Məktəb paltarı müəmması - Bakı Tikiş Evinin açıqladığı qiymətlə satdığı qiymət üst-üstə düşmür

Yeni dərs ilinin başlanmasına 1 ay vaxt qalır. Övladı məktəbə gedən valideynlər basabasa düşməmək üçün məktəbli geyimini indidən almağa çalışırlar, lakin "Bakı Tikiş Evi" (BTE) ASC-nin açıqladığı qiymətlərlə real satış qiyməti üst-üstə düşmür. Bu barədə Yeniavaz.com saytına valideynlər məlumat veriblər. Onların sözlərinə görə, bu günlərdə BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov mətbuata açıqlamasında yeni dərs ili üçün məktəbli formalarının qiymətlərini açıqlayıb. Ancaq BTE-nin mağazasına getdikdə başqa qiymətlərin şahidi olublar.

Qeyd edək ki, Etibar Əzimov qiymətləri belə açıqlamışdı:

1. Köynək - 8 manat.

2. Şalvar - 42 ölçüyədək 15 manat, 54 ölçüyə kimi 18 manat.

3. Pencək - 25 manat.

4. Yubka - I-VI sinif şagirdləri üçün 15 manat.

5. Yubka böyük siniflər üçün aşırma (sarafanla) olan 18 manat.

6. Jilet - 8 manat.

"Məktəbli geyimi almamışdan əvvəl BTE-nin əlaqə nömrəsinə zəng vurub hazırda mağazalarının hansı ünvanda fəaliyyət göstərdiyini soruşdum. Bildirdilər ki, hazırda məktəbli geyimlərini BTE-nin "20 Yanvar" metrostansiyasının yaxınlığında yerləşən "Velotrek" Ticarət Mərkəzində yerləşən mağazasından almaq olar. Üz tutduq sözügedən mağazaya. Lakin burada qiymətlərlə maraqlananada çox təəccübləndik. Etibar Əzimovun açıqladığı qiymətlərdən baha idi. Məsələn, bu il I sinifə gedəcək qızım üçün jileti bizə 10 manata satdılar. Eyni uşaq üçün yubkanı isə 16 manata aldıq. Gileyimizi bildirdikdə bizə gülərək "əsas odur övladınız yaxşı oxusun" dedilər. İsrarla bir daha soruşduqda isə "bura BTE-nin mağazasıdır, bəli, amma yerimiz icarədir, ona görə belə satırıq" bildirdilər",-deyə valiydenlərdən biri Yeniavaz.com açıqlamasında qeyd edib.

Məsələyə aydınlıq gətirmək üçün BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimova zəng vurduq. E. Əzimov Yeniavaz.com-a açıqlamasında ciddi-cəhdlə belə bir şeyin mümkün olmadığını izah etməyə çalışdı: "Bizim mağazalarımızda məktəbli geyimlərinin qiymətlər siyahısı divardan asılır. Ola bilməz ki, kimsə qiyməti alıcıya çox desin. Bəlkə siz dediyiniz heç BTE-nin mağazası deyil? Mən yenə də maraqlanaram, görüm kim olub o satıcı. Bəlkə heç bizim öz satıcımız deyil?".

Etibar müəllimə oxucunun sözügedən mağazanın fotosunu da çəkib bizə göndərdiyini, girişində BTE-nin satış mağazası olduğu yazıldığını dedik: "Bizim satdığımız mallar keyfiyyətlidir deyə digər mağazalar da BTE-nin adını divarlarına yapışdırırlar. Qiymətin baha olduğunu deyən vətəndaş gərək çek tələb edəydi, yaxud elə oradan birbaşa mənə zəng edəydi. Biz heç kəsə qiyməti artırmaq səlahiyyəti verməmişik. Siz gedin ora, qiymətləri öyrənin, baha desələr, mənə zəng vurun. Ən yaxşısı isə o olardı ki, məktəbli geyimi almaq üçün bizim Rusiya səfirliyinin yaxınlığında yerləşən əsas binamıza gəlsinlər. "Velotrek"dəki mağazada məktəbli geyimlərinin niyə baha satıldığını araşdırmağa çalışacağam".

Etibar Əzimov yeni dərs ili üçün məktəbli geyimlərinin qiymətinin BTE tərəfindən açıqlandığını xatırladaraq, bir daha bizi öz dediklərinə inandırmağa çalışdı...

DİGƏR XƏBƏRLƏR

Top