NAZİM MUSTAFAYEV

"Biliyin əxlaqı" varmı?

"Biliyin əxlaqı" varmı?

NAZİM MUSTAFAYEV

Elm öyrənmək, bilik əldə etmək mühüm və fəzilətli bir əməldir. Ancaq öyrənilən elm və biliyi insanların faydası üçün deyil, zərəri üçün istifadə olunması da işin digər tərəfini təşkil edir. Misal üçün günümüzdə atom fizikasını öyrənmək, bu biliklər ilə atom elektrik stansiyaları inşa edərək insanların bundan faydalanması, ya da insanların həyatını asanlaşdıracaq texnologiya sahələrdə istifadə etmək müsbət haldır. Ancaq atomu, buradakı enerjini bir silah halına gətirərək insanları hətta ümum bəşəriyyəti fəlakətə aparmaq da mümkündür.

Hər hansı bir elm və bilik həm insanların xeyri və faydası üçün, həm də pis və şər məqsədlər üçün istifadə oluna biləcək mahiyyətdədir. İnsanlara düşən vəzifə də elmdəki bu güc və faydanı ümum insanların mənfəəti yolunda istifadə etməkdir. Elə ixtiralar var ki, bəlkə də ən başda bəşəriyyətə faydalı olmaq ümidi ilə alimlər onu icad etmişdi. Ancaq o ixtiraların bəşəriyyətə gətirdiyi fəlakətləri, insanların onu şər əməllərdə istifadə etməsini görəndə istər-istəməz “biliyin də əxlaqı olmalıdır” tezisinin nə qədər əhəmiyyətli olduğunu görmək olar.

Bu mənada əxlaq və elmi biliklər, əxlaq və ixtiralar, əxlaq və kəşflər hər zaman bərabər, hətta əl-ələ, qol-qola hərəkət etməsi gərəkir. Bunlar ayrılanda hər ikisi də təhlükəli hal ala bilərlər. “Biliyin əxlaqı” olaraq ifadə edə biləcəyimiz bu məsələ elmin və biliyin texnologiyada tətbiqində mütləq nəzərə alınmalıdır. İnsan sevgisinə, insana hörmətə, insanın yaşam haqqına söykənən bu anlayış bütün tədris proseslərində öz yerini alması gərəkir. “Biliyin əxlaqı” məsələsi həm də bütün insanlığın, elm dünyasının keçməsi gərəkən bir imtahandır.

Təlim və tədris prosesində insanlara təqdim edilən biliklərin içərisinə “biliyin əxlaqı” da qoyularsa sizcə nə baş verər? Gəlin bunu bir-iki misalla izah etməyə çalışaq…

Məktəbdə, universitetlərdə keçilən hər hansı mövzunun sonunda həmin mövzunun əxlaqı yönlərini anlatmaq olar. Misal üçün: “Fotosintez əxlaqı”, “Triqonometriya əxlaqı”, “birinci dünya müharibəsini anlama əxlaqı”, “cazibə qanunu əxlaqı” və.s kimi… Bir uşağa yağışın yağma mexanizmi izah edildikdən sonra “yağışın əxlaqı” bölümündə yağış olmasaydı bizim kimi canlı olan bütün bitki örtüyünün yox olacağını, yağışlı bir gündə bir şəhərə yüzminlərcə manatlıq yağış yağdığını, əslində yağışı heç bir bədəl ödəmədən alsaq da, çox qiymətli bir dəyər olduğunu əlavə etsək “biliyin əxlaqı”nı da vermiş olarıq.

Öz-özlüyündə bütün elmlər hörmətə layiqdir. Quranın ifadəsi ilə: “Allahdan həqiqi mənada qorxanlar da məhz alimlərdir” (Fatiq, 35/28). Alimlərin elm sahibi olduqları üçün Allahın ucalığını, heybət və əzəmətini daha yaxşı başa düşmə və tanıma, Ondan daha çox qorxa şansları var. Ancaq işin başqa bir tərəfi də var ki, elm nə qədər dərin və nə qədər incə və yüksək olarsa, şər yolunda istifadə olunması, bu elmlərlə fitnə və fəsad çıxarma ehtimalı da bir o qədər çoxdur. Bütün bu həqiqətlər elm və biliyi dəyərdən salmır. Əksinə ilahi tərbiyədən, dini və əxlaqi dəyərlərdən qoparılaraq inkişaf edib böyüyən, dərinləşən elm və biliyin bu halda güclü, əxlaqsız və ağılsız bir canavar halına gələ biləcəyini xəbər verir.
İnsanı digər canlılardan üstün qılan şey onun biliyə sahib olması deyil, o biliyin əxlaqına sahib olmasıdır. Biliyi xam məddə olaraq qəbul etsək, “biliyin əxlaqı” onun işlənmiş, insanlığın faydası və xeyri üçün istifadəyə hazır halıdır. Əgər elm sonsuz bir dəryadırsa, bu dəryanın ən yaxşı dalğıcı, üzgücüsü, kapitanı və kəşf edəni bu biliyin əxlaqına da sahib olan insandır. Həmçinin elm və bilikdəki gücü ədalətə çevirən də yenə bu biliyin əxlaqa bürünmüş halıdır.

Əxlaqın şəfqət qanadlarından məhrum qalan bilik hirs, mənfəət və intiqam kimi hisslərin qurbanına çevrilir. Nəticədə isə bilik həm dünyanı, həm də axirəti cəhənnəmə çevirən böyük bir silah olaraq qarşımıza çıxır. Çox təəssüf ki insalıq tarixi bunun minlərcə nümunəsi ilə doludur.

Dünya tarixinə nəzər salsaq elm və biliyin yaşadığımız dövrdəki qədər kütləvi hal almadığını görərik. Elmin kütləviləşməsi təbii ki müsbət haldır. Bununla yanaşı heç bir dövrdə biliyin yaşadığımız dövrdəki qədər kirlənmədiyini, əxlaqını itirmədiyini də demək yerinə düşər.

İstifadə etdiyimiz bütün qidaların, sağlamlığımız üçün zərərli olub-olmadığına, qidanın müddətinə və.s diqqət elədiyimiz kimi əldə etdiyimiz biliklərin də sağlamlığını, mənasını, faydalı olub-olmadığını, hətta son istifadə tarixinin keçib-keçmədiyinə diqqət etməmiz gərəkir.

Keçmişdə və günümüzdə elm və bilik qan axıtma, zülmə alət olma kimi məqsədlər üçün də istifadə edilib. Onu qanla bir araya gətirmək, ya da qan axıtmaq üçün istifadə etmək ancaq insanlığa qarşı işlənmiş bir cinayətdir.

Nəticə olaraq deyək ki, elm və bilikdən insanların xeyri və mənfəəti üçün istifadə edəndə zəhərdən dərman hazırlanır. Elm və bilik insanların zərəri üçün istifadə ediləndə isə dərmandan zəhər əldə edirlər. Bu mənada insanın şər əməlləri qarışmadıqca İslama görə öz-özlüyündə haram olan hər hansı bir elm yoxdur. Yetər ki biz insalar elmin namusuna, “biliyin əxlaqı”na sahib çıxaq və onu hər zaman qoruyaq.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top