Bir şeyi satın alanda tam və nöqsansız, başqalarına bir şeyi satarkən isə əskik ölçmək, dolayısı ilə başqalarına zərər verməklə mənfəət əldə etmək İslam dininin qəbul etmədiyi məsələdir. “Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!” (Mutəffifin, 83/4) ayəti ilə bu əməl sahibləri qınanmış və şiddətli əzabla təhdid edilmişdir.
Mutəffifin surəsinin 1-6-cı ayələrində bəhs edilən bu kəslər təkcə Şama və Yəmənə karvanlar göndərərək ticarət edən Məkkə müşrikləri və ya Mədinədə alarkən başqa, satarkən başqa tərəzidən istifadə edən yəhudi tüccarları ola bilməzdilər. Bu ayələrdə bəhs edilənlər məhz günümüzdə də yaşayırlar. Günümüzdə də bu əməlin daşıyıcıları var...
Ayədə keçən çəkidə və ölçüdə aldatmağı sadəcə olaraq müştərinin gözündən qaçıraraq nəyi isə 200-300 qram az çəkmək kimi başa düşmək olmaz. Çünki buradakı aldatma əməli günümüzdə daha da şaxələnib. Bu ayədəki təhdid və xəbərdarlıq tərəzi ilə olmasa da alqı-satqıda müştərini aldadan hər bir hiylə və aldatmağı da əhatə edir.
Bir məhsulun başlanğıcdan sona qədər bütün istehsal prosesləri, zavoddan müştərinin önünə gələnə qədər ki hər bir mərhələsi bu çəkidə və ölçüdə aldatmanın əhatə dairəsinə aiddir. Çəkidə və ölçüdə hiyləyə əl atmaq, doğru davranmamaq, insanları aldatmaq əvvəla fərdlərin ruhundan, sonra ailələrdən sonra da bütün cəmiyyətdən haqq və ədaləti, şəfqət və mərhəmət hissini çəkib alır. Belə bir mühitdə din, əxlaq, fəzilət, qardaşlıq, vətəndaşlıq və s. kimi məfhumlar heç bir məna ifadə etməyən içi boşalmış quru bir söz halına gəlir.
Bu ayələrə baxanda Məkkəni idarə edən Qureyş qəbiləsinin seçkinlərinin İslamı nə üçün bu qədər gec qəbul etdiklərini, nə üçün İslamın dəvəti qarşısında bu qədər ayaq dirədiklərini anlaya bilərik. Onlar Həzrət Muhammədin (s.ə.s) gətirdiyi bu yeni dinin könüllərdə gizli qalan mücərrəd bir imandan ibarət olmadığını yaxşı anlayırdılar. Onlar Həzrət Muhammədin gətirdiyi “Allahdan başqa ilah yoxdur. Muhamməd onun elçisidir” şəklində ifadə edilən tövhid əqidəsinin həyatın hər bir sahəsinə yayılan təzahürlərini, gərəkliliklərini görürdülər. Əks halda onlar tez bir zamanda bütləri yıxaraq bu Əmin (s.ə.s) insanın arxasınca gedərdilər.
İslamın gətirdiyi dəyərlərdə bir qrup insan üçün başqa, digər bir qrup insan üçün başqa şəkildə tətbiq olunan qayda və prinsiplər yoxdur. Bu səbəblə də ona qarşı amansız hücuma keçmiş, ona savaş açmışdılar. Onlar nə hicrətdən əvvəlki Məkkə illərində nə də sonra bu hücumlardan əl çəkirdilər. Həmçinin iqtisadi ya da siyasi gücü arxasına alaraq bütün şərtləri insanlara diktə etmək, ehtiyac duyulan məhsulların alınmasında insanları hardasa tək tərəfli şərtlərə məcbur etmək tərəzidə aldatmaqdan daha böyük cinayətdir. İslam ta ilk başdan bu kimi halların qarşısında durmuş, buna razı olmamışdır.
Düşünmə tərəzisi xarab olan insanlar eyni bir hadisəni özləri üçün başqa, digər insanlar üçün başqa şəkildə ölçürlər. Ölçmənin doğru olması üçün əvvəla insanın ruhunda doğruluğu, haqq və ədalət fikrini mənimsəməsi, özününküləşdirməsi gərəkir. Tərəzinin doğru ölçməsi əvvəla insanın daxilindən gələn doğruluq hissinə bağlıdır. İnsanın daxilində bu hiss yoxdursa tərəzi nə qədər düzgün olsa da ölçərkən hiyləyə əl atmaq qaçınılmaz olacaq.
Məkkədəki son dövrlərdə nazil olan Mutəffifin surəsinin 1-6-cı ayələri ilə müslümanlar həm də Mədinə dövrünə hazırlaşdırılırdı. Əslində Məkkədə enən surələr daha çox inanc və əqidəyə aid məsələlər haqqındadır. Ancaq hələ Məkkədə ikən ticarətlə bağlı məsələlərdən bəhs etmək bu yeni dinin sosial və iqtisadi sahədə Mədinə dövründə həyata keçirəcəyi reformların başlanğıcı hesab etmək olardı.
Nəticə olaraq deyək ki, insanlara tərəzidə aldatmaq kimi əməllər qadağan edilərkən şübhəsiz ki maddi və mənəvi cəzalar da təyin edilir. Bu cəzalardan birincisi cənnət və cəhənnəm məfhumları və bununla bağlı inancdır. Dünyada işlədiyi əməllərin axirət günü hesabını verəcəyinə inanan bir şəxs, vicdanına, daxili aləminə ən güclü nəzarətçini yerləşdirmiş olur. İkincisi isə insanın xaricində, zahirdə olan nəzarətçilərdir. Bu nəzarətçilərin varlığı ilə məqsəd insanları yanlış əməldən caydırmaq, onları islah etməkdir. Ancaq bunlardan ən təsirli olanı şübhəsiz ki, insanın öz daxilində olanıdır. Çünki insan özü-özünə nəzarət edə bilməyəndə ona xaricdən nəzarət etmək çox çətin olur.
NAZİM MUSTAFAYEV
Tərəzidə aldadanlar… -2-