Nazir: "İlin sonunadək Azərbaycanda 14 aqroparkın açılışı olacaq"

"Sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə investisiya qoyuluşunun 3,6 milyard dollara çatdırılması və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur". Bu fikirləri İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında nazir Şahin Mustafayev bildirib.

Nazirlikdən Yeniavaz.com saytına verilən məlumata görə, artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcək:

""Yaşıl iqtisadiyyat"ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkının hazırda 14 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə, 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, Parkın ərazisi 8,3 hektaradək genişləndirilib. Balaxanı Sənaye Parkında ilkin mərhələdə 400-ə yaxın daimi iş yeri yaradılıb. İkinci mərhələdə daha 9 istehsal sahəsinin tikintisinə başlanacaqdır.

Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələrinin yaradılması işləri aparılır. İlin sonuna istifadəyə veriləcək şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da yaradacaqdır.

Mingəçevir Sənaye Parkında investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində 750 nəfər işlə təmin olunub".

Ölkədə ilk sənaye zonası olan Neftçala Sənaye Məhəlləsində 8 müəssisə artıq fəaliyyətə başlayıb, bu müəssisələr üzrə 45 milyon manatdan çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri yaradılıb. Bu ilin mart ayının sonunda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Neftçala Sənaye Məhəlləsində açılmış "Xəzər" avtomobil zavodunda ildə 10 min avtomobil istehsal olunacaq. Bu avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcəkdir.

Masallı Sənaye Məhəlləsinin tikintisi başa çatdırılıb, Hacıqabul və Sabirabad Sənaye məhəllələri ilin sonunadək istifadəyə veriləcək.

Nazir bildirib ki, xalçaçılığın inkişafı məqsədilə 10 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10 emalatxananın, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin və Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabrikinin tikintisi aparılır. Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcəkdir. Bundan başqa, 2019-cu ildə 10 xalça emalatxanasının tikintisi tamamlanacaq, həmin dövrə emalatxanaların sayı 30-a çatdırılacaqdır.

Kollegiya iclasında yerli istehsalın genişləndirilməsinin, yeni istehsal və emal müəssisələrinin yaradılmasının, mövcud istehsal sahələrinin potensialının artırılmasının dövlət başçısının daim diqqət mərkəzində olduğu vurğulanıb. Kollegiyanın sədri bildirib ki, bu strategiyaya uyğun olaraq, yeni texnologiyalara əsaslanan müəssisələrin, xüsusilə idxalı əvəz edən məhsulların yerli istehsalının təşkili, eləcə də ənənəvi sahələrin inkişafı istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən dəstək tədbirləri davam etdirilir.

Qeyd olunub ki, aqrar sektorun inkişafı məqsədilə 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan artıq olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir: "Aqroparklarda zəruri infrastrukturun yaradılmasına 207 milyon manat dövlət əsaslı vəsait qoyulub, 111 milyon manat güzəştli kredit və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. İlin sonunadək 14 aqropark istifadəyə veriləcəkdir. Fəaliyyət göstərən aqropark və iri fermer təsərrüfatlarında 50 min hektardan artıq ərazidə müasir suvarma sistemlərinin tətbiqi nəticəsində buğda, arpa, dənlik qarğıdalı və digər kənd təsərrüfatı bitkiləri üzrə hər hektardan əldə edilmiş orta məhsuldarlıq ölkə üzrə müvafiq göstəricilərdən 2 dəfəyədək çoxdur.

İndiyədək 261 sahibkarlıq subyektinə 294 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manat investisiyanın yatırılması və 19 mindən çox yeni iş yeri açılması imkanı yaradılıb, bunlardan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir".

DİGƏR XƏBƏRLƏR

Top