NAZİM MUSTAFAYEV

Bəlqisin imana gəlməsi -1-

Bəlqisin imana gəlməsi -1-

NAZİM MUSTAFAYEV
Hökmdarlıq təcrübəsi və üstün zəkası ilə o məktubun çox dəyərli bir yerdən gəldiyini anlamışdı. Məktubu oxuyandan sonra həmişə məsləhət aldığı əyan-əşraf təbəqəsinə yenə müraciət etmiş və belə səslənmişdi: “Ey əyanlar! Mənə çox hörmətli bir məktub göndərildi” (Nəml, 27/29).

Məktubun “hörmətli” olduğunu bəlkə də ona vurulan möhrdən, şəklindən ya da içində yazılanlardan anlamış ola bilərdi. Həmçinin Həzrət Suleymanın namı Bəlqisin diyarına qədər gəlib çatmışdı. Onun bir hökmdarmı, yoxsa bir peyğəmbərmi olduğuna dair bu məktubdan başqa əldə ciddi bir dəlil yox idi. Bununla yanaşı uzaqlardan gələn məktubun üslubunda üstünlük və qətilik açıq-aydın hiss olunurdu: “Bu məktub Süleymandandır və rəhimli və mərhəmətli Allahın adı ilə başlayır. Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti (müsəlman) olaraq gəlin!” (Nəml, 27/30-31) Burada günəşə sitayiş edən bir xalqın Allaha təslim olaraq onun hüzuruna gəlməsi təklif edilirdi. Məktub həm də yalnız Bəlqis üçün deyil bütün Səba əhlinə səslənirdi.

Qadın hökmdar məktubun mahiyyətini əyan-əşrafa anlatdıqdan sonra onların bu barədə nə düşündüyünü bilmək istəyirdi. Hamının görüşünü almadan yekun qərar verməyəcəyini demişdi: “Ey köməkçilərim, müşavirə heyətim! Bu iş barəsində mənə rəyinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən deyiləm!” (Nəml, 27/32).

Həmçinin o bu məktubun sahibinə qarşı cəbhə almaq, düşmənlik mövqeyinə girmək də istəmirdi. Çünki belə olanda işin axırı savaşla, ölüm və itkilərlə bitə bilərdi. Bu səbəblə əyan-əşrafa, müşavirə heyətinə məktub haqqında danışanda “çox hörmətli bir məktub” olaraq bəhs etmişdi.

Onlar Bəlqisə belə cavab verdilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Hökm sənindir. Nə əmr edəcəyinə özün bax (fikirləş)!” (Nəml,27/33). Yəni biz güclü orduya, sursata, hərb alətlərinə sahibik, özümüz isə təcrübəli və mahir döyüşçülərik. Bununla yanaşı son qərarı vermək sənə aiddir. Biz nə desən onu edəcəyik…

Qadınlar xarakter olaraq savaş və müharibələri sevməz, bunların gətirdiyi yıxımları xoşlamazlar. Bəlqis bilirdi ki, bir şəhərə girəndə orada pozğunçuluq salmaq, şəhəri yandırıb-yaxmaq, namusa təcavüz etmək, o şəhəri müdafiə edən gücləri dirənişin əsas ünsürləri olduğu üçün əzib keçmək, onları zəlil hala salmaq kralların ümumi adətidir. Bütün bunların fərqində olduğu üçün Bəlqis də güc, qüvvət və sərtlik silahını işə salmadan yumşaqlıq və həlimliklə bu məsələnin həll yollarını axtarırdı. (Nəml, 27/34). Bəs görəsən Bəlqis nə edəcək, hansı addımı atacaq və o məktuba necə cavab verəcəkdi?

Ağıllı və zəkalı bir qadın olan Bəlqis Həzrət Suleymanı yoxlamaq, onu test etmək qərarına gəlir. Görəsən ondan yayınmanın, yaxa qurtarmanın yolları varmı? Məsələn pul-para ilə, hədiyyələrlə bu “bəla”dan sovuşmaq olardımı? Bu məktub sahibi həqiqətdə kim idi? Bu sualların cavabını öyrənmək üçün Səba diyarından Həzrət Suleymana hədiyyələrlə dolu karvan yola düşür. Görəsən bu hədiyyələrlə “təhlükə”dən yaxa qurtarmaq mümkün olacaqdımı?
Bəlqisin fərqində olmadan etdiyi bu gedişlər əslində bir çox iman yolcusunun etdikləri ilə üst-üstə düşürdü. Misal üçün səhabələrdən Salman Farisi də Həzrət Peyğəmbərimizi (s.ə.s) öz aləmində bir sıra sınaqlara tabe tutmuş və hər dəfəsində bu iman yolculuğunda müəyyən məsafələr qət eləmişdi.

Bəlqis belə deyir: Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar!” (Nəml, 27/35). Sevgi simvolu olan həmçinin qəlbi yumşaldan hədiyyə savaşın qarşısının alınmasına da səbəb ola bilər. Bu həm də bir sınaq və dənəmə idi. Əgər bu məqamda Həzrət Suleyman hədiyyələri qəbul etsə, bu onun satın alına biləcəyini göstərirdi. Beləliklə anlaşılacaqdı ki Səba hökmdarı Bəlqisə göndərilən məktubda da nə isə dünvəyi mənfəətlər umulur. Belə olanda ona tabe olmağa dəyməz. Əgər hədiyyələri qəbul etməsə onun bir peyğəmbər və göndərdiyi məktubun da hər hansı mənfəətdən uzaq və məhz imana dəvət olduğu anlaşılacaqdı.

Beləcə Bəlqisin elçiləri hədiyyələrlə birgə Həzrət Suleymanın hüzuruna gəlib çatırlar. Ancaq umduqlarını tapa bilmirlər. Hədiyyələr qəbul olunmur. Suleyman peyğəmbər onlara belə deyir: Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi peyğəmbərlik və səltənət sizə verdiyi dünya malından daha yaxşıdır. Amma siz öz hədiyyələrinizlə sevinirsiniz” (Nəml, 27/36). O qədər yol gəlmələrinə baxmayaraq hədiyyələrin qəbul edilməməsi bəlkə də ora qədər gedib çıxan əmr qulları üçün məyusluq yarada bilərdi. Ancaq taxtında oturaraq gələcək xəbəri gözləyən Bəlqis üçün bu sevindirici xəbər idi. Bu onun iman yolculuğunda daha bir neçə addım atması mənasına gəlirdi.

Anadan-atadan müsəlman olaraq dünyaya gələnlər üçün bəlkə də bu cür iman yolculuğundan bəhs etmək olmaz. Ancaq yüzlərcə, minlərcə insan var ki, kimi uzun və ya qısa, kimi enişli-yoxuşlu belə bir yoldan keçərək həqiqi imanı əldə edirlər. Səba hökmdarı Bəlqis də bu enişli-yoxuşlu yolları keçərək həqiqi imanı əldə edənlərdəndir. Bilmirəm Bəlqisə bir peyğəmbər məktubu gəldiyi üçün onu şanslı hesab etmək olar ya yox? Bəli bir yandan o şanslı idi. Digər tərəfdən isə o şanslı deyildi. Sadəcə olaraq o bütün addımlarını ağıl və zəkanın diktə etdiyi metod və üsullarla atırdı. Bu minvalla o həm də hər kəsin edə biləcəyini edirdi.

Mövzuya davam edəcəyik…

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top