Bu ay işıq pulu niyə hamıya çox gəlib? - Şübhələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Dünən evə 13 manatlıq işıq pulu gəlib. Hər ay 5 manatı ötmürdü. Etibar Pirverdiyev və Baba Rzayevin diqqətinə çatdırım ki, o evdə sutkanın əksər hissəsini işdə olan iki nəfər, yəni mən və həyat yoldaşım qalır. Bütün sutkanı işləyən soyuducu və gün ərzində 1 saat işləyən televizor bu qədər pul yaza bilməz. Bunu yazmayacaqdım, lakin gördüm ki, dostların da başına bu ay həmin oyun gəlib - bəzilərinə gələn qəbzdə 90 manat yazılıb". Yeniavaz.com xəbər verir ki, bu fikirləri sosial şəbəkədəki səhifəsində jurnalist İlkin Əhmədov bildirib.

"Anlaşılan budur ki, utanmalı olan vəzifəli şəxslər utanmaz-utanmaz Mingəçevirdəki qəzanın xərcini bizə yükləyirlər",-deyə İ. Əhmədov iddia edib.

Ümumiyyətlə, bu məsələ bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə olunur.

Jurnalist Kənan Rövşənoğlu: "Artıq neçənci statusda görürəm və xeyli insan şikayət edir. Birincisi də özüm. Bizə işıq pulu 3 qat çox gəldi keçən ayla müqayisədə. Bunun üçün nə etməliyik? Nə edə bilərik? Deyəsən qəzanın "rasxod"unu həqiqətən bizə yükləyirlər".

Sosial şəbəkə istifadəçisi Vüsal Yaqubov isə: "Qəbələdə olduğum halda Bakıdakı evimə 20 AZN işıq pulu gəlib. Evdə ancaq soyuducu və Wifi işləyir",-deyə bildirib.

Bəs vətəndaşların narahatlığı nə qədər əsaslıdır? Bu ay işıq pulu niyə hamıya çox gəlib?

Yeniavaz.com saytı məsələ ilə bağlı "Azərişıq" ASC-dən mövqe öyrənib.

"Azərişıq"ın Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, hesabat sayğac göstəricisi əsasında aparılır: "Bilirsiniz, bu elə bir məsələdir ki, hər kəsin fərdi qaydada sayğacı var. Hesabat da sayğac göstəricisi əsasında aparılır. Hamıya məlumdur ki, iyul ayı çox isti oldu, buna görə də elektrik enerjisindən istifadəyə görə sərfiyyat artdı. Bizdə də bu il göstərici əvvəlki illərin iyul ayında olan göstəricilərdən çoxdur. Şükürlər olsun, indi hər kəsin evində kondisioner var. Kondisionerin isə sərfiyyatı çoxdur.

O cümlədən də bildiyiniz kimi, elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün bir kilovat-saat üçün 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpikdən hesablanır. Yəni bunlar hamısı faktdır, bunlar hamısı realdır. Hər bir istehlakçı öz sayğacındakı göstəricini öz gözü ilə görür, nəzarət edə bilir. Əgər sərfiyyat artırsa, verilən bildirişdə göstəriciyə əsasən ödəniş də artır. Bunlar hamısı dəqiq hesablama əsasında aparılır. Bizim özümüz də abonentik, özümüz də bunu hiss edirik".

Tanrıverdi Mustafayevin sözlərinə görə, narahatlığa əsas yoxdur: "Kimdə şübhə varsa, müraciət etsin yaşadığı rayon üzrə müvafiq şöbəmizə. Əməkdaşla bir yerdə özü sayğacın göstəricisinə baxsın, əgər hansısa bir qüsur, narahatlıq varsa, aradan qaldırılsın. Baxışdan sonra rahatlıqla özləri də hər şeyə şahid ola bilərlər. Narahatlığa əsas mən görmürəm. Bu çox real riyazi bir rəqəmdir. Sərfiyyat artırsa, ödəmə də artır.

Əvvəllər abonent əgər 300 kilovat-saata qədər enerji işlədirdisə, 7 qəpikdən hesablanırdı və 21 manat edirdi. Sərfiyyat artanda 300 kilovat-saata qədər olan limiti keçir və buna görə də 11 qəpikdən hesablanır. Yəni bunlar hamısı fərq edir. Hamısı göz qabağındadır, sayğac göstəricisi əsasında verilən bildirişdə yazılır. Kim nə işlədirsə, ona uyğun da bildiriş alır. Yenə deyirəm, əgər şübhə varsa, müraciət etsinlər, özləri də iştirak eləsinlər, bir yerdə baxış keçirib nəzarət etsinlər".

T. Mustafayev rayonlarda olanların mənzilinə çox işıq pulu gəlməsi barədə iddialara da münasibət bildirib: "Heç cür belə bir şey ola bilməz. Yenə deyirəm, araşdırılsın, əgər kimsə rayona gedibsə, mənzilində elektrik enerjisindən hər hansı bir işlədici varsa, tutaq ki, soyuducusu işləyir - 24 saat ərzində soyuducunun sərfiyyatı nə qədər olursa, hamısı elmlə izah olunub. Bütün bunlar hamısı fərdi qaydada araşdırılmalıdır. Şübhə varsa, biz bərabər araşdırmağa hazırıq".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top