NAZİM MUSTAFAYEV

Bir iman yolculuğu… -1-

Bir iman yolculuğu… -1-

NAZİM MUSTAFAYEV

Səhərçağı sehrbazlar hamılıqla bir məqsəd üçün yığışmışdılar. Firon onları Misirin dörd bir yanından gətirtmişdi. Əsas məqsəd Həzrət Musaya qalib gəlmək və buna görə Firondan bəxşiş və hədiyyələr almaq idi. Hərə öz məharətini göstərəcək, sonra növbə ta körpəliyindən Fironun sarayında böyüyən, saray tərbiyəsi alan, indi isə peyğəmbər olduğunu söyləyən Həzrət Musaya gələcəkdi.

Rəblik iddiasında olan bu adamı o günkü bu əməlinə görə "demokrat" adlandıranlar da var. Çünki məsələni xalqa ərz eləmiş, Musanın peyğəmbər olub-olmadığını yəqin etmək üçün xalqa müraciət eləmişdi. Bununla yanaşı "demokrat" olması sadəcə öz istəyi reallaşana qədər idi. Görəcəyik ki işlər tərs gedən kimi, öz əslinə, "asacam", “"kəsəcəm" formatına qayıdacaqdı…

Böyük bir kütlə bu mənzərəni tamaşa edəcəkdi. Hər kəs sehrbazların fənnlərindən, məharətlərindən az-çox xəbərdar idi. Fironun istəyi o idi ki, xalq Həzrət Musanı bu sehrbazlardan biri kimi tanısın. Sehrbazla mücadilə etmək ona görə asan idi. Lap elə bir dənə sehrbaz da Misirdə artıq olsun. Bundan Firona xələl gəlməzdi. Ancaq qarşısındakı bir Allah elçisi olanda onunla mücadilə aparmağın çətin və mümkünsüz olduğunu bilirdi. Qorxusu da bu idi.

Bunun üçün dörd bir yandan gətirtdiyi bu sehrbazların mütləq qələbə qazanmasını gözləyirdi. Plan baş tutmasa yəqin ki ən çox Firon qəzəblənəcəkdi. Hələ bir də buradakı bütün sehrbazlar Firon və xalqın gözü qarşısında, onun güc və əzəmətini heçə sayaraq Həzrət Musa tərəfə keçsə və ona iman etsə, bu ən gözlənilməz hadisə olardı.

Biraz haşiyəyə çıxaraq, "Şanslı insan kimdir?" sualına cavab axtarmaq istəyirəm… Görəsən hansı insana şanslı insan demək olar? Hər halda buraya çox insanı daxil etmək mümkündür. Bəlkə də elə hamımız şanslı insanlarıq ki, Cənab Allah (c.c) bizi insan olaraq yaradıb. Ancaq "şanslı olmağı" xüsusi mənada da başa düşmək olar… Misal üçün həmişə özündə yanılma payı görən, həqiqət və doğrunu sırf həqiqət və doğru olduğu üçün qəbul edə bilən insanları şanslı insan hesab etmək olar. Çünki belə bir mövqedə duran insanların bir gün mütləq doğru və həqiqəti tapma ehtimalı var. Fironun dörd bir yandan toplayıb gətirtdiyi sehrbazlar da məhz bu qəbildən şanslı insanlardan idi.

Onlar Həzrət Musanın özləri kimi sehrbaza oxşamadığını anlamışdılar. Ancaq yenə də fəndlərini göstərmək qərarında idilər. Əgər qalib gəlməsələr ona iman edəcəkləri barədə öz aralarında sözləşmişdilər. Bir peyğəmbərlə mücadiləyə girişmək kimi bir feili öz iradələri ilə işləsələr də burada şübhəsiz ki Fironun da təzyiq və basqıları var idi. Fironun əmrindən çıxmaq həm çətin həm də cəsarət tələb edirdi.

Nəhayət gözlənən an gəlib çatdı. Sehrbazlar birinci kimin başlayacağını Həzrət Musadan soruşmuşdular. Bu onların ədəbinə dəlalət edirdi. Həzrət Musada da ədəbə ədəblə cavab verərək: "Birinci əsanızı siz yerə atın!" demişdi. Həzrət Musanın bu cavabı həm özgüvəndən həm də Allaha (c.c) güvəndən xəbər verirdi. Bu məqamlar Quranda belə anldılır: "Onlar Həzrət Musaya: "Özün seç. Ya sən əvvəlcə əsanı yerə tulla, ya da biz birinci tullayaq!" deyirlər. Həzrət Musa: "Əvvəlcə siz tullayın" deyir! Sehrbazlar əllərindəkini yerə atan kimi onların sehri üzündən birdən (Musaya) elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib ilan kimi qarnı üstə sürünür" (Taha, 20/65-66)
Rəvayətə görə xüsusi olaraq hazırlanmış dəyənək və iplərin içinə civə doldurulmuş, sehrbazların fəndlərini göstərəcəkləri səhnə və ya platform da altdan atəş yandırılaraq isidilmişdi. Altdan atəşin, üstdən də günəşin itsisi ilə bu iplər və dəyənəklərin içindəki civə genləşmiş və xalqın gözü qarşısında yerə atılanda hərəkət etməyə başlamışdı. Xalq da onların hərəkət edən ilan olduğunu zənn etmişdi. Günümüzdə texniki fənlərdən, texnologiyanın yeniliklərindən, xüsusi alətlərdən istifadə etməklə bu kimi fəndlər göstərmək mümkündür. İnsanlar bu kimi fəndləri göstərənlərdə qeyri adi güclərin olduğu zənninə qapılar, bu fəndlərin izahını bilmədiyi üçün bu kimi hadisələr insanlarda sehr təsiri buraxar.

İndi növbə Həzrət Musada idi. O bir peyğəmbər idi. Göz bağlayıcılıq və sehrlə işi ola bilməzdi. O xalqın gözünü ovsunlamayacaqdı. Fənd və hiylədən istifadə etməyəcəkdi. Ayədə belə buyurulur: "(Ey Musa!) Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını (bütün kəndirləri və dəyənəkləri bir anda) udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən (əfsundan) başqa bir şey deyildir" (Taha, 20/69).

Sehrbazlar özlərinin etdiyi cinsdən bir fənd gözləyirdilər. Ancaq başqa bir şeylə qarşılaşdılar… Sehrin hər növünü, hər fəndini bilirdilər. Ancaq Həzrət Musanın göstərdiyi bunların heç biri deyildi. Çox keçmədən tam yəqinliklə anladılar ki qarşılarında duran şəxsin bir Allah (c.c) elçisidir. Yəhudi alimi Abdullah ibn Səlam Həzrət Muhammədin (s.ə.s) simasında nə görmüş, nəyə vurulmuş, nəyə aşiq olmuşdusa bu sehrbazlar da eyni o yerdən vurulmuşdular. Sehrbazlar sanki ova gederkən ovlanmışdılar. İman artıq onların qəlbində yer etmişdi. O anda nə baş verdisə bir anda sehrbazların qəlbində Fironun qorxusu yox olub getdi. Onun vədləri, alacaqları mükafatlar hamısı bir anda yaddan çıxmışdı. Haqpərəst olmaq, doğru əleyhdə görünsə belə onu qəbul etmək aşılması gərəkən bir sərt yoxuşa bənzəyir. Onlar bu sərt yoxuşu çoxdan aşmışdılar…

Mövzuya davam edəcəyik…

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top