"Nazpərilər gənc alimlərin 10 ilə getdiyi yolu 10 aya gedir" - MÜSAHİBƏ

Xalq artisti Nazpəri Dostəliyevanın sosial şəbəkədəki səhifəsində elmi ad alması ilə bağlı etdiyi paylaşımın yaratdığı qalmaqal dolayısı ilə bir çox qaranlıq məqamlara da işıq salmış oldu. Düzdür, Ali Attestasiya Komissiyası Nazpərinin paylaşımını təkzib etdi, ona elmi ad verilmədiyini açıqladı.

Təhsil üzrə tanınmış ekspert Kamran Əsədov isə Yeniavaz.com saytına müsahibəsində deyib ki, ola bilsin, Komissiya xalq artistina elmi adı verib, lakin məsələ ölkə gündəminə gəldiyi üçün bunu təkzib edir, Nazpəri də onları pis vəziyyətdə qoymaq istəmədiyi üçün susub...

- Kamran müəllim, kimlərsə - Ali Attestasiya Komissiyasına dəxli olmayan adamlar Napəri Dostəliyevanı aldatmış ola bilərmi? Söhbət ondan gedir ki, xalq artisti səhifəsində fəlsəfə doktoru adı alması barədə paylaşım etdi, sonra sildi. Deyilənə görə hətta saytların birinə bu məsələ rezonans doğurmamış açıqlama verib, əziyyətinin hədər getmədiyinə çox sevindiyini bildiribmiş...

- Əvvəla onu deyim ki, Azərbaycan elmində hazırda ciddilik yoxdur. Azərbaycan elmi sözün həqiqi mənasında çöküş dövrünü yaşayır. Ən ciddi qüsur haradan başlayır - Azərbaycanda yaşı 30-dan aşağı olan bir nəfər də elmlər doktoru yoxdur. Bu çox dəhşətli bir göstəricidir. Elmi iş müdafiə edənlərin arasında gənclərin sayı olduqca azdır.

- Elmi iş müdafiə edənlər arasında vəzifəli şəxslərin olması barədə nə deyərdiniz?

- Ümumi müdafiə edənlərin 29 faizini gənclər təşkil edir. Onların da müəyyən hissəsini hansısa dövlət orqanlarında rəhbər vəzifə tutanlar, Milli Məclisdə, İcra Hakimiyyətində, hüquq-mühafizə orqanlarında çalışanlar təşkil edir.

Səhv etmirəmsə, Nazpəri Dostəliyeva yaxın keçmişdə öz oğlu ilə eyni vaxtda Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşdu.

Ondan sonra Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanla magistraturaya girməlidir, daha sonra doktoranturaya daxil olmalıdır, elmi iş götürməlidir.

Azərbaycan Respublikasının Konstitusiyasına görə kiminsə elmi işlə, elmi fəaliyyətlə məşğul olması qadağan edilmir. Amma söhbət ondan gedir ki, həmin adam həqiqətənmi elmi fəaliyyətlə məşğuldur?

- Gənclərə problem yaradılır deyəndə nəyi nəzərdə tutursunuz?

- Araşdırsanız görərsiniz ki, 70-dən çox icra başçısının elmi adı var. Mövzudan xəbərləri yoxdur, pul verib hansısa professora, akademikə yazdırıblar, elmi şuraya pul veriblər, onlar da göz yumublar...

Məsələn, özümdən deyim, mənim doktorluq işim müdafiəyə buraxılması üçün icazədə 1 il 4 ay qaldı, buraxmırdılar. Əslində mən növbədənkənar müdafiə etməli olduğum halda müzakirəyə buraxılmaq üçün 1 il 4 ay gözləmişəm.

- Niyə, nə deyirdilər?

- Deyirlər ki, "get sabah gəl, get 1 ay sonra gəl, mənim işim var". Halbuki məndən dəfələrlə sonra başlayan, işi yazmayan, ciddi olmayan adamlar qısa müddət ərzində müzakirə, müdafiə prosesini belə bitirmişdilər. Bir daha deyirəm, bu gün Azərbaycanda elmi işlərin müdafiəsi ilə bağlı ciddi boşluqlar var. Ali Attestasiya Komissiyasında gənclərə ciddi şəkildə mane olurlar, problem yaradırlar.

