Əsəd Cahangir: "Allahı tanıyandan sonra dünyaya deyəsi sözüm yoxdur"

Bu layihə hələ təşəbbüs mərhələsində olarkən 33 ziyalı arasında onun da adı var idi. Layihə gerçəkləşdirilən zaman nə ünvanını tapa bildik, nə də əldə etdiyimiz telefon nömrələrinə çaldığımız zənglər müvəffəqiyyətlə nəticələndi. Beləcə, onun yeri boş qaldı, başqa bir ziyalı ilə o boşluğu doldurmaq istəmədik. Nəhayət, uzun müddətdən sonra layihədəki boşluğu elə öz sahibi doldurdu: "Azərbaycan" jurnalı baş redaktorunun müavini, "Qızıl kəlmə" mükafatı laureatı, ədəbi tənqidçi, şair Əsəd Cahangir.

1. Sizə görə həyatda ən asan və ən çətin şey nədir?

- Ürəkdən danışmaq ən asan, boğazdan yuxarı danışmaq ən çətin şeydir.

2. Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?

- Repetitorluq edər, mümkün olmasa, bağ becərərdim.

3. Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

- Ata-anamı gənc yaşda itirməyimə üzülürəm, sevinirəm ki, Allahın nəzəri həmişə üstümdə olub.

4. Valideyn və müəllimlərdən başqa özünüzü kimlərə borclu bilirsiniz?

- Allaha və bir neçə xeyirxah insana.

5. Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı?

- Allah

6. Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?

- Fəlsəfə mənim ftiri stixiyamdır. Tənqidçilik fəlsəfənin yanında darıxdırıcıdır. Amma buna da şükür. Onları yazılarımda sintez edirəm.

7. Üzr istəmək sizə ağır gəlmir ki?

- Əksinə, sevdiyim adamdan üzr istəməkdən zövq alıram. Ağır olsa da, sevmədiyimdən də üzr istəyərəm, əgər onu haqlı saysam.

8. Sabir deyir: "Ağladıqca kişi qeyrətsiz olur", siz necə düşünürsünüz?

- Kişiyə kədər yaraşır, amma göz yaşı yox. O, ürəyində ağlasa, yaxşıdır.

9. "Kaş ki filan ölkədə doğulaydım, filan xalqın nümayəndəsi olaydım" kimi düşüncələriniz olurmu?

- Özümü tanıyandan azərbaycanlı olmağımla fəxr edirəm.

10. Dostlarınızdan, doğmalarınızdan incikliyiniz olurmu? Olursa, birinci kim barışır?

- Birinici özüm barışmağa çalışıram. Amma əvvəlcə daxilən onu bağışlamalıyam.

11. Özünüzü kimin qarşısında günahkar bilirsiniz və kiminsə günahını bağışlamısınızmı?

- Özümü Allahın qarşısında günahkar bilirəm. Hamının günahını bağışlayıram. Bir şərtlə ki, onun daxili peşmançılığını görüm.

12. Sizcə, azadlıq istədiyini eləməkdir, yoxsa istəmədiyini?

- Heç biri. Bu dünyada azadlıq yoxdur. O dünyada Allaha qovuşmaqdır.

13. Sevgi nədir: ümid, qorxu, ya xoşbəxtlik?

- Sevgi Allaha qovuşmaq üçün məşqdir.

14. Ən çox nə zaman utanırsınız?

- Emosional durumdan sonra ağlım başıma gələndə.

15. Ölüm nədir?

- Ölməzliyə qapı.

16. Çoxlu pulunuz olsa, hara xərclərdiniz?

- Tarixi-qəhrəmanlıq janrında film çəkər, kosmik səyahətə gedər, ya da işsizləri təmin etmək üçün zavod-fabrik açardım.

17. "Mən almasam, bir başqası alacaq, mən olmasam, başqası olacaq" düşüncəsi nəyi ifadə edir?

- Öz günahlarına bəraət qazandırmaq üçün uğursuz və ucuz cəhdi ifadə edir.

18. Həyatda ən böyük təsəlliniz?

- Ezotrik bilgilərə sahibəm. Bunu ətrafımdakılarda görmürəm.

19. Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?

- İstedasız, kəmsavad, başından yuxarı tullanan şair-yazıçılar, xüsusən də, bu kateqoriyadan olan cavanlar haqda sualları.

20. Yubiley və ad günlərində özünüzü necə hiss edirsiniz?

- Əvvəl Mona Liza kimi hiss edirdim. İçməyi tərgidəndən üstəlik də Məşədi İbad kimi.

21. Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?

- Günəşin altında heç nə əbədi deyil.

22. Sizə görə, insanda ən yaxşı və ən pis xarakter hansılardır?

- Ədalət ən yaxşı, ədalətsizlik ən pisdir.

23. Nə vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran, ya da aşiq olmusunuzmu?

- Sənətçilərə heyranlığım və sevgim uşaqlıqda, uzaqbaşı gənclikdə qalıb. İndi heyran olduğum insan yoxdur, nə sənətçisi, nə də qeyri-sənətçisi.

24. Övladlarınız sizi atsalar, onlara nə deyərdiniz?

- Əsas odur ki, Allah səni atmasın. Qalan hamı onsuz da ən vacib məqamda səni atacaq.

25. Ən çox sevdiyiniz və sevmədiyiniz sözlər?

- Ədəbsiz sözlərdən başqa bütün sözləri sevirəm.

26. Fürsət olsa, ölümqabağı nə vəsiyyət edəcəksiniz?

- Allahı və ölümü unutmayın.

27. Ən çox nədən qorxursunuz?

- Dar məkanda qalmaqdan, qəbrdə dirilməkdən, cəhənnəm sıxıntısından.

28. Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

- Xoşbəxtlik yoxdur. Onun ancaq anları var, o anları yaşamışam.

29. Sizin kimlərə və nə kimi xeyriniz var?

- İstedadlı şəxslərdə özünə inam hissi yaradıram. .

30. Bu dünya bir insan şəklində qarşınızda dursa, ona nə deyərdiniz?

- Allahı tanıyandan sonra dünyaya deyəsi sözüm yoxdur.

31. Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?

- İmtina etdiyim çoxlu iş təklifləri olub

32. Gənclik hansı yaşda bitir?

- Fiziki baxımdan 45 yaşda, ruhi baxımdan heç vaxt.

33. Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?

- Yeganə təmənnasız dost Allahdır.

Müsahibimizə layihənin suallarını Ürfan Məmmədli təqdim etdi.

DİGƏR XƏBƏRLƏR

Top