NAZİM MUSTAFAYEV

O duada biz nə istəyirik?

O duada biz nə istəyirik?

NAZİM MUSTAFAYEV

Bu yazıda hər gün namazda oxunan “rabbənə ətinə” duasından bəhs etməyə çalışacağam. Bu dua eyni zamanda Bəqərə surəsinin 201-ci ayəsidir.
Qurandakı hər bir ayənin hansı səbəbə görə endiyinə dair bir sıra rəvayətlər var. Demək olar ki hər hansı ayənin nüzul səbəbini tapıb oxumaq xüsusilə bu internet çağında o qədər də çətin məsələ deyil. Yetər ki biz bunu istəyək. Xüsusilə Məkkə dövründə enən ayələrin nüzul səbəblərinə baxanda tez-tez bu kimi ifadələrə rast gəlirik: “Cahiliyyə dövründə insanlar belə etdiyinə görə ya da belə dediklərinə görə bu ayələr nazil oldu”. Əlbəttə ayələrin enmə səbəbini öyrənmək həmin ayəni daha yaxşı anlamağa kömək edir. Ancaq onu da yaddan çıxarmamalıyıq ki, “cahiliyyə dövrü” ifadəsi İslama bağlı məsələ deyil, insanlara aid məsələdir. Bu səbəblə yer üzündə insan var olduqca “cahiliyyə dövrü”də var olacaq. Əgər “cahiliyyə dövrü” qapanmış və bitmiş bir zaman kəsiyi olsaydı, o dövrdə enən ayələr günümüzdə bizim üçün nə məna ifadə edərdi?
Hansı şəraitdə və nə səbəbə görə enməsindən asılı olmayaraq ayələrin ifadə etdiyi mənaya baxanda görürük ki, ayələr məhz bu zamanın insanına səslənir. Orada düzəldilməsi istənən əməllər, yanlış olduğu deyilən inanc və ya sözlər məhz hər əsrə, elə günümüzə aid məsələlərdir. Bu mənada Quranın söz söylədiyi, özünə müxatəb seçdiyi kəsləri çox uzaqlardakı “cahiliyyə dövrü”ndə axtarmamalıyıq.
İslamiyyətdən əvvəl ərəb qəbilələri Kəbəni ziyarətə gəlirdilər. Onlar Uca Allahdan (c.c) bol yağış, rizqin və məhsulun bol olması və s. kimi yalnız dünyaya aid şeylər istəyirdirlər. Axirətlə bağlı heç bir istəkləri yox idi. Belə dua etmək artıq adət halına belə gəlmişdi. Yalnız dünyaya aid şeylər istəyən bu insanlar haqqında aşağıdakı ayə nazil olmuşdu: “İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!” – deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur!” (Bəqərə, 2/200).
Hər bir insan dua etsə də dualar arasında dağlar qədər fərq var. Bir şəxsin bir işə yönəlməsi, onu əldə etmək üçün çalışması, səy göstərməsi də duadır. Cənab Allah (c.c) da əldə etmək üçün çalışdıqları şeyi insanlara verir. Bununla yanaşı Uca Yaradan (c.c) bəndələrinə axirətdə də nemətlər, gözəlliklər vermək istədiyi üçün “nə verəcəksənsə, elə bu dünyada ver” deyənlər, yalnız bu dünyaya aid şeylər istəyənlər qınanır. Hərisliklə, şiddətli bir arzu ilə məqam-mövqe istəmək, mal-mülk arzulamaq, necə gələrsə gəlsin yetər ki, gəlsin demək ayədə qınanan istək və dua şəklidir.
Kəbəni ziyarətə gələn başqa bir qrup isə belə dua edirdi: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” (Bəqərə, 2/201) Cənab Allah həm bu dünyada, həm də axirətdə gözəl nemətlər istəyən insanlar üçün: “Belə şəxslərin qazandıqları əməllərinə görə onları axirətdə mükafat gözləyir...”(Bəqərə, 2/202) buyurmuşdur. Bu ayədə həm dünya, həm də axirət üçün istəyənlər mədh edilir.
“Gözəl nemətlər” olaraq tərcümə edilən söz Quran ayəsindəki “həsənə” kəliməsidir. “Həsənə” kəliməsi başlanğıcı və sonu gözəl olan deməkdir. Qazanmağın, onu əldə etməyin başlanğıcda gözəl olduğu elə şeylər var ki, nəticəsi və sonu etibarilə heç də gözəl deyil. İnsanlar hiss və duyğularla, gözlə görməklə bir şeyə gözəl deyir, ona dəyər və qiymət verirlər. Halbuki göz də, hiss və duygular da insanı yanılda bilər. Quranda bəhs edilən gözəllik və “həsənə” isə nəticəsi etibarilə və bəsirət yönü ilə gözəl olanlardır.
Təfsir alimləri “həsənə” kəliməsini sağlıq və səhhət, xeyirli övlad, xeyirli həyat yoldaşı, xeyirli mal-mülk, elm, ibadət olaraq açıqlamışlar. Bunların hər biri ona möhtac olan bir şəxs üçün təbii ki bir gözəllik və “həsənə”dir. Ancaq insan dua edərkən, Cənab Allahdan (c.c) sadəcə möhtac olduğunu düşündüyü bu şeyləri deyil, ağıla gələn və gəlməyən gözəl həyat yaşamasını təmin edəcək hər cür səbəb və vəsilələri istəməlidir.
Onu da vurğulamaq lazımdır ki, Cənab Allahdan (c.c) istənəcək ən ümdə “həsənə” insana mömin vəsfini qazandıracaq olan imandır. Çünki iman olmayandan sonda axirət üçün gözəllik və “həsənə” istəmək mümkün deyil. Bir sözlə “həsənə” insanın onunla Allahın (c.c) rizasını qazana biləcəyi və sonda da cənnəti əldə etdirəcək şeylərdir.
Nəticə olaraq deyək ki, bəşər övladı bu iki aləm arasında sağlam bir əlaqə qurmalıdır. Bu iki aləmdən birinə ağırlıq vermək, yada tamamilə bunlardan biri ilə əlaqəni kəsmək müvazinəti pozur. İnsan bu müvazinəti qoruyub saxladığı müddətcə həyatda xoşbəxtliyə nail olur. Əksər insanlar zəngin, yüksək məqam və mövqe sahibi olsalar da həyatda hüzur və xoşbəxtliyi yaxalaya bilmirlər. Bu da məhz dünya və axirət müvazinətini qoruya bilməməklə bağlıdır. Cənab Allah (c.c) Quran ayəsində bu müvazinəti qorumağın reseptini verir. Bizdən bu cür dua etməmizi istəyir: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” (Bəqərə, 2/201).

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top