NAZİM MUSTAFAYEV

Yalnış hesab! Yalnız güman!

Yalnış hesab! Yalnız güman!

NAZİM MUSTAFAYEV

Şeytan Hz. Adəmə (a.s.) belə demişdi: “Rəbbiniz sizə bu ağacı ölümsüz bir həyata qovuşmamanız üçün qadağan edib!” (Araf, 7/20). Şeytana görə cənnətdə qadağan olunmuş o ağacın meyvəsində ölümsüzlük şərbəti var idi. Əslində isə bu yalnız yoldan çıxarma taktikası idi.

Əbədi yaşamaq duyğusu ta ilk yaradılışdan etibarən insana verilib. Yox olmaq heç bir kəsin istədiyi, xoşladığı bir şey deyil. İlk insanın cənnətdə yaradılması sanki insanda bir iz buraxıb. Əbədiliyə qarşı bir sevgi aşılayıb. Ölümsüzlük arzusu insan damarlarında axan qan kimidir. Fitrətində var olan ölümsüz həyata qovuşma arzusu, şeytanın vəsvəsəsi ilə insanlığın Atasını “qadağan meyvə”yə əl uzatdırmışdı. İnsan fitrət etibarı ilə ölməmək, əbədi yaşamaq istəyir. Şeytan da insanın fitrətində var olan bu duyğuya səslənmiş, yoldan çıxarma taktikasında məhz “ölümsüz bir həyat”ı vurğulamışdı.

İslama görə insanın hayatı, yalnız axirətlə bütünləşəndə sonsuzluğa doğru uzanar. Əbədi yaşamaq və sonsuzluq hissini bu dünyada tətmin etmək mümkün deyil. Buna baxmayaraq, keçmişdə və günümüzdə əbədi yaşayacaqlarını zənn edənlər olub. Bu zənni daşıyanlar haqqında bir Quran ayəsində beləbuyurulub: “Elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaq” (Huməzə, 104/3). Bu ayə və içində keçdiyi Huməzə surəsinin Ümeyyə ibn Xələf, Vəlid ibn Muğirə və Əhnəs ibn Şurayq kimi insanlar haqqında nazil olduğu rəvayət edilmişdir.

Sadalanan bu şəxslərdən kiminin 4000, kiminin də 10000 dinarı var idi. Bu məbləğin günümüzdəki dəyəri 10-20 min arası kiçik baş heyvan, 20-30 kq qızıl və ya 3-4 milyon AZN edir. Özlərinə ölümsüzlük bəxş edəcəyini düşündükləri ümumi mal-dövlətlərinin dəyəri bu idi. Miqdarın o qədər əhəmiyyəti yoxdur. Daha az və ya daha çox da ola bilərdi. Əsas məsələ mal-dövlətin insanı əbədi yaşadacağı zənninə qapılmasıdır! Bu zənn ilə yaşamasıdır!

Sadalanan bu şəxslər söz və felləri, qaş-göz hərəkətləri ilə İslamı və müsəlmanları ələ salırdılar. Hz. Peyğəmbərimizə (s.ə.s.) “fironluq” edir, İslamın könüllərə yol tapmasına əngəl olurdular. 14 əsr əvvəl onları Məkkədə hamı yaxşı tanıyırdı. Bəs sonra?..

Bütün insanlıq üçün nazil olan ilahi bəyanlar yalnız bu şəxslərə xitab etmiş ola bilərmi? Ayədə “elə zənn edər ki” deyilir. Yəni bu zənn, bu fel davam edir. Bitmiş bir hadisə deyil. Günümüzdə də davam edən, şəxslər dəyişsə də rolları davam edən bir hadisədir.

Kimi insanlar bu xəstəliyin bilərək ya da bilməyərək daşıyıcısıdır. Şüuraltında bu niyyət və zənni daşıyan bəlkədə minlərcə insan var. Ayədə bəhs edilən həqiqəti yalnız bir nəfərə, bir dövrə şamil etmək olmaz. Hər kəsə, hər dövrə aiddir.

Ümeyyə ibn Xələflər, Vəlid ibn Muğirələr, Əhnəs ibn Şurayqlar burada prototiplərdir. Tarix şahiddir ki, sadalanan bu şəxslərdən əvvəl də bu zənni daşıyanlar olub. Günümüzdə və gələcəkdə də bu zənni daşıyan insanlar olacaq. Uca Yaradan bu zənnin yalnış olduğunu söyləyir. Həmçinin tarix də bu zənnin yalnış olduğunu bizə deyir. Nəmrudların, Fironların, daha necələrinin sərvətləri özündən sonrakı nəsillərə qalıb. Sərvətləri onları əbədi yaşatmayıb. Xəzinə axtaranlar onların hesabına zəngin olublar. Burada yalnış olan çalışmaq, qazanmaq hətta sərvət toplamaq deyil. Yalnış olan, sərvətin ölümsüzlük gətirəcəyi fikridir.

Heç bir xeyrə yaramayan, saymaq üçün yığılan mal-dövlət heç sahibinə də fayda vermir. Malına güvənən insan artıq dünyada əbədi yaşayacağını, əbədi qalacağını düşünməyə başlayır. Hər gün çiyinlərdə aparılan cənazələr onun üçün heç bir məna ifadə etmir. Əcəl ona gəlməyəcəkdir! Çünki onun dönə-dönə saydığı, topladığı mal-dövləti var! Axı o zəngindir! Hətta ölüm onu haqlasa da o biri dünyada da yenə imtiyazlı olacaq! Ancaq gümanı yalnışdır.

Şeytan ölümsüz bir həyatın bu dünyada əldə ediləcəyini insanın qulağına fısıldayır. Ancaq əcəl gəlib çatanda insan möhkəm “qalalar” içərisində olsa da, ölüm onu haqlayacaq (Nisa, 7/78). Mal yığıb onu dönə-dönə saysa da (Huməzə, 3/104), sərvətini ən etibarlı banklarda qorusa da bu onu əbədi yaşatmayacaq. Əcəl gəlib çatanda tibb elmi belə aciz qalacaq. Heç kəs buna ənəgl ola bilməyəcək (Vaqiə, 56/83-85).

Bu dünyanın özü imtahandır. Zənginlik də, fəqirlik də imtahandır. Huməzə surəsində sırf mal-dövlətinin onları əbədi yaşadacağını düşünənlər qınanır. Şüuraltında bu fikri bəsləyənlər və ya dilləri ilə söyləyənlər ifşa edilir. Əslində burada mənəvi bir xəstəlikdən də bəhs edilir. Məsələnin güman edildiyi kimi olmadığı xəbər verilir.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top