"Əlcəzairdə yüksək vəzifədə çalışan məmurlarımız Azərbaycanda təhsil alıblar" - Səfir

Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Abbes Benmoussatın Yeniavaz.com saytına verdiyi müsahibəni təqdim edirik.

- Cənab səfir, Azərbaycanda səfir kimi nə vaxtdan fəaliyyət göstərirsiniz?

- 2015-ci ilin qış aylarında Azərbaycana səfirlik açmaq üçün gəlmişəm. Çünki bizdən əvvəl burada səfirlik yox idi. 3-4 ay oteldə qaldım, bu aylar ərzində əvvəlcə özümüzə iqamətgah axtardıq. Həm səfirliyin binası, həm də özümüz üçün daimi yer axtarırdıq. Bundan əlavə mənimlə işləyə biləcək əməkdaşlar axtarırdım. Bütün bu işləri görmək üçün mənə 4 ay vaxt lazım oldu. Məsələn, başqa səfirliklərdə yeni səfir təyin olunanda o sadəcə olaraq gəlib köhnə səfirin əvəzinə işləməyə başlayır. Amma bizdə ilk dəfə olduğuna görə müəyyən hazırlıq işləri ilə məşğul olduq. Mən uzun illərdir diplomatam, Xarici İşlər Nazirliyində işləyirəm. Bu mənada mənim üçün elə də çətin olmadı.

- Azərbaycana gəlməzdən əvvəl ölkəmiz haqqında hər hansı bir təsəvvürünüz var idimi?

- Mən diplomat olduğum üçün coğrafiyaya yaxın insanam. Əlbəttə ki, Azərbaycan barədə yetərincə məlumatım var idi. Bundan əlavə onu qeyd etmək istəyirəm ki, Əlcəzairdə dəniz qoşunlarında yüksək vəzifə tutan hərbçilər var və onlar Azərbaycanda ali təhsil alıblar. O cümlədən neft sahəsində də yüksək vəzifədə çalışan məmurlarımız var, onlar da Azərbaycanda təhsil alıblar. Bütün bunlara görə, səfir təyin olunmamışdan əvvəl də Azərbaycan haqqında təsəvvürüm var idi.

- Azərbaycanda Əlcəzair deyəndə ağlımıza neft ölkəsi, müsəlman ölkəsi və Zinəddin Zidan gəlir. Maraqlıdır, Azərbaycan deyəndə sizin və Əlcəzair xalqının ağlına nələr gəlir?

- Əlcəzairdə Azərbaycan deyəndə iki şəxs yada düşür. Birincisi dünya ədəbiyyatı tarixində xüsusi yeri olan Nizami Gəncəvi, ikincisi isə müasir Azərbaycanın təməlini qoyan Heydər Əliyev. Bundan əlavə, Əlcəzairdə də bilirlər ki, Azərbaycan neft ölkəsidir. Ali təhsili olmayan insanlarımız da Azərbaycanın neft ölkəsi olduğunu bilirlər.

- Bu gün Əlcəzairin Fransanın 130 ildən çox davam edən müstəmləkə idarəçiliyindən azad olunmasının ildönümüdür (5 iyul 1962-ci il). İstərdik ki, müstəqilliyinizin 56-cı ili ilə də bağlı danışasınız.

- Əlbəttə ki, bu tarix bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Bizim üçün bu tarixin çox böyük yeri, böyük dəyəri var. Hətta biz bu günü həm də gənclər günü kimi qeyd edirik. Çünki müstəqilliyimiz ölkəmizin sabahıdır, gələcəyidir. Ona görə də, biz bu bayramları eyni vaxtda qeyd edirik.

Əlcəzairin tarixi ilə bağlı tarix kitablarına nəzər salsanız, görərsiniz ki, biz fransızların əsarəti altına düşdükdən müstəqillik qazandığımız vaxta qədər 77 dəfə fransızlara qarşı müharibə etmişik. Demək olar ki, biz heç vaxt təslim olmamışıq. Həmişə müstəqilliyimizi tələb etmişik. Hətta Əlcəzairin bir çox şəhərlərində bu müharibələrlə bağlı muzeylər, tarixi məkanlar var. Hətta mütəxəssislərin bildirdiklərinə görə, bu illər ərzində 6 milyon əlcəzairli şəhid olub.

