"Xalqın şairi" müsabiqəsində mərhələni tapşırıqla keçənlər var idi - YENİ İTTİHAMLAR

ARB kanalında yayımlanan "Xalqın şairi" layihəsində baş verənlərlə bağlı söz-söhbət bitmək bilmir. Qeyd edək ki, müsabiqə ötən həftə başa çatıb və gənc şair Şəhriyar Del Gerani qalib elən edilib. Proqram başlayan zaman birinci yerin qalibinə bağ evi veriləcəyi deyilsə də, sonradan mükafatın pulla əvəz edildiyi açıqlanıb. Layihə rəhbəri Mübariz Əsgərov isə mətbuatda yazılan ittihamlarla bağlı hələ açıqlama verməyib.

Müsabiqənin ilk günündən yarımfinalınadək hər kəsin burada qalib olacağını düşündüyü gənc şair Xəlil Adıgözəl yazılanlar və deyilənlərlə bağlı Yeniavaz.com saytının suallarını cavablandırıb. Onu da qeyd edək ki, Xəlil Adıgözəlin müsabiqədə səsləndirdiyi şeirlərin bir çoxu sosial şəbəkədə izləmə və paylaşım rekordu qırmışdı. Lakin sonradan Xəlil Adıgözəl müsabiqədə iştirakçıların bəzilərinə hörmətsizlik və haqsızlıq edildiyini əsas gətirib yarışmanı tərk edib.

- Müsabiqənin qeyri-obyektiv keçirilməsi ilə bağlı gəzən söz-söhbət sənin fikrincə, nə dərəcədə doğrudur?

- Birinci turda baş verənləri bəlkə hardasa anlamaq olar, iştirakçı çox idi, seçim etmək məcburiyyətində idilər və s. Ancaq yarımfinalda da həmin hərəkətləri etdilər. Yarımfinal o mərhələ deyil axı sən burada istədiyini edəsən. Məndə bundan sonra müsabiqənin obyektivliyinə inam daha da itdi. Finala keçdim, amma gözümün qarşısında başqalarına qarşı haqsızlıq etdilər, ona görə etiraz edib çıxmışam.

- Müsabiqədə Elza Seyidcahanın da münsif olacağını əvvəlcədən bilirdiniz?

- Xeyr, əvvəldən elan verdilər ki, tanınmış, xalq tərəfindən sevilən şairlərin münsifliyi ilə "Xalqın şairi" müsabiqəsi təşkil olunacaq. Səlim Babullaoğlunun, Ramiz Rövşənin, Rüstəm Behrudinin və digər bir neçə böyük şairin adını çəkdilər. Məni ən çox cəlb edən bu oldu ki, böyük şairlərin qarşısında müsabiqə keçiriləcək, şeiri bilən adamların qarşısında şeir oxuyacağıq. Amma sonradan gördüm ki, Elza Seyidcahan, Amaliya Pənahova kimi şeirlə əlaqəsi olmayan insanlar münsif kimi müsabiqədə əyləşiblər. Böyük aktrisa olsa da, şeiriyyatla nə əlaqəsi var axı Amaliya xanımın?

- Bəs qalibə ev verilməyəcəyini ilk dəfə nə vaxt dedilər?

- Açığı, mükafat bu müsabiqədə bir o qədər də rol oynamırdı. Həmin müsabiqə başlamamışdan qabaq mən düşünürdüm ki, artıq şeirlərimi böyük kütlənin qarşısına çıxarmağın vaxtıdır, efir də bunun üçün mükəmməl bir vasitədir. Mən bunu dəyərləndirməyə çalışdım. Artıq yarımfinalda idik, finala çıxırdıq, amma evin şəkilini bizə göstərməmişdilər.

İnternetdə olan ev şəkillərindən birini götürüb "fotoşop"da düzəldib televiziyada yayımlayırdılar. Böyük bir villa idi və hamı söhbətin o evdən getmədiyini bilirdi. Formal olaraq bir ev şəkili qoymuşdular. Mən o zaman da hiss elədim ki, burada nə isə yalan vəd var.

- Müsabiqədə tanışlıqla mərhələ keçənlər var idi?

