"İstək" liseyinin pedaqoji kollektivindən Şahin Seyidzadəyə qarşı SƏRT İTTİHAMLAR

Xəbər verdiyimiz kimi bu il, iyulun 5-də “İstək” liseyinin təsisçisi təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib və məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib. Əsas səbəb kimi isə maliyyə problemləri göstərilib. Ancaq həm valideynlər, həm də pedaqoji kollektiv bununla razı deyillər. Onlar təhsil müəssisəsinin bağlanmasını özünü “İstək” liseyinin təsisçisinin nümayəndəsi kimi təqdim edən Şahin Seyidzadənin səriştəsiz fəaliyyətinə bağlayırlar.

Hələ 2018-ci ilin may ayının 1-də, liseyin tam fəaliyyət göstərdiyi bir dövrdə pedaqoji kollektiv adından Şahin Seyidzadənin fəaliyyəti ilə bağlı təhsil naziri Ceyhun Bayramova müraciət ünvanlanıb. Yeniavaz.com xəbər verir ki, məktubda idarəçi Şahin Seyidzadə ilə bağlı, "Kollektivi şəxsi maraqlarına görə, idarə etmək", "Şagird, valideyn münasibətlərinə diqqətsizlik", "Milli-mənəvi dəyərlərə hörmətsizlik", "Azərbaycançılıq ideologiyasına qarşı təbliğat", "Kollektivə hədə qorxu gəlmək", "Səhv kadr siyasəti" başlıqlı ittihamlar yer alıb.

Şikayət məktubunda bildirir ki, Şahin Seyidzadə və liseylərin pilot təhsil üzrə müşaviri Rüfət Əliyev “İstək”də fəaliyyətə başladıqdan sonra problemlər artmağa başlayıb. Məktubda iddia olunur ki, Şahin Seyidzadə və Rüfət Əliyev rəhbərliyə gəldiyi ilk gündən hədəfi kadr dəyişikliyi olub: "Şahin SeyidzadəTəhsil Nazirliyinin adından istifadə edərək özünə maddi və mənəvi yaxın olan bir çox kadrı baş idarəyə yerləşdirib, maliyyə əməliyyatlarını özünə yaxın adamların şirkətlərilə gördürməyə davam edib. 2015-ci ildə liseyin direktorunun həm təhsil ictimaliyyəti, həm də kollektiv nəzərində hörmət və reytinqinin artığını görən və bunu qəbul etmək istəməyən Şahin Seyidzadə qurulan bir planla onun işdən getməyinə səbəb oldu. Hesabı verilə bilməyən maliyyə əməliyyatlarına imza atmayan 2014-cü ildə təyin olunan liseyin maliyyə idarəsinin rəhbəri də ərizə verərək işdən ayrıldı. Liseydə fəaliyyətlərin şəffaf və ədalətli getmədiyini görən liseyin bir çox aparıcı əməkdaşı işdən ayrılaraq, başqa təhsil ocaqlarına üz tutdular. Bu da həm şagird-valideynlər, həm də kollektiv arasında "liseyin çöküşü başladı" fikrinə gətirib çıxarmışdır".

İddiaya görə, Şahin Seyidzadə pedaqoji kollektivə onda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilmiş, kollektiv arasında hansısa "icma" olduğu barədə siyahı olduğunu və bu siyahıya görə filial rəhbərlərini, müəllimləri işdən azad etməli olduğunu deyib: “Əllərindəki "icma" siyahısında (Rüfət Əliyevlə birgə tərtib olunub) qırmızı-sarı-yaşıl rənglərə bölərək çox çirkin əməllərlə məşğuldurlar. Dəfələrlə şahid olduğumuz hallardan biri, əməkdaşları dövlətimizin hüquq mühafizə orqanlarının adından istifadə edərək "sizin ailəniz var, niyə düşünmürsüz, mən olmasan sizi iki gündə həbsə atarlar" ifadələridir. Bu yolla o, indiyədək bir neçə təcrübəli, nüfuzlu rəhbər işçini və müəllimi işdən uzaqlaşdırılmasına nail olmuşdur. Rüfət əliyev və Şahin Seyidzadənin yeni gətirdiyi kadrlar məktəbin yataqxana rəhbərlərini toplayıb içki məclisləri qurur və içməyənləri hədələyərək, "kim içməsə onun nə olduğunu müəyyən edəcəyəm", kimi ifadələr işlədir".

Bundan başqa Ş. Seyidzadənin kollektivi şəxsi maraqlarına görə idarə etdiyi də bildirilir: "Şahin Seyidzadə 2015-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından uzaqlaşdırıldıqdan sonra ona Təhsil Nazirliyində "Sabah" layihəsinin koordinator vəzifəsi verildi. O vaxtdan rəsmi olaraq "İstək" liseyindən ayrılsa da, öz aylıq məvacibini liseyin kassasından alır. Liseyin satınalma işlərinin böyük hissəsini şəxsinə yaxın olan şirkətlərlə üstünlük verir".

Həmçinin məktubda şagird, valideyn münasibətlərinə diqqətsizlikdən də bəhs edilir: "Bizim liseylərinin uğurunun təməl maddələrindən biri müəllim-valideyn-şagird üçbucağıdır. Hal-hazırda Rüfət Əliyevin diqtəsində olan lisey-valideyn əməkdaşlığı sahəsi, bu birliyi pozmağa çalışır. Valideyn və şagirdlərlə ünsiyyətdə boşluqlar olur ki, bu da narazılaıqların artmasına gətirib çıxarır. Son vaxtlarda liseylərimizin birində "debat biabırçılı" yaşandı ki, (göndərilən debat təlimçiləri liseydə içkili olmaları və digər etik cəhətdən yaza bilmədiyimiz hallar) bu təkcə kollektivdə deyil şagird və valideynlər tərəfindən də bilinməsi kollektivimizi pis vəziyyətə saldı".

Məktubda həmçinin Şahin Seyidzadənin kollektivlə görüş və çıxışlarında dəfələrlə azərbaycançılıq ideologiyasını pislədiyi və təhqir etdiyi iddia olunub. Ş. Seyidzadənın çıxışlarındakı bəzi ifadələr də məktubda qeyd olunub: "Filankəs qorxaqdır, çünki, o azərbaycanlıdır", "Azərbaycanlı olmayın", "Mən azərbaycanlı olmamaq üçün oxumuşam", "Mən dövlətəm" və s”.

Qeyd edək ki, yuxarıda qeyd olunan ittihamlarla bağlı Şahin Seyidzadənin mövqeyini öyrənmək istəsək də, səylərimiz boşa çıxdı. Dəfələrlə Ş.Seyidzadənin mobil telefonuna zəng vursaq da zəngimizə cavab verən olmadı.

video

DİGƏR XƏBƏRLƏR

Top