1830-cu ildən - fransızlar bizi əsarət altına alandan 1917-ci ilə qədər Əlcəzairdə əhalinin çoxu qadınlar və uşaqlardan ibarət idi. Yəni, müstəqilliyimiz uğrunda şəhidlərimizin sayı həddindən artıq çox olub.

1830-cu ildən 20-ci əsrin əvvəllərinə qədər 2 milyon 500 min şəhid vermişik. Məhz bu mərhələdən sonra biz siyasi müharibəyə keçdik. Silahları bir kənara qoyub siyasi yolla öz haqqımızı tələb etməyə başladıq. Siyasi partiyalar quruldu, jurnallar və qəzetlər çap etdirdik, təşkilatlar təsis edildi.

İlk siyasi partiyamız Fransada yaradıldı. Partiyanın adı "Şimali Afrika Ulduzları" idi. Niyə Frandasa? Çünki, Birinci Dünya Müharibəsində 300 minə yaxın əlcəzairli Fransanı qorumaq üçün müharibədə iştirak etmişdi. Haradasa, 150-180 min arası əlcəzairli həmin müharibədə həlak olmuşdu.

Bu partiyanın məqsədi də ondan ibarət idi ki, fransızlar Əlcəzairi tərk etsin. Bu partiya həm də Əlcəzair dövlətinin qurulmasını, müstəqilliyinin tanınmasını tələb edirdi. Amma ilk dəfə Əlcəzairin müstəqilliyini tələb edən Əmir Əbdülqadir oldu. Bu sərkərdəmiz 13 müxtəlif fransız generalını müharibələrdə qətlə yetirdi. O özü üçün bir növ ordu qurmuşdu. Bu ordu onun arxasınca gedirdi. Bu, fransızlar üçün də təəccüblü idi ki, o hərbi təhsil almadan 13 yüksək hərbi təhsil almış generalı necə öldürmüşdü.

Əmir Abdülqadirin atası özü bir universitet idi. Uzaq diyarlardan onun yanına elm öyrənmək üçün gəlirdilər. Əmir Abdülqadir üç övladın ən istedadlısı idi. Bizdə övladlara o dövrdə müharibə mədəniyyətini aşılamağa çalışırdılar. Yəni, yəhərsiz ata necə minmək lazımdır, at qaçarkən ata necə minmək olar, bunu uşaq vaxtından öyrədirdilər. Atası Əmir Abdülqadiri özü ilə Məkkəyə aparmışdı. O vaxt atla səyahət edirdilər. O, Bağdadda da təhsil almışdı. Bundan əlavə Mədinə və başqa şəhərlərdə də təhsil görmüşdü. Onu həm siyasətçi, həm ədib, həm şair, həm də humanist bir insan kimi tanıyırlar.

Bir dəfə bir diplomat həmkarım mənə sual verdi ki, siz Fransaya qarşı öz taleyinizlə niyə barışmırsınız? Bunun səbəbi odur ki, biz heç vaxt kimlərsə qarşısında boyun əyən millət olmamışıq. Fransızlar tərəfindən müstəmləkə olmağımızın səbəbi də odur ki, 1827-ci ildə Navarin dəniz döyüşündə Osmanlıya yardım etmək üçün dəniz qoşunlarımızın hamısını türklərə vermişdik. O dövrdə Osmanlı, Misir və Əlcəzair ingilis, fransız və ruslarla müharibə edirdi. Biz bütün gücümüzü Osmalıya vermişdik, o vaxtlar biz zəif idik. 3 il ərzində ordu qurmağa imkanımız olmamışdı. Misir də Osmanlıya yardım edirdi, amma 3 qoşun göndərmişdi. Biz isə Osmanlıya yaxın olduğumuza, dostlarımızla etimad göstərdiyimizə görə, bütün qoşunlarımızı göndərmişdik.

- Azərbaycanla Əlcəzair arasında hansı oxşarlıqları görürsünüz?

