ABŞ BMT İnsan hüquqları üzrə Şuranı tərk edir - İsrailə görə

ABŞ prezidenti Donald Tramp iqtidara gəlməzdən öncə verdiyi vədləri bir-bir yerinə yetirir.

Lakin onun fəaliyyəti ABŞ-ı ənənəvi dostları ilə düşmənə, müdafiə etdiyi dəyərlərə qarşı çevriməkdədir.
Ağ Ev rəhbərliyi BMT-nin İnsan hüquqları üzrə Şurasından çıxmağa hazırlaşır. Tramp administrasiyası bunu təşkilatın “İsrailə qarşı qərəzli davranması” ilə izah edib. Bununla bağlı bəyanatın dövlət katibi Mayk Pompeo və ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Heyli tərəfindən veriləcəyi gözlənilir. D.Trampın bu qərarı verməsində milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonun da rolu var.

Digər yandan, BMT İnsan hüquqları şurasının iyulun 2-də xüsusi sessiyaya toplanaraq Fələstin-İsrail münaqişəsini ələ alması gözlənilir.

Qeyd edək ki, İnsan Hüquqları Şurası BMT Baş Assambleyasının 15 mart 2006-cı il tarixli, 60/251 saylı qətnaməsi əsasında yaradılıb.

O, 1946-cı ildə qurulan İnsan hüquqları üzrə Komissiyanı əvəz edən köməkçi orqandır. Əvvəlki qurum diktaturanın hökm sürdüyü ölkələrin təmsil olunmasına görə öz avtoritetini tamamilə itirmişdi. Yeni təşkilatın nizamnaməsndə isə üzvlərdən insan hüquqları sahəsində öz ölkələrində müvafiq standartların təsis edilməsi tələb olunur. BMT İnsan hüquqları təşkilatının 47 üzvü var.

Təşkilat yarandığı ilk gündən İsraillə münaqişə halındadır. Təsadüfi deyil ki, qurumun ilk iclası məhz Fələstin-İsrail probleminə həsr olunub. İsrail dəfələrlə təşkilat tərəfindən məsələnin araşdırılması üçün təyin olunan və burada Fələstin əhalisinə qarşı törədilən vəhşiliklərlə bağlı məruzələr hazırlayan Con Dügard, Cozef Qoldstoun kimi ekspertləri və ümumiyyətlə bütün təşkilatı işə qərəzlə yanaşmaqda günahlandırıb və onların hazırladığı sənədləri, habelə qurumun verdiyi qərarları tanımayacağını bəyan edib. (Musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top