəzinə heç nə edə bilməzsiniz. General nə edəcəkdi? Polislərə ticarət mərkəzini dağıtmağı göstəriş verəcəkdi? Kimlərə lazımdı bu?
Günün “nöqtə”sini “Real TV” qoydu. Gültəkin Hacıbəyli ilə amerikalı diplomatın telefon danışığını yaydı. Kim, hansı ağılla bu qərarı verib? Məhkəmə qərarı olmadan telefon danışığının dinlənilməsi, diplomatın dinlənilməsi, təqib edilməsi bir tərəfə, bunun ifşa edilməsi isə daha böyük bir qalmaqaldı. Acınacaqlısı isə odur ki, səs yazısında hər hansı bir qanun pozuntusu yoxdur. Bu addımın qarşılığının nə olacağını yəqin ki, təşkilatçılar hamıdan yaxşı bilir. Kimlərə lazımdı bu?
Dövləti ayaqda saxlayan əsas sütun hüququn aliliyidir. Dövlətin məmuru bütün addımlarını hüquq və qanunlar çərçivəsində atmalıdır. Əgər dövləti idarə edən hökumət mövcud qanunlara riayət etmirsə, dövlətin əsas dayağına zərbə vurmuş olur. Mövcud qanunların birbaşa müdafiəçisi - hüquq mühafizə orqanlarının özü qanunu pozmağa başladıqda, hüququ görməzdən gəldikdə bundan ən çox yenə də dövlət zərər görür. Polis ən qatı cinayətkarla belə qanunlar çərçivəsində davranmalı, günahsızlıq prezumpsiyasını əsas götürməlidir. Kimin cinayətkar, kimin günahsız olduğunu qolu güclü olan yox, məhkəmə qərar verməlidir. 
Bütün bunları Prezident İlham Əliyevin son çıxışı işığında oxuyun:
“Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik olan kadrları qaralayırlar.
O cümlədən, mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm, amma bildirməliyəm ki, bir hökumət üzvü digər hökumət üzvləri tərəfindən şantaj edilir.
Onlar ləkələnir. Onların apardığı islahatlar, hansılar ki, Prezidentin tapşırığıdır, onlara kölgə salınır.
Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Ona görə islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək.
Amma kim buna qarşı çıxsa və altdan-altdan bizim işimizə mane olmaq istəsə, əlbəttə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik”.
 İslahatlarda kreslolarını itirmək istəməyənlər dövlətin gücünü xalqı hökumətə qarşı üsyana təşviqdə istifadə edirlər. Özlərinin vazkeçilməz olduğunu, hakimiyyətin onlara ehtiyacı olduğunu və sanki onlarsız hökumətin dağılacağı mesajını verirlər. Dolaylı olaraq Qərblə, ABŞ-la münasibətləri baltalayaraq, hakimiyyəti Rusiyanın qucağına itələyirlər. Bu yolun davamı bu günə kimi yaşanmış misallardan göründüyü kimi heç də yaxşı görünmür. Zərərini hamımız çəkəcəyik.  

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top