Bu il daha az sahədə pambıq əkilib

Bu ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3 milyard 206,1 milyon manat təşkil edib ki, onun da 1 milyard 774,8 milyon manatı heyvandarlıq, 1 milyard 431,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 7,6 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 14,6 faiz, heyvandarlıq məhsulları üzrə isə 2,5 faiz artıb.

Kənd təsərrüfatında yaz tarla işləri başa çatmışdır. Cari il iyun ayının 24-nə kimi 450,8 min hektar sahədə yazlıq bitkilərin əkini aparılıb. Bu dövrdə 42,6 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız) əkilib ki. bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 27 faiz çox olub. Bundan başqa 34,3 min hektar qarğıdalı (ondan 31,5 min hektarı dən üçün), 59,3 min hektar kartof (0,8 faiz çox), 69,2 min hektar tərəvəz(1,1 faiz çox), 20,9 min hektar bostan bitkiləri (10,6 faiz az), 132,5 min hektar pambıq (2,9 faiz az), 8,6 min hektar şəkər çuğunduru (39,4 faiz az), 11,5 min hektar dən üçün günəbaxan, 3,4 min hektar tütün, 61,7 min hektar çoxillik otlar, 1,7 min hektar birillik otlar və 5,1 min hektar sair bitkilər əkilib.

Ölkədə əsas bitkiçilik məhsullarının yığımı davam edir və 2018-ci il iyul ayının 1-nə kimi tarlalardan 304,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 6,9 faiz çox kartof, 593,3 min ton (5,8 faiz çox) tərəvəz, 39,9 min ton (10,0 faiz az) bostan məhsulları, 103,5 min ton (7,3 faiz çox) meyvə və giləmeyvə, 975,1 ton (8,2 dəfə çox) tütün, 360,7 ton (10,5 faiz çox) yaşıl çay yarpağı yığılıb.

İyulun 1-i vəziyyətinə qarğıdalı da daxil olmaqla 1 milyon 806,2 min ton (keçən il 1 milyon 393,6 min ton) payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər yığılıb.

2018-ci il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2907 vahid istixana fəaliyyət göstərib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istixanaların ümumi sayında 4,2 faiz, onların sahəsində isə 6,8 faiz artım olub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 4,3 faiz artaraq 173,1 min ton, xiyarın istehsalı isə 2,7 faiz artaraq 7,8 min ton olub.

DİGƏR XƏBƏRLƏR

Top