Kondisionerin uşaqlara mənfi təsiri - Həkim məsləhəti

Son günlər ölkə ərazisinə Şimali Afrikadan daxil olan isti hava kütlələri səbəbindən anomal istilər müşahidə edilir. Bakıda havanın temperaturu normadan 6.6 dərəcə yüksəkdir. İyulun 4-dək ölkə ərazisində isti hava kütlələri hakim olacaq, temperatur 43 dərəcəyə yüksələcək. Sinoptiklər sabah Bakıda 41 dərəcə isti proqnozlaşdırır. Yeniavaz.com Publika.az-a istinadən xəbər verir ki, tanınmış pediatr Vaqif Qarayev bu günlərdə uşaqların olduğu mühitdə kondisionerdən istifadə ilə bağlı bəzi tövsiyələr açıqlayıb.

Qızmar yay günlərində kondisionersiz ötüşmək mümkünsüz olduğunu deyən, V.Qarayev bildirib ki, sərinlik gətirmə baxımından komfort yaratsa da, ziyanlı tərəfləri də var. “Kondisionerin filtrləri müxtəlif xəstəliktörədiciləri özündə saxlayır. Ona görə uşaqlarda adi soyuqdəymədən tutmuş xüsusi gedişatı ilə fərqlənən pnevmoniyaya (sətəlcəm) qədər problemlər yaradır. Bu səbəbdən filtrlər vaxtaşırı təmizlənməlidir. Havanı qurutduğuna görə müxtəlif nəmləndiricilərdən istifadə etmək lazımdır, ya da pəncərələri tez-tez açıb ventilyasiya yaratmaq lazımdı. Bayırda 40 dərəcə istilik varsa, evdə birdən-birə temperaturu 18 dərəcəyə salmaq olmaz. Uşaq orqanizmi kəskin temperatur dəyişikliyinə dözmür. Tədricən evdə 22-24 dərəcə tənzimlənsə yaxşıdı.

Soyuq hava kütlələri birbaşa uşağın çarpayısına və ya bədəninə vurmamalıdır. Xüsusilə südəmər uşaqlarda son dərəcə ehtiyatlı olmaq lazımdır. Uşaqların yataq otağında kondisioner olmasa, yaxşıdır. İctimai yerlərdə, marketlərdə, nəqliyyatda uşaqlar uzun müddət kondisioner altında dayanmamalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top