- Nazpəri Dostəliyevaya fəlsəfə doktoru adı verildiyini göstərən sənədin fotosunu siz də görmüsünüzmü, nə deyərdiniz?

- Nazpəri Dostəliyevaya verilmiş kağız Ali Attestasiya Komissiyasının verdiyi kağızla eyniyyət təşkil edir. Dost-tanışlar arasında, ətrafımızda, müəllimlərdə, müdafiə edən insanlarda da o arayışı görmüşəm.

Axı Nazpəri xanım əsas olmadan belə bir şeyi niyə paylaşsın? Azərbaycanda ən yüksək adlardan birini - xalq artisti adını alıb, onun belə bir yalana ehtiyacı yox idi.

Biz müəllimik, universitetdə işləyirik, elmi ada ehtiyacımız var ki, maaşımıza da 40-50 manat əlavə olunsun. Amma Nazpəri xanım xalq artistidir, zatən onun buna ehtiyacı yoxdur.

Mən bildiyimə görə Nazpəri Dostəliyeva Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Elmi dərəcən olmadan universitetdə dərs demək qanunvericiliyin tələbinin pozulmasıdır, bu da öz yerində.

- Ali Attestasiya Komissiyasının Nazpəri Dostəliyeva ilə bağlı təkzibi barədə nə deyərdiniz?

- Mən düşünürəm ki, Ali Attestasiya Komissiyası özünün etdiyi hansısa boşluğu gizlətmək, ört-basdır etmək üçün bunu təkzib etdi. Razılaşıb onlarla, müdafiə edib, Nazpəri Dostəliyeva da sevindiyindən, cəmiyyətdə rezonans doğuracağını düşünmədən paylaşıb.

Bəziləri elə düşünür ki, mən məşhuramsa, xalq tərəfindən seçilən sənətkaramsa, mənə göz yumacaqlar, xeyr.

Bu gün sosial şəbəkələr minalanmış ərazidir, yanlış atacağın addımın "partlayıb" sənə zərər verəcəyi dəqiqdir.

İstər "facebook", istər "İnstagram" ehtiyat tələb edir, xüsusilə məşhurlar üçün.

Onu hər hansı bir X adam paylaşsaydı, heç kimə maraqlı olmayacaqdı.

Nazpəri xanım bizim sənətçidir, bütün günü tədbirlərdədir, müsiqi ilə məşğuldur. Elmi işi müdafiə etmək üçün sizin xaricdə ən azı 4-5 məqaləniz çıxmalıdır, elmi konfranslarda olmalısınız və s.

Azərbaycanda necədir? Kimlərsə gedib Ukraynada, Dərbənddə, Dağıstanda magistratura, doktoranturada oxuyurlar və gəlib burada kimlərəsə pul verib müdafiə edirlər. Bu gün Azərbaycanda müdafiə olunan işlərin müəyyən hissəsinin vəziyyəti budur, belə elmi-tədqiqat işlərinin heç bir əhəmiyyəti yoxdur.

Azərbaycan alimi dünyada ciddi qəbul edilmir, çünki bu gün sosializmdən yazan sabah demokratiyadan, kapitalizmdən yazır. Bəzi namizədlik işləri ilə, doktorantura işləri ziddiyyət təşkil edir, insanlar bu gün dediklərini sabah inkar edirlər. Ona görə də Azərbaycan elmi, Azərbaycan alimi ciddi qəbul edilmir.

Mən düşünürəm ki, Ali Attestasiya Komissiyası o kağızı verib, sadəcə olaraq Nazpəri Dostəliyeva öz abırını gözləyib bunu qabartmadı, açıqlama vermədi. Hesab edirəm ki, Nazpəri xanım onları pis vəziyyətdə qoymaq istəmədi.

