NAZİM MUSTAFAYEV

İstifadə olunmamış sərmayə

İstifadə olunmamış sərmayə

NAZİM MUSTAFAYEV

Bəşər övladı gözünə görünən nə varsa, faydalanmağa çalışır. Gah dağları qazaraq, gah un kimi ələyərək, gah dərin dənizlərdə platformlar quraraq...

İnsanlar neftin dəyərini çox gözəl anlayıblar ki, onu dənizlərin minlərlə metr dərinliklərində axtarıb tapa bilirlər. Əgər bu "qara qızıl" dəyərli bir cövhər olmasaydı, min kilometrlərlə uzunluqda iri diametrli borular döşəyərək bir ölkədən digərinə, bir qitədən o birinə daşıyardılarmı? Hətta bu təbii sərvət uğrunda silaha əl atıb qan tökərdilərmi?

İnsanlar neft kimi qızılın da axtarışındadır. Bəzən cəsamətli dağları un kimi ələyir, bəzən də sərt dağları dələrək dərinliklərindən qızıl çıxarırlar.

Demək, insan oğlu dəyərini başa düşdüyü bir şey üçün nə qədər zəhməti gözə alır. Yetər ki, dəyərli gördüyü o cövhərə qovuşsun.

Bəs görəsən, bütün bəşəriyyətin səadəti və xoşbəxliyi üçün hələ insanların tanış olmadığı, lazımınca istifadə olunmamış hansı sərmayələr var? Belə bir sərmayə növü varmı? Hansı ki, indiyə qədər bəlkə də mikro səviyyədə istifadə olunsa da, makro səviyyədə insanlar hələ onu tanımayıb.

Gəlin bir Quran ayəsinə nəzər salaq: "...Özləri ehtiyac içində olsalar belə, onları (din, iman qardaşlarını) özlərindən üstün tutarlar" (Həşr, 59/9).

Bu ayələrdə Peyğəmbərimizin (s.a.v) tərbiyəsində yetişən səhabə nəslinin əsas xarakter və xüsusiyyətlərindən bəhs edilir. Göylərə yüksələn o səhabə nəsli yaşamasaydı, ayədə bəhs edilən fədakarlığı başa düşə bilməzdik, örnəklərini görə bilməzdik. Bunu əlçatmaz, hətta utopik nümunələr sayardıq.

Axı bir insan özü ehtiyac içində ola-ola başqalarını özündən necə üstün tutar?!

Digər bir Quran ayəsində də (Tövbə, 9/92) Allah yolunda və Onun rizasını qazanmaq adına sərf edəcək malı və imkanı olmadığı üçün kədərlənən, gözlərindən yaş axan səhabələrdən bəhs edilir.

İnsan deyə bilər ki, malın, imkanın yoxdursa, möhtaclara yardım etməyə gücün çatmırsa, buna görə məsuliyyət daşımıram axı! Kədərlənmək, dərd və iztirab çəkməyin, gözdən yaş axıtmağın mənası nədir? Biz bunu necə başa düşə bilərik?

Səhabələr və səhabə ruhlu insanlar ilə digər insanları fərqləndirən məhz elə bu məqamdır. Sadalanan bu hallar, yəni əlindən heç nə gəlmir deyə kənarda oturmaqdansa, dərd və iztirab çəkmək, gözdən yaş axıtmaq, "kaş olaydı verəydim" demək, mikro səviyyədə (yəni müəyyən bölgə və dövrlərdə) yaşanıb nəticəsi görülsə belə, makro səviyyədə hələ yaşanmayıb. Xoşbəxtlik və səadət düsturu olan bu sərmayədən hələ lazımınca istifadə edilməyib.

Yunus Əmrə bu anlayışı təkcə insanı deyil, bütün canlıları nəzərdə tutaraq "Yaradandan ötrü yaradılanı sevmək" şəklində ifadə edir. Səhabələrlə təmsil edilən bu fədakarlıq, özündən çox başqalarını düşünmə anlayışı "yaşatmaq üçün yaşamaq"dır bir mənada.

Xülasə, Qurani-Kərimin bizə xəbər verdiyi, indiyə qədər də mikro səviyyədə yaşanan bu anlayışa, bu sərmayəyə bütün bəşəriyyətin hava-su qədər ehtiyacı var.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top