NAZİM MUSTAFAYEV

"Rəbbim Allahdır!" dediyinə görəmi?..

"Rəbbim Allahdır!" dediyinə görəmi?..

NAZİM MUSTAFAYEV

Yazının başlığını bir Quran ayəsindən götürmüşəm. Fironun yanında olub imanını gizli saxlayan bir kişi Firona belə demişdi: "Məgər siz bir adamı: "Rəbbim Allahdır!" - deməyinə görə öldürəcəksiniz?!" (Mumin, 40/28). Bu sözlərin əvvəlində isə hadisələr belə cərəyan edirdi...

Firon: "Buraxın məni, Musanı öldürüm. Qoy o da Rəbbini (köməyə) çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram" (Mumin 40/26) deyirdi. Burada Fironun nəzərdə tutduğu və dəyişməsindən qorxduğu din, Misir cəmiyyətinin tutduğu yol və mədəniyyət idi. Firon, əslində, öz səltənətinin yıxılacağından qorxurdu. Guya xalqı düşündüyünü iddia edərək, onların mənafeyi adına Həzrət Musanı yox etmək istəyir, bunun üçün bir fürsət və zəmin axtarırdı.

Tarixin hər məqamında zülmə etiraz edən insanlar olmuşdur. Cənab Allahın Quranda xəbər verdiyi bu şəxs də zülmə etiraz etmiş, Firona və saray əhlinə belə səslənmişdi: "Məgər siz bir adamı: "Rəbbim Allahdır!" - deməyinə görə öldürəcəksiniz?!" (Mumin, 40/28). Əslində, bu səslənişdə qəsd edilən belə bir alt məna da var idi: "Ey Firon, sən qan tökən, israfçı və yalançısan. Allah səni bu məsum insanları öldürmək hədəfinə çatdırmayacaq. Özün ziyan içində qalacaqsan!". Əks halda bu sualı vermənin mənası qalmazdı. Onsuz da ortada işlənən bir zülm var. Bu sualda, həmçinin qarşıdakı şəxsi ittiham etmə, zülmünü üzünə demə və zülmündən vaz keçməsini tövsiyə etmə vardır.

Əslində, imanını gizləyən bu şəxs də saray əhlindən, saray əyanlarından bir nəfər idi. Firona çox yaxın adam olduğu üçün bu sözlər qarşısında Firon ona qəzəblənməmişdi. Heç onun iman etməsindən xəbər belə tuta bilməmişdi. Əvvəla, Allahın təqdiri və sonra da bu imanlı şəxsin sözlərinin təsiri ilə də Həzət Musa və ümməti Fironun zülmündən qurtulmuşdu. Firon özünü "Rəbb" elan etmişdi. Bu səbəblə "Rəbbim Allahdır" sözündən çox narahat idi. Müxtəlif bəhanələr gətirərək bu səsi boğmaq istəyirdi.

Gəlin bir də Məkkədə İslamın ilk zühur etdiyi dövrə nəzər salaq. Səhabələrin rəvayətinə görə, Məkkə müşrikləri Allah Rəsuluna əzab-əziyyət verərkən yuxarıda sadalanan ayələri Hz. Əbu Bəkr Peyğəmbərimizi (s.a.v) müdafiə etmək üçün söyləmişdi: "Məgər siz bir adamı: "Rəbbim Allahdır!" - deməyinə görə öldürəcəksiniz?!" (Mumin, 40/28).

Görəsən, bu Quran həqiqətlərinin bugünkü günümüzlə nə kimi əlaqəsi var? Bəs bu hadisə ilə indiki dövr arasında bir əlaqə qurmaq olarmı? Günümüzdə də müxtəlif bəhanələr gətirilərək, ancaq "Rəbbim Allahdır" dediklərinə görə əzab-əziyyət çəkən, heç vətəndaşlıq haqq və hüquqları belə verilməyən insanlar və cəmiyyətlər var.

Açığı, son günlərdə Myanmada müsəlmanlara qarşı edilən qətliam, zülm və haqsızlıqlar qarşısında yuxarıdakı bu ayələr ağlıma gəldi: "Məgər siz minlərcə insanı: "Rəbbim Allahdır" - dediyinə görə öldürəcəksiniz?"

Ümumiyyətlə, hadisələrin eynilə bir-birinə bənzədiyi demək yanlışdır. Bu minvalla bənzətmələr həmişə nisbi xarakter daşıyıb. Quranın bizə xəbər verdiyi qissələri də ancaq nisbi mənada günümüzdə baş verənlərə bənzətmək olar.

Zülm əvvəla, öz-özlüyündə pisdir. Yalnız müsəlmanlara qarşı deyil, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq kimə qarşı edilmişsə, zülm qəbul edilməzdir.

Myanmanın Arakan vilayətində yaşayan Rohincalar da "Rəbbimiz Allahdır" dedikləri üçün evləri yandırılır, öldürülür və yaşadıqları ölkənin heç vətəndaşı belə hesab edilmirlər. Əgər Buddizmə keçsələr, buddist olsalar, onlara da bütün haqlar veriləcək. Bir mənada İslam tarixində səhabələrin "Məkkə dövrü"ndə yaşadığı sıxıntıları, əzab-əziyyəti bu gün Myanma və bir sıra məkanlarda müsəlmanlar yaşayırlar. Dünya Myanmadakı müsəlmanların vəziyyəti ilə əlaqədar ancaq qətliam baş verəndə xəbər tutur. İllərdir zülmün davam etdiyi bölgədəki ən son hadisələrdə 3000-ə yaxın müsəlmanın qətlə yetirildiyi söylənilir. BMT-nin məlumatına görə, dünyada ən çox zülmə və əziyyətə məruz qalan etnik azlıqlardan biri Myanmadakı müsəlman xalq olan Rohincalardır. Vətəndaş olaraq qəbul edilmək, din azadlığı daxil olmaqla bütün vətəndaşlıq hüquqlarından istifadə etmək Arakanlı müsəlmanların da haqqıdır.

Son yaşanan hadisələrlə bağlı ölkəmizin Rohinca müsəlmanlarına humanitar yardım göndərmə xəbərini oxuyanda çox sevindim. BMT də dünya ölkələrini Myanmaya humanitar yardıma çağırıb.

Bir qüdsi hədisdə Cənab Allahın qəlbi qırıqlarla bərabər olduğu söylənilir. Gəlin biz də bu yaşananlar, müsəlmanlara rəva görülənlər qarşısında qəlbi qırıq və hüznlü kəslərdən olaq. Bu hüzn və kədərimizi, bəlkə çox uzaqlarda olsaq da, Cənab Allaha ərz edək. Heç olmasa, Arakandakı müsəlmanlar üçün dua edək...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top