İntihar edən Biləsuvarlı qız türk seriallarına çox baxırmış? - VİDEO

Biləsuvarda 16 yaşlı qızın özünü intihardan əvvəl videolentə alması və bu videonun saytlarda, sosial şəbəkələrdə paylaşılması günün əsas xəbərlərindən biridir.

2002-ci il təvəllüdlü Səkinə Məmmədova bu videonu nişanlısına göndərəndən sonra özünü tövlədə asaraq intihar edib.

Sosial şəbəkələrdə yayılan bu videoda qızın psixoloji problemlər yaşadığını, əsəblərinin korlandığını bildirənlər də var.

Hətta intihar edən Səkinə Məmmədovanın türk seriallarına çox baxdığını və serialların təsiri altında intihar etdiyini iddia edənlər də az olmayıb.

"Qızın bütün sözlərində türk seriallarının təsiri açıq sezilir. Düzü, indi bir çox yeniyetmələr özlərini olduğu kimi yox, izlədikləri film qəhrəmanlarının yerində təsəvvür edirlər",-deyə şərhlərdə bildirilib.

Məsələ ilə bağlı sosioloq Cavid İmamoğlu Yeniavaz.com saytının suallarını cavablandırıb: "Hal-hazırda yeniyetmə və gənclər arasında ən böyük məsələ şəxsiyyətin formalaşmaması, özünə dəyər verməmək, özünü qiymətləndirməmək problemidir.

Onları bu vəziyyətə gətirən isə ailələrimizdir. Hazırda Azərbaycan reallığında kövrək gənclik formalaşıb. Bu körəkliyi, həssaslığı artıran isə sevgisizlik, zorakılıq, tərbiyəsizlik mühiti və sairədir.

Əgər bu gün gənc bir qız asanlıqla intihara cəhd edirsə və bunu nümayişkaranə edirsə, hətta mesajlarında belə özünün mənəvi cəhətdən nə qədər dolğunlaşmamış şəxs olduğunu göstərirsə, problemi başqa yerdə axtarmaq lazım deyil. Hazırkı durum göstərir ki, Azərbaycanda ciddi mənəvi böhran yaşanmaqdadır.

Mənəvi böhranın kökündə valideynlər arasında münasibətlər, valideynlərin övladlara qarşı münasibəti, tərbiyə sistemindəki nizamsızlıq, tərbiyəsizlik, təhsil ocaqlarının üzərlərinə düşən vəzifələri yerinə yetirə bilməmələri, ətraf mühitdə baş verən xoşagəlməzliklər durur. Bütün bu problemlər nəticədə Azərbaycan gəncini korlayır, kövrəkləşdirir. Kövrəkləşmə ona gətirib çıxarır ki, yeniyetmə və ya gənc sınır. Kimisi intihar edir, kimisi mənəvi baxımdan sınır, kimisi hansısa bir formada zorakılığa məruz qalır. Kövrək gənclik potensial risk altındadır. Zorakılığa məruz qalma, insan alverinin qurbanı olma, narkotik və digər asılılıq yaradan maddələrə aludəçilik, tufeyli həyat tərzi, təhsilsizlik, karyerasızlıq və s. formasında da özünü göstərə bilir.

Kövrəkləşmənin ən əsas səbəbi sevgisizlikdir. Yəni gənclərimizə, yeniyetmələrə ailədə, ətrafda, məktəbdə müəllimləri tərəfindən, valideynləri tərəfindən sevgi göstərilmir.

Hər yerdə təzyiq var, təhqir var. Hər yerdə nümayişkaranə, amiranə şəkildə ittihamlar var. Adi bir misal deyim, tutaq ki, yeniyetmə idmana gedir, məşqçi elə bil idmanı, kamilliyi yox, zoru təbliğ eləyir.

Bütün bunlar Azərbaycanda son 15-20 ildə ortaya çıxan mənəvi böhrandır. İnsanların çoxu kamilləşə bilmir, təkmilləşməkdə çətinlik çəkir. İnsanlar özlərini dəyərləndirə, qiymət verə bilmirlər. Özünə inam o qədər kövrək olur ki, bir kiçik zərbə onu sındıra bilir. Bütün bunların səbəbi təbii ki, ailədədir, cəmiyyətdədir. Əksər insanlar düşünürlər ki, sanki qarşısındakı robotdur, onunla necə davransaq, qəbul edəcək.

Kövrəkləşmə gənc və yeniyetməni depressiyaya qədər gətirib çıxara bilir. Depressiya son illərin ən təhlükəli xəstəliyidir - ölümlə nəticələnə bilir.

Baxırsan 12 yaşında uşaq da depressiyadan, qəbul olunmamaqdan, ailənin dəstəyini qazana bilməməkdən, sevgisizlikdən əziyyət çəkir və ona dəstək göstərən heç kim yoxdur.

Vicdan, əxlaq, dürüstlük, dözümlülük - bunlar hamısı bu kontekstə daxil olan mövzulardır. Biz ola bilər ki, bir gəncə təhsil verə bilək, amma mənəvi keyfiyyətləri yerində olmayandan sonra təhsil onun köməyinə gələ bilmir. Şəxsiyyəti formalaşmayan gənc düşdüyü mühitə, düşdüyü situasiyaya görə adekvat reaksiya göstərə bilmir.

Bir qız sevgilisi ona xəyanət etdiyinə görə intihar edirsə, bu ondan xəbər verir ki, xəyanətə məruz qalanda necə adekvat reaksiya verəcəyindən xəbərsizdir.

Digər problem - eqoist təfəkkürdədir. Mənəvi keyfiyyətlərin yerində olmadığı cəmiyyətlərdə adətən nəfs hökmdarlıq edir. Nəfsə psixoloji dildə eqo deyilir.

Əgər insan mənəvi cəhətdən stabil deyilsə, onun həyatına büsbütün nəfs hakim olacaq. Bu özünü ya şəxsiyyət formasında, ya qısqanclıq formasında göstərəcək. Nəfsin işi tüğyan eləməkdir. O qızın videosunda da bir tüğyan halı var. Onu bu halda qoruya biləcək şey mənəvi keyfiyyətlərdir, bu olmayandan sonra acınacaqlı hadisə baş verir".

bilesuvar

DİGƏR XƏBƏRLƏR

Top