Göyçayda selin dağıtdığı körpü 3 günə istifadəyə veriləcək

İyunun 2-də Göyçay çayına gələn güclü sel nəticəsində dağılan avtomobil körpüsünün bərpası istiqamətində görülən işlər başa çatmaq üzrədir.

Selin təsiri nəticəsində uzunluğu 76 metr, eni 11,5 metr olan avtomobil körpüsünün 30 metrlik hissəsi dağılıb, nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb, Göyçay çayının şərq hissəsindəki 38 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

İyunun 3-dən başlayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və “Körpübinatikinti” ASC-nin tikinti briqadası və ağır texnikaları körpünün bərpası işlərinə başlayıb.

Sonra körpünün dağılmış yerində dəmir borular basdırılıb, uzunluğu 36 metr, eni 1 metr, hündürlüyü 5-9 metr olan beton istinad divarı qurulub. Hazırda ərazidə torpaqbərkitmə işləri görülür. Torpaq qatı çay yatağından təxminən 15 metr hündürlüyü olan körpüyədək qaldırılıb. Körpünün bərpası işlərinə 30-dan çox ağır texnika və 50-ə yaxın işçi qüvvəsi cəlb olunub. Tikinti işləri gündüz və gecə saatlarında davam etdirilir. İnşaat işlərinin 3 gün ərzində başa çatdırılması və körpünün istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, körpünün dağılması səbəbindən iyunun 2-dən bəri sürücülər Göyçay-Ucar-Göyçay avtomobil yolundan istifadə etməklə rayon mərkəzinə gedib-gəlirlər. (AzərTac)

DİGƏR XƏBƏRLƏR

Top