İlk "e-mail" və ilk spam nə zaman göndərilib? - MARAQLI TARİX

Hazırda dünya əhalisinin təxminən yarısının internetdən istifadə etdiyi bildirilir. İnternet istifadəçiləri arasında ən geniş yayılan ünsiyyət vastəsindən biri də elektron poçtlar hesab olunur. Yeniavaz.com bu sahədə ixtisaslaşan beynəlxalq araşdırma təşkiatlarının açıqladığı hesabatlara istinadən bildirir ki, hazırda dünyada 4 milyarda yaxın elektron poçt ünvanı mövcuddur və 2017-ci ildə hər gün bu ünvanlardan bir-birinə qarşılıqlı olaraq orta hesabla təxminən 293 milyard "e-mail" dediyimiz elektron məktublar göndərilib.

Dünya İqtisadi Forumunun məlumatına görə, göndərilən elektron məktubların böyük əksəriyyəti spam xarakterli məktublar olur. Spam adlandırılan məktublar əsasən qarşı tərəfin razılığı olmadan göndərilən və əksər hallarda da reklam xarakterli olurlar.

Məlumat üçün qeyd edək ki, spam sözündən 1937-ci ildən sonra geniş şəkildə istifadə olunmağa başlayıb. Qeyd olunan ildə ABŞ-ın "Hornel Foods" şirkəti "Spam" adlı donuz konservləri istehsal etməyə başlayıb və geniş reklam kampaniyası apararaq bu məhsulu amerikalıların sevimli qidasına çevirib.

Daha sonra, 80-ci illərdə reklam xarakterli kütləvi elektron məktublar göndərilməyə başladığı zaman insanlar bunu 37-ci ildə ABŞ-da aparılan donuz konservlərinin, yəni "Spam"ın reklamına bənzədirdilər. Elə bu səbəbdən də hazırda arzuolunmayan elektron məktublar bütün dünyada spam olaraq adlandırılır.

Maraqlıdır ki, ilk spam xarakterli məktub nə zaman göndərilib? İlk spam elektron poçtun ortaya çıxmasında təxminən 7 il sonraya təsadüf edir.

Elektron poçtun ilk dəfə Rels Tomlinson adlı şəxs tərəfindən hazırladığı söylənilir. Bildirilir ki, bu şəxs 1971-ci ilin oktyabr ayında aralarında cəmi bir metr məsafə olan iki kompyuter arasında fayl mübadiləsini həyata keçirib. Bu hadisədən 7 il sonra - 1978-ci ildə bir kompyuter modelinin tanıtımı ilə məşğul olan Qray Tuerk adlı menecer məhsulu insanlara tanıtmaq məqsədilə internet (ARPANET) vasitəsilə istifadəçilərə məlumatlar göndərib. Onun göndərdiyi məlumatlar tarixə ilk spam "e-mail" olaraq düşüb.

Bəs görəsən göndərilən "e-mail"lərin neçə faizi spamdan ibarətdir? Dünya İqtisadi Forumunun hesabatında göstərilir ki, son illər spamların sayı ümumi "e-mail"lərə nisbətdə azalsa da hələ də onların sayı kifayət qədər çoxdur.

Hesabatda göstərilir ki, 2003-cü ildən sonra yeni proqramların tətbiqi sahəsində spam xarakterli məktubların kütləvi göndərilməsinə başlanılıb. Nəticədə 2007-ci ildə göndərilən ümumi "e-mail"lərin 88,5%-ni spamlar təşkil edib. Bu göstərici 2008-ci ildə rekord səviyyəyə - 92,6%-ə yüksəlib. Sonrakı illərdə internet istifadəçilərinin digət ünsiyyət vasitələrindən, xüsusən də sosial şəbəkələrdən daha çox istifadə etməyə başlaması "e-mail"lərə marağı azaltmağa başladı və bu da özünü spamların da sayına təsir etdi. Düzdür 2016-cı ilə spamların sayında bir qədər artım müşahidə olunsa da, ötən il yenidən azalma qeydə alındı. Belə ki, 2015-ci ildə göndərilən ümumi "e-mail"lərin 54,1%-spam olduğu halda, bu göstərici 2016-cı ildə 59,8%-ə yüksəlib. Lakin, 2017-ci ildə son 10 ilin ən aşağı səviyyəsinə - 39.2%-ə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top