- Azərbaycanla Əlcəzair arasında bir çox oxşarlıqlar var. Onlardan birincisi iqlimimiz çox oxşayır. İkinci oxşar cəhətimiz İslam mədəniyyətidir. Üçüncüsü isə Əlcəzair də Azərbaycan kimi neft ölkəsidir. Bundan əlavə deyə bilərəm ki, Azərbaycan da kənd təsərrüfatında müxtəlif islahatlar aparır, bizdə də qeyri-neft sektorunun inkişafı ilə bağlı işlər görülür. Bir də Azərbaycanda insanlara baxanda düşünürəm ki, onu nə vaxtsa haradasa görmüşəm. Sima olaraq oxşarlıqlarımız var. Hətta bura gələn əlcəzairli qonaqlarımıza da deyirəm ki, buradakı insanları özümüzə oxşatsanız, təəccüblənməyin (gülür).

Bir də Əlcəzairdə bərbərlər adlı millət var. Bəzi mənbələrə görə, onların əsli Əlcəzairə Qafqazdan gəlib.

- Azərbaycanda Bakıdan başqa daha hansı şəhərlərdə və ya rayonlarda olmusunuz?

- Azərbaycanın bir çox şəhərində olmuşam. Gəncədə, Sumqayıtda, Qazaxda, Qubada, Şamaxıda və Cəbrayılda Cocuq Mərcanlı kəndində. Azərbaycanın təbiəti çox gözəldir. İqlimimiz oxşardır, amma bizdə fərqli cəhər odur ki, Əlcəzairin şimalında dağlıq yerlərdə xizək sürülən vaxtda, cənubunda bir damcı da yağış yağmır, quraqlıq olur.

- Azərbaycan da soyqrıma məruz qalıb, Əlcəzair də. Xocalı soyqrımı barədə Əlcəzair xalqı nə qədər məlumatlıdır?

- Azərbaycanla Əlcəzair məsafə baxımdan bir-birindən uzaqdır. Biz hal-hazırda çalışırıq ki, Azərbaycanla Əlcəzair arasında birbaşa aviareys açılsın. Bununla bağlı danışıqlar gedir. Bundan əlavə, bizim dillərimizdə də fərqlər var. Bizim qonşularımız Fransa, İspaniya, İtaliya və ərəb ölkələridir. Dilimiz də uzaq olduğu üçün Əlcəzairdə Xocalı soyqrımı aydın şəkildə bilinmir. Amma əlbəttə ki, hökümət olaraq biz bunu bilirik.

- Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti haqqında Əlcəzair xalqının nə qədər məlumatı var?

- Əlcəzairdə yazıçı Anar Rzayev tanınır. Onun bizdə bir neçə əsəri oxunur. Bundan əlavə bəstəkar Hikmət Hacıyev tanınır. O, Əlcəzair mədəniyyət nazirinin köməkçisi olub. Əlcəzairin Azərbaycanda səfirliyinin açılması və fəaliyyətindəki əsas məqsəd də ondan ibarətdir ki, iki ölkə arasında əlaqələr güclənsin.

- Yəqin ki, Azərbaycan mətbəxi ilə artıq tanışsınız. Bizim mətbəximizdə sizi ən çox cəlb edən nədir?

- Azərbaycan mətbəxini çox xoşlayıram. Əlcəzairli həmkarlarım da bu barədə mənə məlumat vermişdilər. Plovu, tikə kababı, lülə kababı, düşbərəni xoşlayıram. Hətta regionlarda olduğum vaxtlarda da yerli təamların dadına baxdım, çox bəyəndim. İstərdim ki, rayonlarda olan yeməklər Bakıda da olsun.

- Əlcəzair və Azərbaycan arasında xalqların bir-birini daha yaxşı tanıması üçün hansı planlarınız var?

- Bakıda Əlcəzair həftəsi keçirməyi, iki ölkənin universitetləri arasında müəllim və tələbə mübadiləsi aparmağı, mədəniyyətlərarası dialoqlar qurmağı planlaşdırırıq. Əlcəzairlilər Azərbaycanı dahi şairiniz Nizami Gəncəvi və dünya miqyaslı siyasi xadiminiz Heydər Əliyev vasitəsilə tanıyırlar. O cümlədən günümüzdə də milli-mənəvi, mədəniyyət və turizim əlaqələrini möhkəmləndirməkdə maraqlıyıq. Bu planlarımızı həyata keçirmək üçün Bakıda Mədəniyyət və Turizm Nazirliyi ilə danışıqlar aparırıq.

- Cənab səfir, xoş münasibətə və müsahibəyə görə təşəkkür edirəm.

- Çox sağ olun, mən də sizə təşəkkür edirəm.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top