Hər iki valideyni xalq artisti olan teatrşünas: "Tənqidlərimdən inciyənlər çox olur"

Teatrşünas-tənqidçi Anar Burcəliyevin Yeniavaz.com saytına müsahibəsi.

- Anar bəy, hər iki valideyniniz xalq artisti olub. Aktyor ailəsində böyüməyinizin teatrşünaslıq ixtisasını seçməyinizə bir təsiri olubmu?

- Bilirsiniz ki, mənim mərhum valideynlərim respublikanın xalq artistləri, Məhəmməd Burcəliyev və Sədayə xanım Mustafayeva ömürlərini Azərbaycan Mədəniyyətinin inkişafına, xüsusi olaraq Gəncə mədəni həyatının formalaşmasına həsr ediblər. Mən özümü dərk edəndən Gəncə Dövlət Dram Teatrına getmişəm. Demək olar ki, bu teatrın divarları arasında böyümüşəm. Hətta orta məktəbdə oxuyan illərdə yay tətilini səbirsizliklə gözləyirdim. Çünki Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi yay mövsümündə respublikamızın bölgələrinə qastrol səfərlərində olurdular. Mən də yaradıcı kollektivlə bu qastrol səfərlərində olurdum. Yaxşı yadımdadır ki, 1988-ci ilin sentyabr ayında Gəncə Dövlət Dram Teatrında rejissor, respublikanın əməkdar incəsənət xadimi Oruc Qurbanov böyük Cəfər Cabbarlının "Solğun çiçəklər" pyesi üzərində yaradıcılıq işinə başlamışdı. Tamaşaya baxandan sonra mənə o qədər təsir etmişdi ki, fikirlərimi bir balaca kağız üzərində qeyd etdim. Bu yazını axşam evdə atam Məhəmməd Burcəliyevə oxudum. Çox diqqətlə dinlədi və heç nə demədi. Səhəri məni tezdən yuxudan oyadıb dedi ki, yazını da götür gedirik. Mən hara gedecəyimizi bilmirdim. Biz o zamanlar "Kirovabad kommunisti", indiki "Gəncənin səsi" qəzetinin redaksiyasına gəldik. Qəzetin baş redaktoru, Gəncəmizin sayılıb-seçilən ziyalılarından biri olan mərhum Sabir Hacıyevlə görüşdük. Atam Məhəmməd Burcəliyev yazını ona təqdim etdi. Təxminən 10 gündən sonra, 7 fevral 1989-cu ildə qəzetin 27-ci sayında bu yazının çap olunduğunu gördüm. Əlbəttə, sevincimin həddi-hüdudu yox idi. İlk dəfə idi ki, dövrü mətbuatda yazım dərc olunmuşdu. Sonradan atam Məhəmməd Burcəliyevin təkidi ilə bir çox teatr tamaşaları haqqında məqalələrim dövrü mətbuatda çap edildi. O, həmişə deyirdi: "Çalış ki, obyektiv öz fikirlərini yazasan, çox yaxşı qələmin var. Orta məktəb illərində mən həmçinin burada keçirilən əbəbi-bədii gecələrdə çox yaxından iştirak edirdim və Gəncədə fəaliyyət göstərən "Pionerlər evi"ndə dram dərnəyinin üzvü idim. Vaxt-vədə yetişdi, mən 1991-ci ildə orta məktəbin 11-ci sinfini bitirdim. Bu zaman valdeynlərimin təklifi ilə sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq" fakültəsinin əyani şöbəsinə verdim. O illərdə bu fakültəyə respublika üzrə cəmi 4 nəfərin qəbulu vardı və o illərə xas olan çox böyük bir konkurs mövcud idi. Qəbul olmaq istəyənlər də çoxluq təşkil edirdi və qəbul sənədlərinin içindən seçim də sözsüz ki, çox idi. Mən dörd imtahanı uğurla verib elə həmin ildə də bu fakültəyə qəbul olundum. Taleyimi bu sənətə bağlamaqla ailədə valideynlərimin sənətini davam etdirmək mənə qismət oldu.

