Hansı halda işçini iş vaxtından çox işlətmək olar?

Bütün dünyada olduğu kimi ölkəmizdə də bir çox hallarda işçilər əmək müqaviləsində göstərilən müddətdən artıq iş görürlər. Yeniavaz.com xəbər verir ki, "Vageindicator" fondunun hesabalamalarına görə, bütün dünyada işçilərin təxminən 40%-i əmək müqaviləsində razılaşdırıldığından artıq iş görməyə məcbur edilirlər. Ancaq onlardan cəmi 1,3 %-i əlavə əməkhaqqı alır. Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, müəssisə rəhbəri müqavilədə nəzərdə tutulan iş vaxtından artıq işi işçidən yalnız aşağıdakı hallarda tələb edə bilər:

- dövlət təhlükəsizliyi, təbii fəlakətlər, istehsal qəzalarının qarşısının alınması,

- su, qaz, elektrik enerjisi təminatının, qızdırıcı, kanalizasiya və başqa kommunal xidmətlərin yerinə yetirilməsinə mane olan gözlənilməz hadisələrin nəticələrinin aradan qaldırılması,

- iş gününün sonuna qədər yerinə yetirilməli işlər texniki problemlərlə əlaqədar olaraq gecikirsə və bu işlərin gecikməsi təhlükə yaradarsa, məsələn ərzaq və malların korlanması təhlükəsi olarsa,

- işçilərin çoxunun işinin dayanmasına səbəb olacaq qəzaların qarşısının alınması, avadanlıqların bərpası, təmiri zərurəti varsa,

- işçini əvəz edəcək adam yoxdursa və işin dayandırılması mümkün deyilsə.

Eyni zamanda onu da qeyd edək ki, xüsusi gərgin şəraitdə və zərərli ərazilərdə işləyən işçiləri, həmçinin hamilə və ya 3 yaşına qədər körpəsi olan qadınları iş vaxtından artıq işə cəlb etmək olmaz. Digər hallarda isə işçini iş vaxtından artıq əlavə işə cəlb etmək yalnız onun razılığı ilə və əlavə əməkhaqqı ödənilmək şərti ilə mümkündür. Bu zaman hər bir işçinin iş vaxtından sonra gördüyü iş 4 saatı keçməməlidir (dalbadal iki gün ərzində). Xüsusi gərgin və zərərli əmək şəraitində isə əlavə iş saatı ən çoxu 2 saat ola bilər (yenə də dalbadal 2 gün ərzində). İş vaxtından artıq hər bir saatlıq işin haqqı isə əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamalıdır. Onu da qeyd edək ki, iş vaxtından artıq işə görə əlavə əməkhaqqı ödənilsə də işçiyə əlavə məzuniyyət verilmir.

DİGƏR XƏBƏRLƏR

Top