NAZİM MUSTAFAYEV

Ruhumuzdakı inəyi kəsmək… -1-

Ruhumuzdakı inəyi kəsmək… -1-

NAZİM MUSTAFAYEV

Bir dəfə rayonlardan biri haqqında söhbət düşmüşdü. Həmin rayon barədə o qədər məlumatlı olmayan, oradan yalnız maşınla keçən bir şəxs bu rayon haqqında danışmağa başladı. Danışdıqları yollardan, işıqforlardan, binalardan ibarət idi. Elə şeylərdən danışırdı ki, sanki, o şəhərdə heç insan yaşamayıb. Sözlərində insan amili demək olar ki, yox idi. Bu zaman həmin rayonda illərlə müəllim işləmiş başqa bir şəxs də söhbət açılmışkən oradakı insanlardan danışmağa başladı. İnsanların vərdişlərindən, adətlərindən, həyata baxışlarından, mənfi ya da müsbət cəhətlərindən və.s. Bu zaman belə bir görüş hasil oldu... Bir şəhəri tanımaq istəyirsənsə əsasən o şəhərin yollarını, küçələrini deyil, oradakı insanları tanımalı, oranın insanları ilə ünsiyyətdə olmalısan.

İnsan amilinin ön plana çıxarılmasına daha çox Quran qissələrində də rast gəlirik. Quranda hər nə qədər bu və ya digər şəkildə keçmiş qövmlərdən, şəhərlərdən bəhs edilsə də bunlar anladılmaq istənən ikinci, üçüncü dərəcəli məsələlər olaraq qalır. Bu qissələrdə əsasən insan amili vurğulanır. İnsanların, cəmiyyətlərin islah edilməsi barədə danışılır. Bu yazıda İsrailoğullarının inək kəsməklə imtahan olunmalarından bəhs etmək istəyirəm. Gəlin görək bir inəyi qurban etmək onlar üçün niyə bu qədər çətin hala gəlmişdi?

Bəqərə surəsində keçən inək qissəsi insanları düşünməyə sövq edir. Yeri gəlmişkən, “bəqərə” sözü, ərəbcədən tərcümədə inək deməkdir və surənin adı bu qissədən götürülmüşdür. Görəsən nə üçün kəsilməsi əmr olunan heyvan bir qoyun və ya qoç deyil, məhz inək idi? Cənab Allah nə üçün onlara bu əmri vermişdi? İsrailoğulları nə üçün işi yoxuşa sürür, verilən əmri icra etmək istəmirdilər?

Yəhudilər üzərindəki Misir mədəniyyətinin təsirini nəzərə almadan bu sualların cavabını tapmaq çox çətin olardı. Uzun illər Misirdə yaşamaları İsrailoğullarını o mədəniyyətin təsirində buraxmışdı. Belə bir təsirlənmənin izləri hələ uzun müddət onlarda qalacaqdı.

Ayələrdən anlaşıldığı kimi inəyin kəsilməsinin qissədə keçən qətl (adam öldürmə) hadisəsi ilə əlaqəsi olsa da, burada məhz inəyin seçilməsinin xüsusi səbəbi var. Misirlilər inəyi müqəddəs heyvan qəbul etmələri İsrail oğullarının düşüncəsində də inəyə müqəddəslik inancını formalaşdırmışdı. Bir gün Həzrət Musanın onlardan bir inəyi qurban kəsməyi tələb etməsi heç ağıllarına gəlməzdi.

İsrail oğulları Həzrət Musa ilə Misirdən ayrılacaq və möcüzəvi şəkildə dənizdən keçərək qurtulacaqdılar. Ancaq bütlərə tapınan bir tayfaya rast gələndə bu tayfanın sitayiş etdiyi bütlər kimi bir büt düzəltməsini Həzrət Musadan xahiş edəcəkdilər (Əraf, 7/138). Baxmayaraq ki Həzrət Musa Cənab Allahın (c.c) onlara göndərdiyi elçisi idi. Bu istəkləri bütə və ya inəyə tapınma əqidəsinin onların ruhuna nə qədər hopduğunu göstərirdi. Yenə Həzrət Musanın qırx günlük yoxluğundan istifadə edərək qızıldan bir buzov heykəli düzəldəcək və ona sitayiş edəcəkdilər. Bütün bunlar onların Misirdə qazandıqları böyük baş heyvanları ilah olaraq görmə xəstəliyinin bariz nümunələri idi.

Misirdə ikən onlara belə bir əmrin gəlməsi yerinə yetirə bilməyəcəkləri çox ağır vəzifəyə çevrilmişdi. Bir tərəfdən bu əmrdən boyun qaçırmaları mümkün deyildi. Digər tərəfdən də bu əmri icra etmək hökmranlığı altında yaşadıqları Firona və Misir cəmiyyətinə baş qaldırmaq mənasına gəlirdi. Ruhlarındakı köləlik zəncirini qırmayan bir xalq üçün bu əmri icra etmək çox çətin olacaqdı. Əslində belə bir ilahi əmrin gəlməsi zahirən bir inəyin kəsilməsi deyil, mənən ölmüş bir xalqın dirildilməsi idi. Bir mənada başlarına tale quşu qonmuşdu. Ancaq onlar hələ Allah tərəfindən gələn bu xeyirli əməli anlayacaq vəziyyətdə deyildilər.

Həqiqətən Allahın birliyinə inanır və ondan başqasına ibadət etmirlərsə o inəyi kəsmələri gərəkirdi. Ancaq bu ağır imtahan idi. Allaha inancları hələ tam sağlam deyildi. Bu səbəblə bu vəzifədən boyun qaçırmağa çalışırdılar. Bu işdən qurtulmaq üçün çox sual verir, sual verdikcə də işləri daha da ağırlaşırdı. Ən sonda onlara o dövrdə sitayiş etmək üçün seçilən qızılı rəngli bir inəyi qurban etmələri söylənmişdi.

Qeyd: Yazının davamını buradan oxuya bilərsiniz.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top