- Teatrşünaslıq, bu peşəyə sevgi və obyektivlik tələb edir. Bu günün prizmasından baxdıqda o dönəmdə də yanaşma təxminən eyni idimi?

- Hər zaman belə olub. Ümumiyyətlə, bu ixtisas sənətin elə bir növüdür ki, burada obyektivlik əsas şərtdir. Sənətin məziyyətlərini bilmədən bu sənətə gəlmək olmaz. Teatrşünas reallığı təbliğ və təhlil etməlidir. Məhz o illərdə də sənət müəllimlərimizdən bunu öyrənmişik. Teatrşünasın dünyagörüşü və təhlil prizması dövrü üçün aktual olmalıdır. Əgər reallığı görüb deməyi bacarmayacaqsansa, demək heç oxunmayacaqsan. Hər bir teatrşünas bu amili unutmamalıdır.

- İndiki gənclərə, teatrdan yazanlara münasibətdə də daim obyektivsiniz?

- Sözsüz. Hər zaman obyektivliyi qorumağa çalışıram. Xüsusilə, gənc aktyorların yaradıcılığını təhlil edərkən bir az da tənqidi anlayacaq və başa düşəcək tərzdə yumşaq sintezlə etmək istəyirəm ki, sənətdən yorulmasınlar. İndiki gənclər həm də deyim ki, çox tələbkardır. Əksər yaradıcı gənclər daha dolğun və dürüst tənqidin tərəfdarıdır. O üzdən bu kimi məsələlərdə anlaşılmazlıq olmur.

- İlk tənqidinizi yəqin yaxşı xatırlayarsınız…

- Bəli... İlk tənqidim Nizami Zərrabi Poeziya teatrının bir tamaşasının daxili baxışı zamanı olub. Tamaşanın daxili baxışında hazırlanan əsəri və rejissor işini tənqid etdim. O illərdə hələ Universitetin ikinci kursunda təhsil alırdım. Hətta Bədii şura mənim tənqidi fikirlərimi əsas götürərək tamaşanın ictimaiyyətə təqdim olunmasını dayandırdı. O zamanda da obyektivlik əsas şərt idi və bu prizmadan çıxış etmişdim.

- Bəs indiki aktyorların peşəkar olaraq sizlərin tənqidinə münasibəti necədir?

- Bu gün obyektiv tənqid hər zaman dinlənilir. Qərəzli münasibət olmasa deyilən hər bir həqiqət sənətdə normal qarşılanır. Düzdür, aralarında özündən və sənətindən müştəbeh, yüksək emosiyalı fikirləri olanları da olur. Çox zaman tənqidi qəbul edə bilmirlər. Bu kimi hallarla da rastlaşırıq. Ancaq yenə də sənət öz sözünü deyir. Çünki bu sənət elə bir formada inkişaf edir ki, mütləq şəkildə təsadüfi gələn istedadsızları çox tez saf-çürük edə bilir. O üzdən də zamanla özləri sənətdən kənar olduqlarını anlayır və tənqidlərimizi qəbul edirlər. Hər zaman belə olub və indi də belədir.

- Tənqid etdiyiniz, lakin çap etdirməkdən çəkindiyiniz məqaləniz olubmu?

- Xeyr. Heç zaman belə olmayıb. Dostlarım arasında da tənqidlərimdən küsənlər olub. Onlar da bunun həqiqət olduğunu biliblər və etiraf ediblər. Heç zaman fikirlərimi və düşüncələrimi gizlətməmişəm. Hər zaman açıq düşüncəli və obyektiv olmağa calışmışam. Fikirlərimi və düşüncələrimi deməkdən çəkinmirəm.

- Azərbaycanın müasir teatrı hansı üslubdadır?

- Hər bir teatrın öz üslubu var. Teatrşünasın isə repertuar siyasətinə uyğun olaraq ancaq baxışları olur. Çox zaman bu baxışların üst-üstə düşmədiyi vaxtlar da olur. Bu da onunla bağlıdır ki, çox zaman teatrlarımızda müasir dövrümüzlə ayaqlaşmağı bacaran repertuar siyasəti olmur. Hərdən belə də olur.

