NAZİM MUSTAFAYEV

İl fərqi

İl fərqi

NAZİM MUSTAFAYEV
Önəmli bir gündə önəmli bir vəzifəni icra edəcəkdi. O illər əvvəl elə bu şəhərdə sözün əsl mənasında bir kölə idi. Sahibinin gözündə dəyərsiz bir əşyadan fərqi yox idi. Aradan illər keçəcək, hər kəs o qara dərili insanın səsini dinləyəcəkdi. Bu mənzərəni qəbul etməyənlərin səsi cılız gəlsə də, yenə eşidilirdi. İllərdir rənginə, dilinə ya da irqinə görə özünü digər insanlardan üstün tutan, belə görmüş, belə götürmüş bu şəxslər vəziyyəti qəbul etmək istəmirdi. Şüuraltına yerləşmiş şərtli baxışları, ön qəbulları yıxmaq onlar üçün asan olmayacaqdı.

Özü kimi atasının da bu mənzərəni qəbul etməyəcəyini bilən bir şəxs atasının indi həyatda olmadığına sevinərək belə deyirdi: “Bu günü görmədən atamın ruhunu alan Allaha həmd olsun”. Başqa bir şəxs də necə görüb götürübsə elə o cürə insanları rənginə, irqinə görə ayırd edir və belə deyirdi: “Bu iş üçün bu qara qarğadan başqa adam tapılmadı?”.

Hələ çox yeni müsəlman olmuş, ya da hələ İslamla tanışmamış bu şəxslər Həzrət Bilalın Kəbə evinə çıxaraq əzan oxumasına bu cür reaksiya verirdilər... “Vaxtilə köləmiz olmuş bu qara zənci indi Kəbə evinin üzərinə çıxacaq, oradan hamını namaza dəvət edəcək?” kimi suallar havada uçuşurdu…

Bilirsiniz?.. Avraam Linkolnun mücadiləsi nəticəsində Amerikada köləliyin ləğv edilməsinə nə az nə çox hələ 1235 il var idi. Ümumdünya İnsan hüquqları Bəyannaməsindən hələ söhbət gedə bilməzdi. Dünya hələ bu kimi şeylərə oyanmamışdı. Ancaq uzaqlarda, səhrada bir işıq çoxdan parlamağa başlamışdı.. 630-cu ildə ağ dərili, qara dərili söhbəti artıq tarixə qarışmışdı. Dərisinin rənginə görə bir şəxs başqa bir şəxsə “qara qarğa” sözünü ancaq çox qısıq səslə deyə bilirdi.

Peyğəmbər (s.ə.s) dövrünü tikinti aparılan böyük bir əraziyə bənzədə bilərik. Bəşəriyyətə göndərilən sonuncu ilahi dinin əsasları qoyulur, yeni bir mədəniyyət inşa edilirdi. Hər gün bu böyük abidənin yeni bir daşı, yeni bir parçası öz yerinə qoyulurdu.

Yaşanan o dedi-qodular da bir boşluqdan xəbər verirdi. Bu yeni din insanlar arasında “üstünlük meyarı”nın nə olduğu barədə bir söz deməli idi. Artıq buna ehtiyac duyulurdu. Görəsən bu “üstünlük meyarı” nə olacaqdı? Hadisələr lokal çərçivədə cərəyan etsə də gələn mesaj ümumbəşəri mahiyyət daşıyırdı. Hucurat surəsinin bu ayələri nazil olmuşdu: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir)” (Hucurat, 49/13)

Bu ayədəki mövzu beynəlmiləl mahiyyətli, dinli, dinsiz hər kəsi əhatə etdiyi üçün “Ey müsəlmanlar!” olaraq deyil, “Ey insanlar!” ifadəsi ilə başlamışdır. Bu ayə ilə dünya qardaşlığının əsası qoyulmuş, hər hansı soylu və imtiyazlı sinif qəbul edilməmişdir. Bilal Həbəşiyə Kəbənin damına çıxaraq əzan oxumasını əmr edən Həzrət Peyğəmbər (s.ə.s) bununla bütün dünyaya rəng, dil, nəsəb kimi fərqlərin aradan qaldırıldığını bildirmişdir. Allah qatında ən hörmətli insan Ondan (c.c) ən çox qorxan və pis əməllərdən ən çox çəkinəndir. Özünü bu mənəvi dərəcəyə çatdıran Həbəşli, qara dərili Bilal əlbəttə Kəbənin damına çıxaraq əzan oxumağa layiq insan idi.

