"Mingəçevirdə sürü ilə gəzən itlər uşaqlara hücüm edib" - Şikayət

Mingəçevir sakinləri şəhərdə sahibsiz itlərin günbəgün artmasından şikayətçidir. Yeniavaz.com saytına müraciət edən şəhər şakinləri itlərin bir neçə dəfə onlara hücum etdiyini bildiriblər.

Daha çox zibilliklərin ətrafında dolaşan itlər əlində zibil gətirən sakinlərə hürərək hücum etməyə çalışırlar. Bununla bağlı aidiyyəti qurumlara xəbər verilib. Lakin itləri zərərsizləşdirib bir məkana toplayan bir qurum olmadığına görə problem həll olunmur.

Şəhər sakini Almaz Əhmədova deyib ki, uşaqlar həyətdə oynayan zaman sürü ilə gəzən itlər uşaqlara hücüm edib: “Xoşbəxtlikdən həyətdə adamlar olduğuna görə itlərə müdaxilə edə biliblər. Bu bizi çox narahat edir. Hətta zibil atmağa belə gedəndə bizə də hücum etmək istəyirlər. Səhər tezdən itlərin səsi ətrafa yayılır. Hələ yay fəslidir, havalar soyuyanda daha təhlükəli olacaq. Ona görə də xahiş edirik ki, əgər bu itlərə bir it sığınacaq yeri ayrılmırsa, heç olmasa zərərsizləşdirilsinlər. İtlərə şəhərin mərkəzi küçələrində də, zibil poliqonunun ətrafında da rast gəlinir. Zibilliyə yığılan itlər hər an sakinlərə təhlükə yaradır”.

Sakinlər onu da bildirdilər ki, yeni dərs ilinin başlamasına az qalıb. Bu kimi problemlər vaxtında həllini tapmalıdır ki,valideyn övladını rahat şəkildə məktəbə yola sala bilsin.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top