Gün vuran insanı necə xilas etmək olar? - BUNLARI HƏR KƏS BİLMƏLİDİR

Xəbər verdiyimiz kimi, 1 iyul 2018-ci il tarixində Bakıda və Abşeron yarmadasında son 120 ilin rekord temperatur göstəricisi qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, iyulun 3-4-də yenidən kəskin istilər müşahidə ediləcək.

Qeyd edək ki, bir müddət öncə bu il iyul və avqust aylarında anomal istilərin müşahidə olunacağı ilə bağlı məlumat yayılmışdı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyevanın sözlərinə görə, həmin aylarda havanın temperaturu normadan xeyli fərqlənəcək.

Havaların bu qədər isti olmasına baxmayaraq, uşaqlarını açıq havada gəzdirən, məşqə, hazırlığa aparan, yaxud müxtəlif sahələrdə çalışan insanlar az deyil. Günvurma əksər hallarda, başı açıq şəkildə xeyli müddət gün altında qaldıqda baş verir. Belə hallarda gün şüalarının təsiri nəticəsində beyinə qan axını artır və beyinin qan dövranı pozulur.

Bu ərəfələrdə günvurmadan qorunmaq hər kəs üçün aktual məsələlərdən biri olmalıdır. Lakin bəzi hallarda insanlar günvurmadan qoruna bilmir, günvurmanın əlamətlərindən xəbərsiz olur və gün vuran insana ilkin tibbi yardım etməkdə çətinlik çəkirlər. Yeniavaz.com saytı bunları nəzərə alıb günvurmanın əlamətləri və gün vuran insana ilkin tibbi yardımla bağlı vacib məlumatları təqdim edir.

Əvvəlcə onu qeyd edək ki, günvurma üçün gün şərt deyil, hava buraxmayan isti paltarda ağır fiziki işlərdə işləmək və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə keçirmək kifayət edir. Günvurma zamanı orqanizmin hərarəti tezliklə elə bir həddə çatır ki, beyin və digər vacib orqanlar (ürək və böyrəklər) öz fəaliyyət qabiliyyətlərini itirməyə başlayırlar.

Günvurmanın əlamətləri:

1. Baş ağrısı;

2. Başgicəllənmə.

3. Təngnəfəslik, nəbzin tezləşməsi.

4. Ağır hallarda bədən hərarətinin 40 dərəcədə artıq olması.

5. Zəiflik, sifətin qızarması.

Gün vuran insana ilkin yardım zamanı bunlar edilməlidir:

1. Zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzadın.

2. Zərərçəkənə soyuq su verin.

3. Üzünü və sinəsini soyuq su ilə silin, başının, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə parçaya bükülmüş buz parçası, bu mümkün olmadıqda soyuq su ilə kompress qoyun.

4. Zərərçəkənin paltarını soyundurub soyuq suda isladılmış parçaya bükün, başına buz qoyun. Zərərçəkənin bədən hərarəti normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükün.

5. Xəstənin vəziyyəti ağırlaşarsa, "təcili yardım" çağırın. İstivurma davam etdiyi müddətdə vəziyyət getdikcə daha da ağırlaşır, xəsarət alanda sayıqlama, sonra isə özündən getmə, sifət rənginin solması, dərinin quru və isti olması, tərləmənin dayanması, tənəffüs və ürək döyüntüsünün tez və zəif olması halları baş verir. Belə vəziyyətdə xəsarət alana təcili tibbi yardım edilməzsə, bu, ölümlə nəticələnə bilər. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra baş verir.

DİGƏR XƏBƏRLƏR

Top