NAZİM MUSTAFAYEV

İlahi məkr

İlahi məkr

NAZİM MUSTAFAYEV

Təsəvvür edin ki, bir insan özü də bilmədən dərin bir yarğanın qarşına qədər gəlib. Və oradan azğın suların ağzına yuvarlansa, heç kəs onu xilas edə bilməz... Sevinc və sürur içində ətrafı seyr edir və xəbəri yoxdur ki, təhlükə, həlak və fəlakət ayağının ucundadır.

Gah axan azğın sulara, gah yarğanın dərinliyinə, gah meşənin gözəlliyinə, gah da səmaya heyranlıqla tamaşa edir. Zahirən baxanda hər şey gözəldir, hətta özünə qalsa oturub orda bir şer də yazmaq istəyər. Əslində isə dayandığı yer ölüm və fəlakətin bir qarışlığındadır.

Bura qədər tədricən və yavaş-yavaş gəlib çıxsa da, hər an yarğandan aşağı düşərək sulara qərq ola bilər.

Yuxarıda sadalanan insanın vəziyyəti Cənab Allahın uzun müddət, bəzən bir ömür boyu nemətlərə qərq etdiyi bəzi şəxslərin halına bənzəyir. Bu nemətlər həmin insanı yavaş-yavaş haqq-hüquq tanımaz zalıma, qürur və kibrin köləsinə çevirir. Və bu yol onu Yaradana qarşı asiliyə aparıb çıxarır.

Nə qədər də bir-birinə bənzəyir! Quran ayələrində bəyan edildiyi üzrə Uca Allah da "ayələrini yalan sayanları haradan olduğunu özləri də bilmədən tədricən məhvə yaxınlaşdırır" (Əraf, 7/182; Qaləm, 68/44).

Tarix boyu bir çox zalim və qəddar kəslərin öz fəlakət və həlaklarına tədricən yaxınlaşması üçün Cənabi Allah bəzi müvəqqəti imkan və müvəffəqiyyətlər vermişdir. Nəticədə isə əksəriyyəti "yarğan"dan aşağı düşmüşlər.

Fironu burada misal vermək olar. O, Həzrət Musaya: "Məgər Misir səltənəti mənim deyilmi?!" deyərək qürrələnirdi. Axırda ilahi əzaba məruz qalaraq dərin sularda həlak olmuşdu. Cənab Allah bütün səbəblər tükəndiyi, yollar bağlandığı anda Həzrət Musa və ümmətinə dənizdə quru bir yol açmışdı (Taha, 20/77). Fironun qürrələnməsi və kibri o həddə çatmışdı ki, haqq peyğəmbərin və ümmətinin xilas olması üçün iki yerə ayrılan dənizin özü üçün bu hala gəldiyini düşünmüş, "Baxın, dənizin suları kənara çəkilib mənə yol verir" demişdi. Ancaq bilmirdi ki, bu "yol" Həzrət Musa və ümmətinə nicat və qurtuluş vəsiləsi olsa da, Firon və əsgərləri üçün həm ilahi məkr, həm də həlak və ölüm səbəbidir.

Burada Nəmrudu da xatırlaya bilərik... O da zülm və qəddarlığı ilə "yarğanın qaşına" qədər gəlib dayananlardan idi. Allahın göndərdiyi İbrahim peyğəmbəri Onun izni olmadan oda ataraq yandıracağını sanmışdı. Hətta səmaya ox ataraq Allaha (haşa) "müharibə" elan etmişdi. Ancaq Cənab Allah Nəmrud və onun kimi zalımlara fürsət verirdi ki, zülmdə həddi aşıb öz axırlarına çıxsınlar. İlahi məkr də məhz elə budur. Azğınların əzabını artırmaq üçün onlara verilən fürsət və imkanlardır... Nəhayət, rəvayətlərə görə Cənab Allah Nəmrudun öhdəsindən bir ağcaqanadla gələcəkdi...

Fil ordusu ilə Kəbəni dağıtmağa gələn Əbrəhəyə gələk. Qısqanclıq necə bir mərəz imiş... O, Yəməndə məbəd tikdirmişdi və insanların Kəbəyə deyil, o məbədə axın etməsini istəyirdi. Ancaq minlərlə insan Kəbənin yolunu tuturdu. Əbrəhə də Kəbəni qısqanırdı... Məhz bu qısqanclıq idi ki, yer üzündə Allaha ibadət etmək üçün tikilən bu binanı dağıtmağa gəlmişdi... Məkkənin onun qabağına çıxası ordusu yox idi. Bir mənada səbəblər sükut etmişdi. Sanki artıq muradına çatmışdı... Ancaq Əbrəhənin arzusu gözündə qaldı. Kəbəni dağıtmaq bir yana özü və ordusu Məkkəyə çatmadan həlak oldu. Cənab Allah ilahi məkri ilə Əbrəhəyə yalnız fürsət və imkanlar verirmiş. Məkkəlilərə "İşinizi bitirdim" dediyi anda Allah onun işini bitirdi. Üstünə Əbabil quşlarını göndərdi.

Burda sadalanan və sadalanmayan zalımların hamısını bir cəhət birləşdirir: haqq və həqiqət işığını söndürmək arzusu. Ancaq heç birinin buna nə nəfəsi, nə də ömrü çatmışdı.

Haris əl-Mühasibi "ilahi məkr" ifadəsinin möminlərə də şamil ola biləcəyini vurğulayır. Mal-dövlət, sərvət və ya başqa nemətlər onlardan layiqincə və halal məqsədlərlə istifadə etməyən möminlər üçün ilahi məkrə çevrilə bilər. Yəni onların həlakına səbəb ola bilər.

Unutmayaq ki, verilən fürsət və imkanlar bizim tədricən haqq və doğruluqdan uzaqlaşmağımıza gətirib çıxara bilər. Ona görə də verilən nemətlərə bir də bu gözlə baxmaqla ehtiyatlı davranmış olarıq. Bu məsələ təkcə Firon, Nəmrud və Əbrəhəyə aid deyildir... Hər bir insanın belə təhlükəli "yarğanın qaşında" dayanma ehtimalı var.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top