NAZİM MUSTAFAYEV

Cahiliyyə dövrü

Cahiliyyə dövrü

NAZİM MUSTAFAYEV

“Cahiliyyə dövrü nədir?” sualını insanlara versək, mövzu ilə bağlı tədqiqat aparmış bir sıra şəxslərdən başqa əksər insanlar: “Ərəblərdə müsəlmanlıqdan əvvəlki dövr” cavabını verələrr. Ya da ilk ağıla gələn buna bəznər bir cavab olar. Həmçinin bəzi lüğətlərdə də “cahiliyyə” kəliməsi eynilə bu cür izah olunur. Başqa məqamlarda olduğu kimi, tarixə baxışımızda da ümumiləşdirici tərzdə düşünməyə meyilli olduğumuz üçün “cahiliyyə dövrü” ifadəsini ümumiləşdirir və məhz VI əsr ərəb cəmiyyətinə xas bir xüsusiyyət olduğunu düşünürük. Başqa bir ifadə ilə tarixin bir dövrünə ağ, digər dövrünə qara deyirik. Halbuki bu ikisi arasında minlərcə rəng çaları var.

Burada əsas olan tarixin bir anı deyil, əlamət və sifətlərdir. Əgər əlamət və sifətləri bu gün cəmiyyətimizdə, ya da hər hansı cəmiyyətdə varsa, deməli, cahiliyyə dövrü hələ davam edir.

Gəlin “cahiliyyə dövrü” ifadəsinin ilk ağıla gəldiyi, yəni İslam gəlmədən əvvəlki ərəb cəmiyyətinə nəzər salaq... Bu dövrdə səbəbi nə olursa olsun, qız uşaqları canlı-canlı torpağa basdırılırdı. Nikah məfhumu bu gün bizim işlətdiyimiz mənada sadəcə məşru evlilik əqdi deyildi. Nikah mövzusunda xeyli qəribə adətlərə tabe idilər. İslam gəldikdən sonra sadəcə nikah əqdi saxlandı, sayları ona yaxın digər evlilik şəkilləri isə rədd edilmiş və yasaqlanmışdır. Fahişəlik bir sektor halına gəlmişdi. Bu işi edən qadınlar küçədə qapılarının önünə bayraq asırdılar. Allaha (c.c) şirk və ortaq qoşulurdu. İnsanlar Allaha (c.c) iman etmək yerinə Lat, Uzza, İsaf, Nailə adları verilən bütlərə sitayiş edirdilər. Qan davası, qəbiləçilik, gücsüz olanlara zülm etmə cahiliyyə dövrünün əsas xüsusiyyətlərindən idi.

Bu dövrə məxsus onlarla başqa nümunələr də vermək mümkündür ki, bu bilgilərin bəziləri Quran ayələri, bəziləri hədisi-şəriflərə və bəziləri tarix kitablarına əsaslanır. Ancaq burada bir sual vermək lazımdır: “Cahiliyyə dövrü” adı verilən bu zamanda həmin adət və vərdişlər o cəmiyyətin neçə faizində var idi?

İffətini, namusunu qoruyan Hz. Əbu Bəkr (r.a) və onun kimi bir çoxları bu cəmiyyətdə yetişmişdir. Bütlərə ibadət etməyən Varaqa b. Nəvfəl başda olmaqla necə şəxslər bu cəmiyyətdə varlıqlarını davam etdirmişdilər. Zülmə məruz qalanların haqlarını müdafiə etmək məqsədilə “hilful-fudul” adı verilən andlaşma təsis edilmişdi. Hz. Peyğəmbərimizə (s.a.v) “əl-əmin” vəsfini bu cəmiyyətdə yaşayanlar vermişdi. Bu arada: “İnsanların cahiliyyə dövründə xeyirli olanları İslam dövründə də xeyirlidir” (Buxari, Ənbiya, 8) hədisini xatırlamaq yerinə düşər...

İslam həm iman əsasları ilə, həm də gətirmiş olduğu həyata dair əmr, qadağa və dəyərləri ilə hər şeyi sıfırdan inşa edən bir din deyildir. Dini meydana gətirən ayə və hədislərə nəzər yetirəndə görərik ki, həm iman, həm də ibadət ilə əlaqəli hökmlərin bəziləri yenidən inşa, bəziləri mövcudu olduğu kimi qəbul etmə, bəziləri kiçik düzəlişlərlə islah etmə, bəziləri də tamamilə rədd edilmişdir.

Tamamilə rədd edilən və yenidən inşa olunan hökmlərdən başqa İslamın olduğu kimi qəbul etdiyi, ya da kiçik düzəlişlərlə islah etdiyi məsələlər Quranın nazil olduğu cəmiyyətin hayatında qüvvədə qalmış və davam etmişdir. Elmi tədqiqatlar onu göstərir ki, İslam gəlmiş olduğu cəmiyyətin dinini və mədəniyyətini meydana gətirən etiqadi və əməli hökmlərin 21 faizini rədd etmiş, 79 faizini də müəyyən düzəlişlərlə islah etmiş, ya da olduğu kimi qəbul edib mənimsəmişdir.

Allaha, Peyğəmbərə və axirətə iman etmə (tövhid, nübüvvət və həşr) məsələsində əvvəli rədd etmə və yenidən inşa əsas götürülmüş, sosial həyata dair məsələlərdə isə müəyyən düzəlişlərlə islah və olduğu kimi qəbul etmə əsas alınmışdır.

Zülm, qan davaları, zinakarlıq, qəbiləçilik və başqa bir sıra insanlığın şahid olduğu və olacağı hadisələrə baxaraq tarixin bir dövrünü pisləmək doğru bir baxış deyildir. Çünki sadalanan bu hallar elə məhz bugünkü dünya ölkə və cəmiyyətlərində də baş verən hallardır.

Zənnimcə, belə bir düşüncənin əmələ gəlməsinə əsas səbəb “İslamdan əvvəl və İslamdan sonra” şəklində müqayisə edilərək İslamın uca tutulma düşüncəsidir. Halbuki yer üzündə belə bir düşüncə tərzinə ehtiyacı olmayan bir din varsa, o da İslamdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top