NAZİM MUSTAFAYEV

Firon qövmünü alçaltdı!

Firon qövmünü alçaltdı!

NAZİM MUSTAFAYEV

Quran qissələrində həm peyğəmbərlərin insanlara gətirdiyi ilahi bəyanlar həm də bu ilahi bəyanlara qarşı insanları rəftarı və münasibəti xəbər verilir. Ağıla gələ bilər ki, belə olmaya bilərdimi? İnsanların inadkarlığı, peyğəmbəri inkar etmələri, bir mənada ayaq dirəmələrini bizim oxumağımız, bu haqda məlumat sahibi olmağımız nə üçün lazımdır? Hər iki tərəf haqqında məlumatlı olmaq baş vermiş hadisələri daha yaxşı anlamağa kömək edir. Quranda anladılan Həzrət Musa qissəsində də Fironun və ogünkü Misir cəmiyyətinin ilahi bəyanlara qarşı necə münasibət göstərdikləri xəbər verilir.
Ogünkü Misir cəmiyyətində əzilən, kölə kimi işlədilən sadəcə israiloğulları deyildi. Musa Peyğəmbərin dövründə Misirdə əzilən, aşağılanan iki təbəqə mövcud idi. Oranın yerli əhalisi olan və ilk baxışda üstün və nüfuz sahibləri kimi görünən qibtilər də mənən və ruhən əzilən ikinci bir zümrəni təşkil edirdilər. İdarəçilikdə kast sistemi əsas alınmışdı. Üst təbəqə altdakını, ya da gülcü olan zəifi əzirdi. Cəmiyyətin bu hala gəlməsi isə peyğəmbər tərbiyəsindən məhrum qalmağın əlaməti idi. Firon Misirin yerli xalqı olan qibtiləri ruhən və mənən əzmiş, onları insan yerinə qoymamışdı. Quranda Zuxruf surəsinin 54-cü ayəsində Fironun öz xalqını alçaltmasından danışılır.
Bəhs edəcəyim bu ayə özündən əvvəlki digər ayələrlə birlikdə bir məna bütünlüyünə sahibdir. Üzərində dayanmaq istədiyim məsələ ayədə vurğulanan bir cəmiyyətin, bir xalqın insan yerinə qoyulmaması və alçaldılmasıdır. Cənab Allah (c.c) Quranda nə üçün bu məqamı bizim diqqətimizə çatdırır? Gəlin yazını oxuyarkən həm də bu suala cavab tapaq…
Ayədə belə buyurulur: “Beləliklə, (Firon) öz qövmünü yelbeyin (yüngül) yerinə qoydu, onlar da ona itaət etdilər. Həqiqətən, onlar (Allahın itaətindən çıxmış) fasiq bir qövm idilər!” (Zuxruf, 43/54). Bu ayədə hər nə qədər Həzrət Musa dövründə yaşayan Firondan bəhs edilsə də unutmamalıyıq ki, burada tarixdən günümüzə qədər bu tip insanların ruh halı, düşüncə tərzi əks olunur.
Firon bir mənada: “Hər şey məndə başlayır, məndə bitir. Mən nə desəm o olacaq deyirdi”. Bu da qarşıdakı bütün insanların sıfırlanması, fikirlərinin, iradələrinin, mənliklərinin yox edilməsi, onların alçaldılması demək idi. Bu alçaldılmış kütlənin, bu insan yığınının öz hallarından razı olması isə işin digər qəribə yanını təşkil edirdi. Məhz bu əzilmişlik və şəxsiyyətsizlik halına razı olduqlarına görə onlar haqqında ayədə: “Həqiqətən, onlar fasiq bir qövm idilər!” (Zuxruf, 43/54) deyilmişdir. Düşdükləri bu vəziyyətdən çıxa bilməyərək haqq peyğəmbəri inkar etmiş, həqiqətdən, doğru yoldan üz döndərmişdilər.
Bu kütlə üçün yalnız Fironun ağzından çıxanlar doğru idi. Firon iman etməyə icazə vermədiyi üçün Həzrət Musaya iman etməmişdilər. Ancaq xəbərləri yox idi ki arxasınca getdikləri adam onları uçuruma aparır. Nəticədə yalnız Firon deyil, onun arxasınca gedən bu kütlə də dənizin dərin sularında boğulacaqdı. Firon da məhz özünə qeyd-şərtsiz itaət edən bu kütlənin hesabına allahlıq iddiasına düşmüşdü.
Ayədə keçən “istəxaffə” feli aldatdı, savadsızlıqlarından istifadə etdi, onları bilgisiz və cahil olduqlarına görə xəfifə aldı, istədiyi kimi yönləndirdi mənasına gəlir. Firon üzərlərində hökmranlıq etdiyi xalqının bilgi sahibi olmasını, doğrunu və həqiqəti bilməsini istəmirdi. Bu səbəblə elə savadsız xalq, savadsız insan yığını onun işinə gəlirdi.
Firon qövmünü mənən elə əzmişdi ki, heç kimdə öz ayaqları üzərində dayanma, müstəqil düşünə bilmə bacarığı qalmamışdı. Möminlər: “Allah nə edərsə gözəl edər” deyirdisə Fironun formalaşdırdığı o cəmiyyət sanki belə deyirdi: “Firon nə edərsə gözəl edər. Nə əmr etsə doğrunu əmr edər!” Beləcə Firon onları həm alçaldır, şəxsiyyətsiz bir kütlə halına gətirir, həm də bu ab-havanı onların ruhlarına içirir, onları bu vəziyyətə razı salırdı. Ayədə keçən: “onlar da ona itaət etdilər” (Zuxruf, 43/54) ifadəsi məhz bu məqama işarə edir.
Firon çox yaxşı anlayırdı ki, xalqı Həzrət Musanın gətirdiyi doğruları və həqiqəti öyrənsə artıq onun səltənəti çökəcək. Bu səbəblə Həzrət Musanın gətirdiyi mesajların xalqa düzgün və sağlam şəkildə çatmasını əngəlləmək istəyirdi. O Misirin sahibi və hakimi olmaqla öyünür və belə deyirdi: “Ey qövmüm! Məgər Misir səltənəti, saraylarımın altından axıb gedən bu çaylar mənim deyilmi?! Məgər mənim qüdrətimi görmürsünüzmü?!” (Zuxruf, 43/51-52) Digər bir ayənin ifadəsilə Firon əyan-əşrafını, bütün təbəələrini toplayıb onlara belə demişdi: “Mən sizin ən uca Rəbbinizəm!” (Naziat, 79/24).
Nəticə olaraq deyək ki, bir cəmiyyətin bu hala düşməməsi, eyni zamanda kimilərinin də allahlıq iddiasına qapılmaması üçün peyğəmbər tərbiyəsindən keçmək qaçınılmazdır. Bu həqiqətlər Quranda bizə anladıldığına görə, demək ki belə bir kütlə olmaq, belə bir insan yığını halına gəlmək Cənab Allahın muradı və istəyi deyil. Ayələrdən açıq-aydın görmək olar ki bu mənzərə, belə bir cəmiyyət qınanır. Hətta onlara “fasiq” bir topluluq deyilir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top