NAZİM MUSTAFAYEV

Üstünlük meyarı...

Üstünlük meyarı...

NAZİM MUSTAFAYEV

Günümüzdə texnologiya nemətlərinin necə əldə edildiyinə nəzər yetirəndə qarşımıza bir sıra amillər, həqiqətlər çıxır. İnsan əməyini minimuma endirən, vaxt itkisini aradan qaldıran, bir sözlə həyatı asanlaşdıran texnologiya nemətləri yüzlərcə dəfə aparılan elmi təcrübələrdən, edilən bir çox yanlışlardan sonra əldə edilir. Balaca uşaq dəfələrlə yıxılandan sonra ayaq üstə dayanmağı öyrəndiyi kimi insan ağılı da hər bir doğrunu əldə etmək üçün dəfələrlə yanılması, səhvə yol verməsi gərəkir.

Günümüzdə bir əlin içinə sığışan telefonlara nəzər yetirək… Telefonların (artıq onlara sadəcə telefon demək mümkündürsə) indiki səviyyəyə gəlib çatması üçün uzun illərin keçməsi, bir sıra elmi təcrübələrin bir araya gəlməsi gərəkirdi. İnsanı valeh edən transatlantik gəmilərinin, yerdən baxanda hardasa ucu-bucağı görünməyən göydələnlərin inşası üçün neçə-neçə əsrlərin keçməsi lazım olacaqdı. Bu misalları, nümunələri artırmaq da olar. Sözün məğzi başqa olduğu üçün bunlarla yetinirəm.

Görəsən insanlar istisnasız olaraq həyatın hər bir sahəsində ağılın bu işləmə metodundan istifadə edə bilərmi? Hər eniş və yoxuş, hər dərə və təpə ancaq bu şəkildə aşılmalıdır? Yoxsa başqa yol və metodlar varmı? Misal üçün yazı başlığında keçən “üstünlük meyarı”nının nə olduğunu bizə bildirməsi üçün ağıla müraciət etsək o bizə hansı acı və ya şirin təcrübələrdən keçərək doğru cavabı verə bilər? Ya da ümumiyyətlə verə bilərmi? Elə məqamlar ola bilərmi ki, biz burada ağıldan başqa vasitələrlə, daha qısa yollarla doğru nəticəyə çata bilək?

Əslində üstünlük meyarı elə bir şey olmalıdır ki, insanlar onu əldə etmək üçün bir-birini öldürməsin, millətlər bir-biri ilə savaşmasın. Bu elə bir yarış olmalıdır ki, hər millətdən insanlar bir safda duraraq o üstünlüyü əldə etmək üçün çalışa, cəhd göstərə bilsin. Ancaq heç kim bu maratonda bir-birini əzməsin. Hər kəsə o uca məqamda yer olsun. Quranda bizə təqdim edilən üstünlük meyarına nəzər salanda məhz bu deyilənlərlə qarşılaşarıq. Ancaq insanların təyin etdiyi üstünlük meyarında isə yerlər məhduddur. Hər kəsə orada yer yoxdur.

Quran ayələrində üstünlük meyarının nə olduğuna, sonra da tarixən insanların qəbul etdiyi üstünlük meyarlarına nəzər salaq… Bu zaman görərik ki, bu işi çözməkdə insan ağılı “sinifdə qalır”. İnsan ağılı nə qədər yanılsa və yanlışlar etsə də bu işin içindən çıxa bilmir. İnsanlar bir sıra irqi və milli kimliyə bağlı üstünlük anlayışının əslində içi boş olduğunu dünya müharibələri, milyonlarla insanın ölümü, şəhərlərin, ölkələrin yerlə yeksan olması kimi acı nəticələrini gördükdən sonra anlaya bildi. Yada görəsən anlaya bildimi? Sual ortaya çıxır ki, bir doğrunu öyrənmək üçün bu qədər itkiyə dəyərmi? Daha qısa yol yoxdurmu? Bu qədər itkinin ardından insanların, millətlərin bir-birinə sadəcə olaraq “pardon” deməsi yetərli olacaqmı? Buradan aydın olur ki, insanlar bəzi həqiqətləri ağıl yolu ilə çox çətin öyrənirlər ya da heç öyrənə bilmirlər. Bu həqiqətlərdən biri də yazı başlığında qeyd edilən “üstünlük meyarı”nın nə olduğudur.

Bir Quran ayəsində belə buyurulub: “…Əgər möminsinizsə, ən üstün olan sizsiniz!” (Əli İmran, 3/139). Başqa bir ayə isə belədir: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır” (Hucurat, 49/13).

Quranın ümumi məna bütünlüyündən ya da əlaqəli ayələrdə keçən açıq-aydın ifadələrdən anlamaq olar ki, bir insanın və ya bir millətin üstün olması ancaq müəyyən şərtlər altında mümkündür. Həmçinin bu meyarı, şərtləri təyin edən insan zəkası deyil, Uca Yaradanın buyuruğudur. Səndə, məndə ya da başqalarında bu şərtlər, xüsusiyyətlər varsa, bəli biz üstünük. Əgər yoxdursa biz üstün deyilik. Bu meyar və ölçünü insan dünyaya gələndə özü ilə gətirmir. Bu üstünlük hər bir insanın öz iradəsi ilə əldə edə biləcəyi bir üstünlükdür. Hər bir insan bu üstünlüyə bərabər dərəcədə yaxındır. Yetərki insan bunun fərqində olsun. Həmçinin bu üstünlük məqamında yerlər məhdud deyil.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top