NAZİM MUSTAFAYEV

Əlimizdəki cövhər

Əlimizdəki cövhər

NAZİM MUSTAFAYEV

Əlimizdəki bir cöhvərdən bəhs etmək istəyirəm... O cövhər ki, kimimiz onun qədrini və dəyərini anlayır, kimimiz isə o cöhvərin, sahib olduğu o dəyər və məziyyətin fərqində deyilik. Bu elə bir cövhərdir ki, onun qədrini bilməyən, çantasında dəyərindən xəbərsiz şəkildə dünyanın ən qiymətli bir almazını daşıyan şəxsə bənzəyir.

Əlimizdəki dəyərini bilmədiyimiz, dəyirini tam başa düşmədiyimiz bu cövhər iman və İslamdır. Bu arada imanın yerləşdiyi məkan qəlbdir, “əlimizdəki cöhvər” deyərkən bu məcazi mənanı ifadə edir. Dilimizdə “qərib” kəliməsi var ki, “dəyəri və qiyməti bilinməyən, özgə və yad yerdə olan” mənasına gəlir. Günümüz dünyasında da İslamın qəriblik yaşadığını, hər kəs tərəfindən doğru anlaşılmadığını, qədrinin bilinmədiyini söyləyə bilərik. Söhbət məhz müsəlman ölkələrində, müsəlmanlar arasında və elə öz həyatımızdakı İslamın qəribliyindən gedir. Qeyri müsəlman ölkələrindəki İslamın qəribliyi də var ki, onu da başqa bir yazıda işləmək olar.

Dəyərli daş-qaş və cavahirat mədənlərdən, yüzlərcə metr yerin altından min-bir zəhmətlə çıxarılır, təmizlənir, sənətkar əlindən keçir və nəhayət vitrin və sərgilərdə, yaxud muzeylərdə şüşə örtük içərisində öz yerlərini alırlar. İnsanlar da bu nadir xüsusiyyətlərə sahib dəyərli daş-qaşdan xəbərdar olur, zənginlər də onu əldə etməyə çalışırlar. Ancaq yerin dərinliklərindən çıxarılmasaydı, gətirilib vitrinə qoyulmasaydı, görəsən, nə qədər insan bu cəvahiratın varlığından xəbər tuta bilərdi?

Əlimizdəki dəyər biçilməz bir cövhər olan İman və İslam neməti də bu misal kimidir. Biz: “İslam mükəmməl dindir, insanlığın maddi və mənəvi bəlalardan qurtuluş resepti buradadır” desək də, həyatımızda Onu layiqincə təmsil etmədikdən sonra bu sözün o qədər də təsiri və əhəmiyyəti qalmır.

Müasir dövrün əsas təsir gücü elm və mədəniyyətdir. Əgər elm və mədəniyyət məsələsində çox gerilərdəyiksə, heç kim tərəfindən ciddiyə alınmaz, əlimizdəki dəyərlər qəbul edilməz. Bu din məsələsində belə olduğu kimi, milli və tarixi həqiqətləri dünyaya çatdırmağımızda da belədir. Bu əsrdə İslamın tanıdılması, onun uca tutulması, insanlar nəzdində təsirli olması güclü bir elm və mədəniyyətə sahib olmaq, həm maddi, həm də mənəvi mənada inkişaf etməklə mümkündür.

Peyğəmbərimiz belə buyurub: “Bir insanın hidayətinə səbəb olman səhra dolu qırmızı dəvələrdən (və onları təsəddüq etməndən) daha xeyirlidir” (Buxari, Fədailu-əshab, 9). Qırmızı dəvələr ogünkü ərəblər üçün ən dəyərli varlıq idi. Nəbəvi bəyanda bir şəxsin müsəlman olmasına vəsilə olmaq, dünyanın ən qiymətli sərvətinə sahib olmaqdan daha üstün tutulmuşdur. Bir insanın İslamla tanış olmasını təmin etmək, bir şəxsin hidayətə gəlməsinə səbəb olmaq dünyadakı ən böyük qazanc sayılmışdır.

Bir sual da ortaya çıxır... Bəs görəsən, ümum davranış, hal və hərəkətləri ilə qeyri müsəlman bir şəxsin İslamdan uzaqlaşmasına, hətta öz şəxsində İslamdan nifrət etməsinə səbəb olmanın günah və məsuliyyəti nə qədərdir, bunun vəbalı nədir? Düzdür, önümüzdə səhabələrdən Salman Farisinin həyatı bir nümunə kimi canlanır. Peyğəmbərimiz onun haqqında: "İman Süreyya ulduzu qədər uzaqda olsa da, bəziləri cəhd göstərərək onu əldə edər” (Buxari, Təfsir, 311) buyurmuşdur. Salman Farisi də bir həqiqət axtarıcısı olaraq şəhər-şəhər gəzmiş, manastır və kilsələrdə olmuş, bir çox rahiblərlə görüşmüşdü. Ən sonda axtardığı həqiqət günəşinin Mədinəyə gələcəyi xəbərini alaraq özünü buraya yetirmişdi.

Əslində müasir dövrümüzdə də Salman Farisi misalı yüzlərcə, minlərcə insan vardır. Bu insanlar İslamı araşdıraraq, Quran və sünnəni tədqiq edərək müsəlman olurlar. Məsələ burasındadır ki, görəsən, bu gün yalnız müsəlmanların həyatına baxaraq İslama maraq duyan nə qədər insan var? Elə özümüz qərb dünyasına, avropaya maraq salırıq. Nə gələrsə, məhz onlardan gələni qəbul edirik. Belə olan halda Avropa aləmi bizim nəyimizə qibtə edərək bizim kimi olmağa çalışsın, bizim timsalımızda inandığımız dinə də rəğbət bəsləsin?!

Şəhər və küçələr zibil və çirkab içindədirsə, yollar xarab halda, zəngin və kasıb arasında dərin uçurumlar varsa, hər tərəfdə rüşvət baş alıb gedirsə, belə bir cəmiyyətin əlindəki dinə nə üçün dəyər versinlər?

Müsəlman ölkələrindəki təhsil müəssisələrindən heç bir kəşf və ixtira çıxmırsa, dünyanın ən yaxşı ilk yüz universiteti arasında heç bir müsəlman ölkəsinin universiteti yoxdursa, elmi ünvanlar qeyri-qanuni yollarla alınırsa, sahib olduğumuz dini, əlimizdəki cöhvəri, başqaları necə ciddi qəbul eləsin?!

Bir Quran ayəsində: “Şübhəsiz ki, izzət (hörmət, şərəf və ucalıq) tamamilə Allaha məxsusdur!” (Nisa, 4/139) buyurulub. İzzət və üstünlük Cənab Allaha aid olduğu kimi, Ona iman edən müsəlmanların da dünyada hörmət, şərəf və izzət sahibi olmaları lazımdır. Müasir dövrdə də bu izzət, hörmət və ucalıq ancaq elm və mədəniyyətə sahib olmaqla əldə oluna bilər.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top