- İkinci turda gördüm elə adamları keçirirlər ki... Məsələn, münasiflərdən biri - Məti Osmanoğlu deyirdi ki, mən filankəsin atası ilə köhnə dostam, onu keçirirdi. Bir başqası çıxıb səhnədə gitara çalırdı, onu keçirirdilər. Qulu Ağsəs kimi istedadlı şair bir iştirakçının oxuduğu şeirə qırmızı verir, digərləri yaşıl. Hətta Mübariz müəllim özü də qayıdıb dedi ki, sizin verdiyiniz qiymətdən mən heç nə başa düşmədim. Yaxşı şeir deyənləri kəsirdilər, zəif deyənləri keçirirdilər.

- Siz deyirsiniz ki, qalibə ev verilməsi məsələsi o qədər də önəm kəsb etmirdi. Bəlkə bu sizin üçün belə ola bilər, amma ev arzusunda olanlar da var idi.

- Mən onlara demişdim ki, heç olmasa evi bizə göstərin, bilək ki, necədir? Amma göstərmirdilər, iştirakçılar isə ədalətsizliyin hayında idilər, heç ev yada düşmürdü.

- Müsabiqəyə etiraz edib oradan uzaqlaşandan sonra sizə televiziyadan zəng edib niyə belə etdiyinizi soruşan oldu?

- Gözləmədiyim halda şəxsi telefon nömrəmə zəng olundu. Məni yarışın yenidən təşkil olunması nəzərdə tutulan yarımfinal turuna dəvət etmək istəyirlər. Zəng edən qardaş verlişin aparıcısı olan Mübariz bəyin də, özünün də yaradıcılığım haqqında müsbət fikirdə olduqlarını dilə gətirdi və məni yarışmada görmək istədiklərini və çap olunacaq almanaxda şeirlərimi çap etdirmək istədiklərini bildirdi. Mən isə öz növbəmdə almanaxın ikinci dərəcəli iş olduğunu, əsas məsələnin yarışmanın bundan sonra necə təşkil olunacağının vacibliyini dedim. Orada ən çox layihəni hazırlayanlara sayğısızlıq edən münsiflərin münsiflər heyətində olmaması və yarışın ədalətli təşkil olunacağı şərti ilə yarışa qayıda biləcəyimi vurğuladım. Növbəti telefon danışığımızda həmin münsiflərin yenə iştirak edəcəklərini dedilər. Qayıtmaq fikrim olmayan yerə qayıtmaq istəməməyimdə nə qədər haqlı olduğumu bir də anladım.

Məni az-çox tanıyan hər kəs bilir ki, ədalətsiz rəylərinə görə etiraz etdiyim (finala çıxdığım halda) münsiflərin qarşısında məni öldürsələr də, şeir deməzdim.

Ölkədə münsif ola biləcək insan qıtlığı var? Nə məcburdur axı? O yarışmada birinci olmağa ən birinci namizədlərdən biri kimi belə nadürüst şəkildə kənarlaşdırıldığım üçün haqqımı halal etmirəm.

- Sizin yarımfinalda münsiflərə etiraz etməyinizlə bağlı kadrlar efirə verilibmi? Hər şey olduğu kimi göstərilib, yoxsa kəsilib?

- Etirazlarımı kəsib efirə verdilər, bəlkə tamaşaçılar səhv başa düşdülər. Münsifin danışığını vermirdilər, mənim danışdıqlarımı verirdilər. Sanki münsif sakit dayanıb, mən onun üstünə qışqırıram. Əslində isə münsif orada qayıdıb mənə deyirdi ki, "yaxşı edirəm", "əcəb edirəm".

- Etiraz etməyib, yarışmaya davam edib... (Sözümüzü yarımçıq kəsir)

- Söz adamları ilə bir məsələyə varmaq bir az çətindir. Şairlər bir az etiraz ruhlu olurlar. Orada başqası olsa, bəlkə susardı. Məsələn, mən finala keçmişdim, gördüm ki, qarşımda başqaları ilə sözün əsl mənasında məzələnirlər, durub etiraz elədim, dedim biz burada sənin üçün nəyik?

Yaşlı bir qadının şeirinə görün nəyi əsas gətirib yüksək bal verir - deyir "onun kitabına ön sözü mən yazmışam, yüksək bal verəcəm". Yanındakı da deyir "onda mən də 10 bal verim", digərləri də onlara baxır. Belə yanaşma olar?