Həmçinin bu ayənin izahı mahiyyətində 632-ci ildə Həzrət Peyğəmbərimiz Arafat dağındakı “Vida Xütbəsi”ndə bütün insanlara belə səslənəcəkdi: “Ey insanlar! Rəbbiniz birdir, atanız da birdir. Hamınız Adəmin övladlarısınız. Adəm də torpaqdan yaradıldı. Bir ərəbin ərəb olmayana qarşı heç bir üstünlüyü yoxdur. Ağ dərilinin qara dəriliyə qarşı heç bir üstünlüyü yoxdur. Allah qatında ən dəyərliniz ən təqvalı olanınızdır”.

İnsanlar mənsub olduqları sosial və etnik qruplara, millətlərə, siyasi və coğrafi fərqliliklərə görə bir-birindən ayrılırlar. İnsanlar bu fərqliliklərə bağlı olaraq bir-birilərini tanıyırlar. Ancaq kimi zaman da bu fərqli kimlik və xüsusiyyətlər bir qürur və üstünlük səbəbinə çevrilir. Fərqli millətlərə mənsub olaraq yaradılma, bu yolla kimlik qazanmanı, o kimlikdə insanların bir-birilərini tanımasını Quran qəbul edir. Hətta, “bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq” ayəsi elə bu mövzudan bəhs edir. Ancaq Quran fərqli sosial və etnik qruplara mənsub olmanı bir üstünlük meyarı kimi qəbul etmir. İnsanın şərəf və dəyəri, öz iradəsi ilə əldə etmədiyi etnik mənsubiyyətə görə deyil, öz iradəsi və cəhdi ilə əldə edəcəyi ümumbəşəri dəyərlərə bağlı olmalıdır.

Dünya tarixinə nəzər salanda bir sürücünün əyləc pedalına basacağı yerdə səhvən qaz pedalına basması kimi insanların, millətlərin həyatında da bu kimi səhv gedişlərə, yanlış addımlara rast gəlirik. Keçən zaman, yaşanan acı təcrübələr atılan o addımların, həmin seçimlərin yanlış olduğunu göstərir. Bəlkə də elə ağılın işləmə mexanizmi belədir. İnsan təcrübələrlərlə öyrənir. Təcrübə isə həm də yanılma deməkdir. Hər zaman uşağın əlindən tutub ona yol göstərən bir şəxs olduğu kimi, Uca Yaradan da hər zaman bəşər övladına yol göstərəcək Peyğəmbərlər göndərmişdir.

Haşiyəyə çıxaraq burada bir xatirəmi paylaşmaq istəyirəm… 9-cu ya da 10-cu sinifdə oxuyarkən “Xatəmul-Ənbiya Həzrəti Məhəmməd və Həyatı” kitabını ilk dəfə başdan sona oxumuşdum. O günə kimi Peyğəmbərimizin (s.ə.s) həyatı ilə bağlı oxuduğum ən geniş kitab hər halda bu idi.

Elə həmin günlərdə məktəbdə tarix dərsində “Amerikada 1865-ci ildə köləliyin ləğv edilməsi” barədə bir mövzu keçmişdik. 1865-ci ildə qanunda dəyişiklər edilmiş, vətəndaş müharibəsinin ardından Amerikada köləlik aradan götürülmüşdü. Bu tarix insanda dünən, sırağagün olmuş hadisə təəssüratı oyadırdı. Köləliyin ləğvində o günki ABŞ prezidenti Avraam Linkolnun da böyük rolu olmuşdu. Müəllim dərsdə bu mövzunu keçəndən sonra öz-özümə təzəcə oxuduğum “Vida Xütbəsi” ilə bu dərsin mövzusu arasındakı il fərqini hesablamağa çalışırdım.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top