Valideyn komitəsi nazirliyi təkzib etdi: “Biz sənədləri götürməmişik”

"İSTƏK liseyinin çox sayda şagirdinin başqa məktəblərə yerləşdirilməsi xəbəri yalandır".

Bu sözləri Yeniavaz.com-a açıqlamasında İSTƏK liseyinin valideyn komitəsinin üzvü Asif Eyyublu deyib. A. Eyyublu Təhsil Nazirliyinin bu barədə bəzi KİV-lərə verdiyi açıqlamanın həqiqəti əks etdirmədiyini və nazirliyin ajiotaj yaratdığını bildirdi: "İSTƏK liseyindən ümumi olaraq 160 nəfər şagirdin sənədi götürülüb, onun da 130-u məzundu. Məzun onsuzda sənədini götürməlidir. Ümumi ölkə üzrə liseylərdən 30 nəfər şagirdin sənədi götürülüb, bu da çox normal haldır. 12 liseyə böləndə hər məktəbdən 2-3 şagirdin sənədi götürülüb. Biz rayonlarda olan məktəblərin müdirləri ilə əlaqə saxlayırıq, kütləvi şəkildə valideynlər övladlarının sənədlərini liseydən götürməyiblər. Çünki, məlumat bazasında bütün bunlar öz əksini tapıb. Bu doğru məlumat deyil, ajiotaj yaradılır".

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənmək üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında məzuniyyətdə olduğunu dedi: "İş yerində deyiləm, sorğu göndərməyinizi xahiş edirəm. Zəhmət olmazsa nazirliyin əməkdaşı Jalə Məmmədli (Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı) ilə əlaqə saxlayın".

Məlumat üçün qeyd edək ki, Yeniavaz.com iyul ayının 27-i Təhsil Nazirliyinə sorğu göndərib, dəfələrlə zəng edərək sorğuya cavab verilməməsi ilə maraqlanıb. Amma hələ ki, cavab verilməyib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Jalə Məmmədli isə saytımıza açıqlamasında bildirdi ki, bu barədə Cəsarət Valehovla danışmalıyıq: "Siz Cəsarət müəllimlə niyə danışmadınız? Cəsarət müəllimə deyərəm sizinlə əlaqə saxlayar".

Qeyd edək ki, bəzi KİV-lərdə fəaliyyəti dayandırılan (təsisçisinin 5 iyul 2018-ci il tarixli qərarı ilə) İSTƏK liseyinin şagirdlərinin ölkənin digər ümumi təhsil müəssisələrində yerləşdirilməsi prosesi ilə bağlı nazirliyin açıqlaması yayılıb. Açıqlamada deyilir ki, artıq çox sayda şagirdin valideynləri dövlət və özəl ümumi təhsil müəssisilərinə müraciət etmiş və müvafiq məktəblərdə yerləşdirilməsi həyata keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top