- Tez-tez bölgə teatrlarında olursunuz, teatrların bəziləri texniki baxımdan tam təmin olunub. İndiki yaradıcı gənclər barədə nə deyə bilərsiniz?

- Sənətdə cəbhə anlayışı yoxdur. Sənətdə sağlam mübarizə və yaradıcılıq axtarışları var. Sağlam mübarizə, sağlam yaradıcılıq sağlam düşüncə deməkdir.

- Bu gün teatr tamaşalarına maraq varmı, tamaşaçı teatra gəlirmi?

- Hər zaman canlı tamaşaya maraq olub. Bu gün tamaşaçını teatra cəlb etmək üçün onu düşündürən sənət əsərini səhnəyə gətirmək lazımdır. Teatr öz tamaşaçısının dalınca qaçmağı bacarmalıdır. Tamaşaçı duyumu olan hər bir teatrın müasir dövrümüzdə tamaşaçısı olacaq.

- Belə bir deyim var. Şagird müəllimindən, oğul atasından irəli getməsə, inkişaf olmaz. Siz sənətkarlar ailəsində dünyaya göz açmısınız, valideynlərinizdən irəli gedə bilmisizmi?

- Valideynlərim sənət müəllimlərimdir. Sənətlərini, yaradıcılıqlarını təhlil etdikcə bu gün də onlardan öyrənirəm.

- Sizin üçün teatrın əsas fiquru kimdir? Təbii ki, dramaturq-rejissor-aktyor üçbucağını nəzərdə tuturam.

- Hər ücü. Belə olmasa, sənəti yaşatmaq olmaz.

- Dövrün ziyalısı öz ziyalı ampluasındadırmı?

- Sözsüz. Hər zaman ziyalı sözünə, ziyalı düşüncəsinə və məsləhətinə ehtiyac olub. Bu gün də var, yenə də olacaq. Ziyalısı, xalqın düşünən beyni olmasa, yaşamaq olmaz.

- Teatrşünas-tənqidci Anar Burcəliyev hansı məqalə və ya kitab üzərində işləyir?

- Bu gün silsilə yazılarımdan olan "Sənət fədailəri və ya unudulmağa məhkum olanlar" dövrü mətbuatda dərc olunur. Digər sənətkarlar və teatr tamaşaları haqqında da resenziya yazıram. Bunlarla yanaşı, bu ilin sonunda iki kitabım işıq üzü görəcək. Gəncə Dövlət Dram Teatrının istedadlı aktyorlarından biri, Respublikanın əməkdar artisti Ramiz Vəliyevin yaradıcılığına həsr olunan kitablarımdan biri "Teatr, zaman və Məkan" adlanır. Digəri isə "Məqalələrim, ressenziyalarım və oçerklərim"dir ki, bu kitab da artıq hazırdır. Bu kitabın birinci cildi 1989-2018-ci illəri əhatə edir. Daha sonra isə iki kitab üzərində də işləyirəm. Bu, böyük şair Novruz Gəncəli yaradıcılığına həsr olunan "Üfüqdən qalxan al səhər mənəm..." və şairə, dramaturq Fəridə xanım Əlyarbəylinin yaradıcılığına həsr olunacaq kitabdır. İnşallah, ömür vəfa etsə gələn il bu kitablar da işıq üzü görəcək. Sağlıq olsun.

- Gənc aktyorlardan daha nə gözləyirsiniz? Və ya gənclərin sənət yolundakı məqsədlərini aydın sezirsinizmi?

- Təlqin etmək heç də uğur demək deyil. Bənzəmək olar, ancaq öz dəsti-xəttin olmalıdır. Bayağı, təkrarçılıq sənət uğuru demək deyil. Amalları, məqsədləri uğrunda ancaq sağlam sənət arzu edirəm.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top