NAZİM MUSTAFAYEV

Şəhərə fərqli qapılardan girmək…

Şəhərə fərqli qapılardan girmək…

NAZİM MUSTAFAYEV

Bu yazıda Həzrət Yaqubun (a.s) övladlarına bir nəsihətindən bəhs etmək istəyirəm. Belə bir nəsihət Quranda yer aldığına görə şübhəsiz ki, qiyamətə qədər bütün inananların da buradan götürəcəyi dərslər var. O övladlarını Misirə göndərərkən şəhərə fərqli qapılardan girmələrini söyləmişdi.

Ayədə belə buyurulub: “(Yəqub) dedi: “Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!” (Yusif, 12/67).

Görəsən belə bir nəsihətin Quranda yer almasının səbəbi nədir? Bu ayə necə başa düşülməlidir? Ata və övladları arasında baş tutan yüzlərcə, minlərcə dialoq və söhbətdən nə üçün məhz bu hissə bizə xəbər verilib? Həzrət Yaqubun (a.s) 10 övladının şəhərə bir qapıdan girməsi ilə, fərqli qapılardan daxil olmaları arasında hansı fərqlər ola bilərdi? Onlar bu tövsiyyəyə əməl etməklə nə əldə etmişdilər? Gəlin bu sualların cavabına birgə baxaq…

Bu ayədə əvvəla çarə qılmaq, təhlükədən qorunmaq üçün önləyici işlər görmək, tədbir almaq kimi nüanslar gözə çarpır. Həzrət Yaqub (a.s) burada övladlarına başqa bir şəhərə gedəndə tədbirli və ehtiyatlı olmalarını söyləyirdi. Bu ayədə himçinin bəndənin alacağı tədbir ilə yanaşı həm də Allahın təqdirindən də bəhs edilir.

Qədər baxımından tədbirli hərəkət etməklə tədbirsiz davranmağın arasındakı fərqi belə bir misalla izah etmək olar… Bir insanın qədərində yolda qəzaya düşmək, bir maşının ona vurması varsa, bu o adamın yol ortasında gəzməsinə haqq qazandırmaz. Tədbirsiz hərəkət edərək yol ortasında gəzəndə, qırmızı işıqda yolu keçməyə çalışanda maşın onu vurarsa məsuliyyətin böyük hissəsi onun üzərində qalacaq. İnsan yolun ortasında deyil, kənarında, ən doğru səkidə gəzməsi gərəkir. Əgər səkidə gəzərkən bir maşın onu vurarsa bu da onun qədəri olmaqla yanaşı baş verən qəzada hüquqi və ya mənəvi cəhətdən hər hansı məsuliyyət daşımaz. Hər iki halda da başa gələn onun qədəridir. Ancaq tədbirli və ehtiyatlı hərəkət etmək başa gələn qəzada insanı məsuliyyətdən və işin səbəbkarı olma yükündən qurtarır.

Həzrət Yaqub da (a.s) övladlarını qədərdən qaça biləcəkləri üçün deyil, məhz başa gələ biləcək hər hansı fəlakət qarşısında məsuliyyətdən qurtulmaq üçün o məsləhəti verirdi. Onlar da bu tövsiyyəyə əməl etmişdilər.

Həzrət Yaqubun (a.s) oğulları yaraşıqlı idilər. Görünüşləri, qədd-qamətləri yerində idi. Görkəmli geyimləri və səliqəli patlarları bu gözəlliyi tamamlayırdı. Birinci dəfə onlar şəhərə daxil olanda diqqəti cəlb etməmişdilər. Onları heç kim tanımırdı. Ancaq ikinci gəlişləri fərqli idi. Xalq da artıq onları tanımışdı. Eyni atanın bu yaraşıqlı övladlarına insanlar həsəd dolu baxışlarla baxa bilərdilər. Buna imkan verməmək üçün bir tədbir görmək lazım idi.

Şəhərə fərqli qapılardan girməklə bağlı ayənin (Yusif, 12/67) təfsirində müfəssirlər nəzər və göz dəyməsi haqqında da danışırlar. Həsəd dolu baxışların, göz dəyməsinin, gözdən çıxan mənfi enerjinin qarşı tərəfə təsiri bir reallıq olaraq qarşımıza çıxır. Bu minvalla Həzrət Yaqubun (a.s) bu nəsihətini oğullarının göz dəyməsindən, qısqanc və həsəd dolu baxışlardan qorumaq məqdəsilə olduğunu da demək olar. Bu məqam günümüzdə də öz aktuallığını qoruyur. Cənab Allahın verdiyi mal, can, övlad və.s kimi nemətləri sosial media vasitəsilə digər insanlara göstərmək günümüzdə dəb halını alıb. Bu haqda nəyin yanlış, nəyin doğru olduğunu insanlar anlamaqda çətinlik çəkir. Bu aspektən baxaraq sosial media paylaşımları da ciddi bir təhlil və müzakirə mövzusu ola bilər…

Qısa aralıqlarla bir neçə dəfə Misirə gələrək Həzrət Yusif (a.s) ilə yaxınlıq quran qardaşları onun məqamını da sarsa bilərdi. Nə üçün saraydakı yüksək səviyyəli məmur (Həzrət Yusif) bu qardaşlara belə hörmət və ehtiram göstərir? Bu 10 qardaş nə üçün yenə bu şəhərə gəliblər? kimi suallar xalq arasında yayıla bilərdi. Bu gəlib-gedişlər Həzrət Yaqub övladlarının, dolayısı ilə İsrailoğullarının Misirə yerləşməsinin təməlini təşkil edəcəkdi. O dövrdə haqq bir davanı təmsil və Misiri mənən ehya etmə vəzifəsi israiloğullarına verilmişdi. Belə bir vəzifənin öhdəsindən gəlmək üçün təşhirdən uzaq və ehtiyatla hərəkət etmək gərəkirdi.

Onlar hər nə qədər gözə batmamaq üçün şəhərə müxtəlif qapılardan girsələr də qədərin önünə keçə bilməmişdilər. Qədər yenə də onları haqlamışdı. Aldıqları tədbirə baxmayaraq qardaşları Bin Yamin özləri də bilmədən oğurluqda ittiham edilmişdi. Misir qanunlarına görə oğurluq edən, çantasında oğurluq əşya tapılan şəxs orada saxlanılırdı (Yusuf, 12/68). Bu halda da o Misirdə qalacaq, qardaşları atalarının yanına Bin Yaminsiz gedəcəkdilər.

Nəticə olaraq deyək ki, Həzrət Yaqubun övladları bəlkə də: “Bu qədər tədbir aldıq, atamızın sözünü dinlədik ancaq başımıza gələnə bax!” deyə bilərdilər. Ancaq qismən şər kimi görsənən bu hadisədən sonra Misirin qapıları onların üzünə açılacaqdı. İnsanlara düşən vəzifə tədbir almaqla yanaşı öz iradələrinin xaricində cərəyan edən hadisələrə müdaxilə etmək deyil, o böyük iradəyə təslim olmaqdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top