- Müğənni Nüşabə Ələsgərli mətbuata açıqlamasında sənətşünaslıq üzrə fəlsəfə doktoru olduğunu bildirib...

- O insanlar ki, həqiqətən, elmi işlə məşğuldurlar, onlar bəllidir. Amma kimlərsə toylardan yığdıqları pullardan müdafiə şurasının üzvü olan ekspertlərə verib müsbət rəy alırlarsa, onları hər kəs bilir.

Siz yaradıcı insanlarsınız, nə ehtiyacınız var axı buna? Siz kiminsə haqqına, növbəsinə girirsiniz, müdafiəyə ehtiyacı olan gənclər var, akademiyalarda, institutlarda maaşının 40-50 manat artmasını gözləyən ailəli gənclər var. Onlar nə qədər əziyyət çəkirlər xəbəriniz varmı, ay müğənnilər, ay məmurlar. Siz onların haqqına girdiniz.

İnanın, elə adamlar var ki, 6-7 il növbə gözləyirlər, amma cibində pulu olan adam verir və başqasının 10 ilə getdiyi yolu 10 aya gedir.

Gedib baxın, görün bu gün siyahıda nə qədər müdafiə olunmuş elmi işlər var. Heç birinə də istinad yoxdur, heç biri də ciddi mövzu deyil. Pulu çatıb deyə guya hansısa formada müdafiə olunur, sonra da atırlar arxivə. Heç kim o işi açıb baxmır.

Bizim nə qədər deputatlarımız var ki, elə müdafiə ediblər? Baxırsan biri siyasi elmlər doktorudur, ay qardaş, sən nə vaxt bunu yazdın, nə vaxt müdafiə elədin?

Ən iyrənc vəziyyət tarix sahəsindədir. Təsəvvür edin, elə işlər də müdafiə olunur ki, heç bir əhəmiyyəti yoxdur. Öz sahəmə yaxındır deyə araşdıranda görürəm, filologiya sahəsində də belədir. Bu sahədə çox gülməli vəziyyət var.

- Kamran müəllim, bəs bu problemlərdən çıxış yolunu nədə görürsünüz?

- Azərbaycanda elmi müdafiə şuraları azdır. Türkiyədə olduğu kimi, bizdə də hər bir universitetdə müdafiə şurası yaradılmalıdır. Hər bir universitet kənar müdaxilə olmadan bu işi yerinə yetirməlidir.

İndiki vəziyyətdə bir yerdə cəmləşib. Həmin yer də bilir ki, nomenklatur güc ondadır, hər kəs gəlib oradan keçəcək, belə deyək, istədiyi formada oyun çıxarır.

Hər bir universitetdə gənclərə növbədənkənar müdafiə etmək imkanı yaradılsa, digər sahədə istəyir lap Nazpəri Dostəliyeva yox, Samir Bağırov müdafiə eləsin, mənə nə dəxli var? Amma söhbət ondan gedir ki, haqqı olan adamları buraxmırlar, haqqı olmayan adamları müdafiəyə buraxırlar. Digərlərinə də bu imkan yaradılsa...

Ay ərzində hər ixtisasdan 2 adama müdafiə etmək imkanı verilir. Bu dəhşətli bir şeydir.

Yəni bir institutun, akademiyanın ay ərzində 2 müdafiə imkanı var, il ərzində isə cəmi 24.

Təsəvvür edin, siyahı ilə sizin növbəniz 4-5 ildən sonra gələcək.

Xalqın gözü tərəzidir, istəyir Nazpəri Dostəliyeva akademik, Samir Bağırov professor olsun - bunun Azərbaycan elmi üçün, Azərbaycan təhsili üçün heç bir faydası yoxdur.

Sovetlər dönəmində də belə idi. Amma o vaxt gənclərin başına bu oyunu açmırdılar.

İndi isə yazıq gənclər, gedib baxın, institutlarda, akademiyalarda nə qədər növbə gözləyirlər, çox ciddi problemlərlə qarşılaşırlar.

DİGƏR XƏBƏRLƏR

Top