Final turunda qalaraq, şouya çevirərək daha çox oxucu kütləsinə tanına bilərdim. Amma mənim məqsədim o deyildi ki, başqa vasitələrlə oxucu kütləsinə xitab edim, gündəmə gəlim. Əgər bir gün gündəmə gələcəyəmsə, şeirimlə gəlməliyəm.

- Layihənin iştirakçısı şair Rauf Qərib öz bağ evinin guya qalibə hədiyyə verilən ev kimi təqdim edilməsi barədə iddia irəli sürüb. Bu fikirlər səncə, nə dərəcədə doğrudur?

- Rauf onu məzə üçün yazıb. Mən onu tanıyıram, münasibətim yaxşıdır. O real söhbət deyil.

- Müsabiqədə Şəhriyar Del Geraninin qalib elan edilməsi səncə, planlaşdırılmış ola bilər?

- Mənim problemim münsiflərlədir, iştirakçılarla deyil. Şəhriyarla heç bir münasibətim yoxdur, düşünürəm ki, bizim salam-kalamımız ola da bilməz. Çünki biz fərqli düşüncədə olan adamalarıq. Onun haqqında eşitməklə nəyəsə qərar verməmişəm, görmüşəm və eyni cameədə olduğumuz üçün azdan-çoxdan bir-birimizi tanıyırıq. Qalib kimi birinci özümü görürdüm. Mən olmasam, Vasif Zöhraboğlu, Günay Ümid, Arzu Hüseyn qalib ola bilərdi. Mənə görə onlardan sonra Şəhriyar ola bilərdi. Ədəbiyyatdan başımız çıxır, bilirik kim nə yazır, kim nə pozur. Şeirlərini müqayisə edəndə Vasif qalibliyə daha çox layiq idi, nəinki Şəhriyar Del Gerani. Şəhriyarın qalib olmasının təşkil edilmiş olmasına gəlincə, ilkin, ümumi mənzərədən buna oxşayır. Çünki onun yarımfinalda oxuduğu şeir 50 balla dəyərləndirildi, bizim oxuduğumuz daha gözəl şeirlərə 41, 43, 47 bal verildi. Ancaq bu barədə birmənalı şəkildə irəli sürməyim doğru olmazdı.

- Münsiflərə zəng vurub iştirakçıları tapşırırdılarmı?

- Təbii ki, olub. Bunu münsiflərin özündən də soruşa bilərsiniz. Faktlar var ki, filan yerdə tapşırmalar olub. Mənim fikrimcə, veriliş artıq Mübariz müəllimin öz idarəçiliyindən çıxmışdı. Münsiflər elə davranışlar sərgiləyirdilər ki, artıq Mübariz müəllim də onları idarə edə bilmirdi. Əgər bir şeyin təməli mükəmməl deyilsə, sonrası belə alınacaq. Veriliş tam standartlaşdırılmamışdı. Növbəti turun necə olacağını veriliş əsnasında müəyyən edirdilər, format tam hazır deyildi.

Sonda Xəlil Adıgözəlin bu müsabiqəyə həsr etdiyi şeirini təqdim edirik.

"BİR SÖZÜN ƏHVALATI"

Öz yolumun yolçusuydum,

İz atdılar ayağıma.

Düz yolumun yolçusuydum,

Söz atdılar ayağıma.

Baxdım ki, heç günahına...

Batılası söz deyil bu!

Hər adamın ayağına

Atılası söz deyil bu.

Dərindən bir köks ötürüb,

Deyəsi oldum o sözü.

Əyilib yerdən götürüb,

Yiyəsi oldum o sözün.

Yanıb-yanıb külə döndüm,

Tüstümə götürdüm sözü.

Hamının gözü önündə,

Üstümə götürdüm sözü.

Əlindən tutub qaldırdım,

Göz yaşını tumarladım,

Bir az saçların oxşadım,

Bir az başın tumarladım.

Öldüm, ölümdən qayıtdım,

Düz sözümdən ayırmadım.

Doğma sözümtək böyütdüm,

Öz sözümdən ayırmadım.

İllər ötdü, bir şeirin

Gözünə qatdım o sözü.

Saf, tərtəmiz, dürr şeirin

Sözünə qatdım o sözü.

...oxudum "söz atanlara"

Sehrinə daldılar sözün.

Üstündə dura bilməyib,

Altında qaldılar sözün.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top