Bu ilin ilk 5 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 332 mənzil, may ayı ərzində isə 75 mənzil alıblar. Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki, 2017-ci ilin yanvar-may aylarında azərbaycanlılar Türkiyədən builkindən 45 mənzil az - 287 mənzil satın alıblar. Bu ilin may ayında isə azərbaycanlılar Türkiyədən 75 mənzil satın alıblar və bu ötən ilin may ayındakı göstəricidən 12 mənzil çox olub.
Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 5 ayı ərzində Türkiyədən ümumilikdə 9 min 859 mənzil satın alıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 27,3% və ya 2 min 114 mənzil çox olub. May ayında Türkiyədə ev alan əcnəbilər arasında İraq, İran, Səudiyyə Ərəbistanı, Rusiya, Əfqanıstan, Almaniya, Küveyt, İngiltərə, Azərbaycan, və İordaniya vətəndaşları üstünlük təşkil edib. Belə ki, bu ilin may ayında İraq vətəndaşları Türkiyədən 407, İran vətəndaşları 217, Səudiyyə Ərəbistanı vətəndaşları 206, Rusiya vətəndaşları 165, Əfqanıstan vətəndaşları 131, Almaniya vətəndaşları 123, Küveyt vətəndaşları 114, İngiltərə vətəndaşları 112 mənzil alıblar.
May ayında isə xarici ölkə vətəndaşlarının Türkiyədən aldıqları mənzillərin sayı bu cür olub:
ÖLKƏLƏR | MAY, 2017 | MAY, 2018 |
İraq | 277 | 407 |
İran | 68 | 217 |
S.Ərəbistanı | 285 | 206 |
Rusiya | 134 | 165 |
Əfqanıstan | 70 | 131 |
Almaniya | 54 | 123 |
Küveyt | 125 | 114 |
İngiltərə | 65 | 112 |
AZƏRBAYCAN | 63 | 75 |
İordaniya | 32 | 65 |
Ukrayna | 48 | 56 |
Yəmən | 40 | 52 |
Qətər | 21 | 50 |