"Uzaqdaydım, eşitdim ki, ata olmuşam" - Musa Yaqubdan gözəl bir şeir

Uzaqdaydım...
Eşitdim ki, ata olmuşam,
Fikir alıb öz-özünə apardı məni.
Tufan oldu, külək oldu o əziz axşam,
Subayların cərgəsindən qopardı məni.

Ömrün ata illəri də başladı demək...
Ömrümdən bir ömür qopub düşdü cahana.
Əvvəl-əvvəl şıltaqlıq da eylədi ürək,
Ata olmaq ağır gəldi nədənsə ona.

Demə, könül bu xəbərdən güləsiydi ki...
Necə olsa öz yeri var hər fikrin, hissin.
Ürəyimdə şıltaq hisslər öləsiydi ki,
Orda ata məhəbbəti doğula bilsin.

Bir narahat duyğu gəlib sardı qəlbimi,
Başqa cürə baxdı gözüm gələcək günə.
Ata olmaq, həmişəyaşıl ağaclar kimi
Qayğıdan bir kölgə salmaq övlad üstünə.

Baxdım ata olanlara, necə bəxtəvər,
Baxdım ata ovcundakı totuq əllərə.
Baxdım körpə fidanlara qayğısız, gülər...

Yağış kimi çiləndikcə ruhuma bir səs,
İllər ilə gizli yatan qayğım oyandı.
Külək olub üz-gözümə dəydi bir nəfəs,
Alov olub gecə-gündüz könlümdə yandı.

Musa Yaqub, şair

DİGƏR XƏBƏRLƏR

Top